İrəvan quberniyasının Novobayazid qəzasında yerləşən Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III-V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri olmuşdur. 1387-ci ildən 1500-cü ilə qədər isə Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənlərindən biri olub.
Kəndin yaranma tarixi isə XVI əsrdə (1500-cü ildə) Şeşəlilər tayfasının Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına köçməsi ilə başlayıb. Şeşə Əlinin oğlanları, Emin və Səfər qardaşları, bu ərazinin çox bəyəndikləri üçün burada daimi yaşayış məskəni salmışlar və kəndin himini qoymuşlar.
Kəndin adı ilk gündən 1988-ci ilin dekabrına qədər iki dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər kənd Kəsəmən adı ilə tanınıb, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər isə Bahar adı verilmişdir. Kəsəmən toponimi, Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlı olub və bu, Kəsəmən tayfasının adını əks etdirir.
Kənd, rayon mərkəzi olan Basarkeçərdən 15 km məsafədə yerləşir. 25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə Arpunk adlandırılmışdır.
Kəsəməndə təhsil alan Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov qeyd edib ki, Kəsəmən kəndindəki məktəb 1942-1943-cü illərdə tikilib.
“Bir il sonra məktəb 8 illik təhsil müəssisəsinə çevrildi. 1966-cı ildə isə kənddə yeni və müasir bir məktəb inşa edilərək istifadəyə verildi. Bu layihə üçün kolxoz sədri böyük əziyyətlər çəkməli olmuşdu, çünki rayon mərkəzi ermənilərin idarəsində idi və qərarlar da onlar tərəfindən verilirdi. Kolxoz sədrinin köməkliyi ilə 2 mərtəbəli müasir məktəb tikilmişdi. Məktəb 1966-cı ildə tikilməyə başlasa da, 1970-ci ilə qədər Ermənistan Nazirlər Sovetinin qərarı olmadan orta məktəb statusu verilə bilməmişdi. Bu qərar 4 ildən sonra, 1970-ci ildə verildi. Kəsəmən kəndinin gəncləri 1969-cu ildə yeni tikilən məktəbə köçərək burada ibtidai siniflərdən başlayıb, 10-cu sinfə qədər təhsil alırdılar. Tikinti prosesi məktəbin istifadəyə verilməsindən əvvəl davam etmişdi.
Ermənilərin bu məsələyə müdaxiləsi də oldu. 1966-cı ildə tikilən məktəbə orta məktəb statusu verilməsi qərarı gecikmiş və bu, kəndin gəncləri üçün əziyyətli bir dövrə səbəb oldu. Kəsəmən sakinləri o vaxt qonşu kəndlərdə təhsil almağa məcbur olmuşdular, bəziləri isə ev tutaraq orada qalırdılar. Qonşu kənddəki məktəb daha əvvəl orta məktəb olmuşdu, buna görə də Kəsəməndən oraya gedənlər olmuşdu. 1970-ci ildən sonra isə ətraf kəndlərdən olan sakinlər 8-ci sinifdən sonra Kəsəmən məktəbinə üz tutmağa başlayıblar.
Bu dövrə aid olan digər məlumatlara görə, o zamanlar kənddə məktəbdə erməni dili də tədris edilirdi və Kəsəmən əhalisinin çoxu erməni dilini yaxşı bilirdi. Məktəbdə çalışan müəllimlərin əksəriyyəti texnikum və orta məktəb məzunları idi”.
Direktor bildirib ki, Kəsəmən kəndi çox mənzərəli bir yerdə yerləşirdi.
“Sıldırım qayalar, hündür təpələr və dağlarda çoxlu bulaqlar vardı. Kənddən bir qədər uzaqlaşdıqda Gədəbəy torpağına çatmaq mümkün idi. Yağış yağanda kəndin içindən iki böyük çay axırdı. Çayın yaxınlığında tikilmiş evlərin sahibləri çəpərlərini möhkəmləndirmişdilər, çünki çay sürətlə axır və evləri su basma təhlükəsi yaradırdı. Sonralar kəndə dağdan bulaq suyu çəkilmiş, kəndin müxtəlif yerlərinə su xətləri və kranlar qoyulmuşdu. Bu sayədə bəzi evlərə də su çəkilmişdi.
Fəsillər kənddə müxtəlif çətinliklərlə keçirdi. Qışlar çox sərt olurdu. Sentyabrın sonlarından başlayaraq oktyabrın əvvəllərinə qədər qar yağırdı və mart ayında həmin ərazilər qarla örtülürdü. Yayda isə qızmar günəş çox şiddətli olurdu. Kəndin əhalisi əsasən təsərrüfatla məşğul olurdu. Kənddə gözəl meyvə bağları vardı. Bağlardakı alma və armudun ətri uzaqdan gələnlərə məlum olurdu. Kəsəməndə əsasən tütünçülük, maldarlıq və taxılçılıq inkişaf etmişdi. Həmçinin dağların döşündə geniş ot sahələri də mövcud idi. O dövrdə kolxozun sahələri mövcud idi və şəxsi mülkiyyətçilik çox geniş deyildi. Bəzi imkanlı kəndlilərin isə öz şəxsi sahələri var idi.
Kəsəmən kəndində müxtəlif tayfalar mövcud idi və hər tayfanın öz ağsaqqalları var idi. Ağsaqqalların sözünə hər kəs hörmət edərdi. Novruz ərəfəsində əvvəlcə Xıdır Nəbi bayramı keçirilərdi, sonra isə çərşənbələr təşkil olunardı. Bu mərasimlər çox təntənəli şəkildə keçirilirdi. İnsanlar qəbir üstünə gedib, küsülüləri barışdırardılar. Küsülülərin barışdırılması isə ən vacib mərasimlərdən biri idi.
Kənddə hər il mərsiyə deyən mollalar da var idi. Toy mərasimlərində isə xonça düzəldilir, atlar cıdıra qoyulurdu. Atlar gələndə yarış keçirilir və birinci gələn qalib olurdu. Bəyi oğurlamaq, nəmər almaq kimi adətlər də mövcud idi. Kənddə həmçinin böyük bir klub var idi. Klubun geniş zalında, bir tərəfdə xanımlar, digər tərəfdə kişilər oturardı. Toyu idarə edən şəxs olurdu və toy qara zurna ilə başlayardı”.
Həmsöhbətimiz Kəsəmən məktəbinin ilk direktorundan söz açıb:
“O məktəbin ən birinci direktoru Hacıyev İsgəndər olmuşdur. O, yeni tikilən məktəbin ilk direktoru idi. Kəndin baş tərəfində, xalamın evinin yanında, köhnə məktəbimiz yerləşirdi. Mən 3 il orada oxudum, 4-cü sinifdən sonra isə yeni məktəbə keçdim. İsgəndər Hacıyev müharibə veteranı idi və əlində yarası vardı. Onun 60 yaşı təntənəli şəkildə qeyd edilmişdi. Təhsildə göstərdiyi fəaliyyətə görə, o, Əməkdar müəllim adına layiq görülmüşdü və kənddə yaxşı hörmətə malik idi.
Kənddə universitet təhsilini ilk dəfə Xudiyev İslam və Xudiyev Məşdi qardaşları almış, elə o kənddə də müəllim işləmişlər. Hətta Xudiyev İslam Ulu Öndərin tələbə yoldaşı olmuşdur.
1924-1925-ci illərdən etibarən bizim kənddə məktəb fəaliyyət göstərirdi. İlk direktorları yanlış xatırlamıramsa, Adil Cabbarov və Məhəmmədhüseyn Allahverdiyev olmuşdu. Daha sonra İsgəndər Hacıyev, ondan sonra isə 1972-ci ildə İslam Abbasov direktor təyin olunmuşdur. Onun dövründə, 1974-cü ildə biz məktəbi bitirmişdik. Daha sonra Əziz Xudiyev direktor olmuş, sonra Musa Alıyev də bu vəzifəyə təyin edilmişdir. Lakin, bundan sonra qaçqınlıq başlamışdı.
Yadımdadır ki, o dövrdə məktəbin hazırlıq işləri çox gözəl gedirdi. Düzdür, dərslər başlamamışdı, amma həmin yay məktəb tam hazır vəziyyətə gətirilmişdi. O vaxt Əhliman Əmiraslanovun atası, Tapdıq Əmiraslanov da gəlmişdi. Bir neçə azərbaycanlı və ermənistanın qəzetindən müxbirlər də iştirak etmişdilər. Təntənəli açılış olmuş, yeni tədris ili başlamış və qonaqlar getdikdən sonra dərslər başlamışdı. Hamı sevinirdi, çünki qonşu kənd olan Şişqaya ilə bizim aramızda təxminən 7 kilometr yol var idi. Bu məsafəni uşaqların getmələri çox çətin idi. Balaməzrə kəndi ilə bizim aramızda isə 3 kilometr məsafə var idi. Oradan şagirdlər bizim məktəbə gəlirdilər. Amma 7 kilometrlə getmək başqa, 3 kilometrlə getmək başqa idi.
Bizim sağımızda Göysu, solumuzda isə Qaraiman kəndləri yerləşirdi. Hər iki kəndin şagirdləri 8-ci sinfi bitirdikdən sonra bizim məktəbə gəlirdilər. Göysudan 1 nəfər, Qaraimandan isə 7-8 nəfər 10-cu sinfi mənimlə birlikdə bitirmişdi. Onların adlarını da deyə bilərəm: Göysu kəndindən Ələkbər, Qaraiman kəndindən isə Nizami, Gilas, Sima, Eldəniz və Məhərrəm bizim kəndə gəlmişdilər.
Biz 10-cu sinfi bitirəndə sinfimizdə 33 şagird var idi. Orada başqa kəndlərdən də gələnlər vardı. Məsələn, 6-7 kilometr aralı olan Canəhməd kəndindən Pəri adlı bir qız bizim məktəbdə oxuyurdu, qohumları bizim kənddə yaşayırdı. Sarıyaquba və Zoda getmək mümkün deyildi. Rayonun 36 kəndi vardı, əksəriyyəti azərbaycanlılardan ibarət idi. Bizim kənddə isə nə erməni yaşayırdı, nə də erməni ilə ailə quran var idi.
Məktəbimizdə bütün fənnlər tədris olunurdu. Mən məktəbdə oxuyanda bir dənə də olsun qadın müəllim yox idi. İbtidai sinif müəllimim Musa müəllim idi. Müəllimlərimizin əksəriyyəti 1-2 illik məktəb bitirib, sonra Qazaxda texnikum bitirirdilər. Daha sonra imkanı olanlar təhsilini davam etdirirdilər. Məsələn, İslam Abbasov Gəncədə tarix fakültəsini bitirmişdi.
Məşdi müəllim, riyaziyyat müəllimləri Murğuz müəllim və Nəsib müəllim də var idi. Murğuz müəllim, İslam müəllim, İsmayıl müəllim, Məşdi müəllim və digərləri ali təhsil almışdılar. Məktəbə müəllim olaraq gələn ilk qadın müəllim isə Nadya adlı xanım idi. O, Rusiyadan rus dili dərsini tədris etmək üçün gəlmişdi. Özümüzdən də Nübar adlı müəllim var idi, dil və ədəbiyyat müəllimi idi. Ondan əvvəl Əziz Ələkbərov var idi, onun da yoldaşı Naibə xanım fizika dərsi deyirdi. Özümüzdən ilk qadın müəllim Nübar müəllim olmuşdu. Ondan sonra Sədaqət müəllim gəldi, o, bizim kəndə gəlin gəlmişdi. Həsən müəllim, Adil müəllim və Musa müəllim də vardı, onlar texnikum təhsilli idilər. O vaxt müəllim çatışmazlığı olduğu üçün şagirdlər əlaçı olanda məktəbə müəllim qoyulurdu. Abbasov İsmayıl bizim məktəbdə təhsil alıb, sonra bir neçə kənddə direktor işləmişdi. Sonra da bizdə fizika və riyaziyyat fənnlərini tədris edirdi. Həsən müəllim əmək təlimi, Musa müəllim isə ibtidai sinif müəllimi idi.
1976-cı ildə İslam Abbasov direktorluqdan çıxdı, yerinə Məşdi müəllimin oğlu Xudiyev Əziz gəldi. O həm də riyaziyyat müəllimi idi. Onun yoldaşı Sədaqət müəllimə də məktəbimizdə Azərbaycan dili və ədəbiyyat dərslərini tədris edirdi. Əziz müəllimdən sonra Musa Alıyev direktor kimi işlədi. O da ali təhsilli kimya müəllimi idi. 1981-ci ildən qaçqınlıq dövrünə qədər məktəbin direktoru o oldu. Daha sonra Gəncədə məktəb direktoru işlədi.
Biz oxuduğumuz dövrdə yadımdadır ki, gecə məktəbləri açılmışdı, qadınlara dərs keçib, attestat verirdilər. Bizim sinifimiz kənddə ən fərqlənən siniflərdən biri olmuşdu. Həm savadlı uşaqlar çox idi, həm də əksəriyyətimiz ali məktəblərə qəbul oldu. Əmim qızı Sərhəm Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdu, mən də oranı bitirib universitetə qəbul oldum. Əmim oğlu Eyyub Novosibirskdə oxuyub, hazırda orada yaşayır. Cəlilov Sahib Krosnoyarski Krayda universitetə qəbul olmuş, həkim kimi işləyirdi. Dilruba Kərimova pedaqoji institutu bitirdi, o vaxtda yaxşı şeirlər yazırdı. Mehdiyev Nurəddin və Rövşən də vardı. Nurəddin Özbəkistanda, Rövşən isə Rusiyada oxudu. 33 nəfərdən ən azı 15 nəfəri ali məktəbə qəbul oldu.
Qaçqınlıq elə bir şeydir ki, çox məlumatlar itir. Təsəvvür edin, orta məktəbi 1974-cü ildə bitirmişik, o gündən bu yana çox sinif yoldaşlarımızı görə bilmirik. Onlardan bəziləri rəhmətə gedib, amma elələri də var ki, Bakıdadırlar, amma hələ də görə bilmirik. Mən getdiyim yerlərdə axtarıram, amma tapa bilmirəm”.
Y. Abbasovun sözlərinə görə, sözügedən kənddə savadlı insanlar çox olub:
“Mən özüm məktəb direktoruyam və məzunlarımızın 98%-i tələbə adını qazanıb. Əvvəllər tələbə qəbulunun şərtləri belə idi: ali məktəbə daxil olanlar təhsillərini davam etdirirdi, girməyənlər isə xaricdə pul verib oxuyurdu. İndi isə balları aşağı salıblar, bu da ali təhsilli insanların sayının artmasına kömək edir. Bizim kənddə təhsilə çox böyük maraq vardı. Məktəbdə aşağı qiymət alan şagirdin valideyni onu döyüb öldürürdü ki, niyə aşağı qiymət alıb. Mənim həmişə dodaqlarım uçuqlayırdı, xəstə olsam da, istiliklə dərsə qaçırdım.
Kəndimizdən bütün Azərbaycanda tanınan şəxslər var. Məsələn, Qəşəm Aslanov. O, həm ənənəvi irsi inkişaf etdirirdi, həm də yaxşı məqalələri, felyetonları, əsərləri var idi. Bir neçə rayonda birinci katib işləmişdi. İndi oğlu Xəzər Aslanov Xızı rayonunun icra başçısıdır. Elmlər doktoru Məhəmmədhəsən Qafarov da bizim kəndimizdən idi. Zülfüqar Quliyev, Əziz Ələkbərov da bizim kəndimizin nüfuzlu adamlarındandır. Ələddin Allahverdiyev isə hazırda Moskva Lomonosov Universitetinin müəllimidir. Kəndimizdən bir akademik də var, Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə. O, aldığı titulu nəyinsə xatirinə yox, öz savadına və qabiliyyətinə görə alıb. Onların bibisi Almaz Ülvi də bizim kəndimizdə təhsil alıb. Hamısı ilk dəfə bizim kəndimizdə təhsil alıblar. Bizim məktəbi bitirəndən sonra yarıdan çoxu ali məktəblərə qəbul olmuşdu. Nübar müəllim və Nəsrəddin müəllim ali təhsil alıb, yenidən kəndimizə qayıdıb gəlmişdilər.
İstənilən vaxt istənilən müəllimə müraciət edəndə kömək edirdi. Elə bir müəllim yox idi ki, desin “məni niyə narahat edirsən?”. Təmənnasız şəkildə hər kəsə kömək edirdilər. Dərsdən sonra məşğələlər olurdu, fənn müəllimi səni hazırlayırdı, bilmədiyin şeyləri öyrədirdi. Beynimizdə bir fikir vardı ki, biz oxumalıyıq. Bunun birinci səbəbi ziyalılarımızın olması, ikinci çətin şərait idi. Neçə ay qarın içində qalırdıq, deyirdik: “Oxuyaq, qaçaq instituta girək, oradan da başqa yerə gedək”. Müqayisə edirdik ki, kitab oxumaq yaxşıdır, yoxsa yağışın altında qoyun otarmaq?!
Bizim kənddə oxuyan adama hamı kömək edirdi. Bizdən əvvəl kəndimizin uşaqları qonşu məktəbdə oxuyurdular. Onlar həvəslə bir neçə kilometri gedib oxuyub gəlirdilər. Məndən böyük qohumlarım da elə təhsil almışdılar. Amma biz kəndimizdə 10 illik məktəbi gördük və bitirdik. 1964-cü ildə birinci sinfə getmişəm, 1966-cı ildə yeni məktəb tikildi. Biz o məktəbə 1968-ci ildə köçdük. O vaxt 8 illik məktəb idi. 1970-ci ildə biz 8-ci sinfə çatana qədər artıq orta məktəb oldu. 1974-cü ildə də məktəbi bitirdik.
O yerdən tikilmiş alçaq, uzunsov bir məktəb idi. 6-7 otaqlı məktəb kimi tikilmişdi ki, uşaqlar savadsız qalmasın. O məktəb 7 illik məktəb idi. Orada siniflərdə uşaqlar daha az olurdu. Bizdən əvvəlki siniflərdə eləsi var idi ki, 7-8 uşaq olurdu. Bizim sinifdə 13-14 nəfər idik. Sonra tədricən artdı. Kənd böyüyürdü, 8-ci sinifdə sinfimdə 21-22 uşaq var idi. Sonra kənar məktəblərdən də gəldilər, say artdı. İbtidai sinif müəllimimiz Musa müəllim idi. Rəhmətlik Qeyrət var idi, Qəşəm Aslanovun oğlu. Onunla bir sinifdə oxuyurduq, bir partada da otururduq.
Son zəngimiz yadımdadır. Qaraimandan gələn Nizami adında uşağın ayağı qırılmışdı. Yadımdadır ki, kəndlərinə gedib dedim: “Nə olur olsun, son zəngə gəlməlisən”. “Son zəng”də məktəbin qabağına yığışırdıq, direktorumuz çıxış edirdi. Bəzən rayondan qonaqlarımız da olurdu. Sonra da dağlara gəzməyə gedirdik. Özümüzlə yemək götürüb, günü gəzərək təntənəli qeyd edirdik. O vaxt ən çox modda olan cemlər idi, meyvə şirələri o vaxt yox idi. İmkanı olan evdən yemək gətirirdi, bulaq başına çıxırdıq. Yeyib, gəzib gəlirdik. Bizdə hər sinfin özünün saz çalanı olurdu. Bizdə də mən yaxşı çalırdım. Orada da 1-2 mahnı dinlədib oynayıb gəlirdik. Həmin o Nizamini mən çiynimdə dağlara qaldırmışdım. Son zəng idi, hamımız oxumaq üçün Azərbaycana gəlirdik. Bizim kənddən Ermənistanda oxuyan olmayıb. Ən çox Gəncəyə ya Bakıya gəlirdik.
Bizim məktəbdə hər gün kim 2 alırdısa, hamıya deyirdilər. Məktəbin həyəti, hətta bütün kənd bunu bilirdi. Hər sinifdən bir nəfər olurdu, 10 sinifdən də 100-200 uşaq olardı. Axır vaxtlar say getdikcə artmışdı.
Bəzi dərslərimiz açıq şəkildə keçirilirdi. Direktor və müavinləri gəlib dərslərə qatılırdılar. Dərsin sonunda hər kəs başa düşmədiklərini soruşurdu. Elə uşaqlar var idi ki, çox diqqətlə dinləyirdilər. Bəziləri isə məktəb başlayandan qurtarana kimi səsi çıxmırdı. O vaxt da belə bir qayda var idi ki, kim gəlibsə, attestat alırdı. Heç kimi sinifdə saxlamırdılar.
İş çox olurdu. Asudə vaxtımızda da deyirdilər ki, hansısa işə kömək elə ya dərs oxu. Qalan vaxtımızda da ancaq yatmağa vaxtımız olurdu.
Olurdu, Musa müəllim özü bizimlə bərabər nəğmə də oxuyurdu. Yuxarı siniflərdə idman və hərbi hazırlıq dərsləri yüksək səviyyədə keçirilirdi. İdman dərslərində siniflər arasında futbol ya da voleybol yarışı təşkil olunurdu. Elə dərslərə uyğun salırdılar ki, dərs rejimimiz pozulmasın. Məktəbimizin önündə futbol və voleybol meydançası var idi.
Siniflər arasında rəqabət də vardı. Murğuz müəllim komanda yığırdı, mən də komanda yığırdım, yarış keçirirdik. Bu yarışlar çox vaxt dərsdən sonra olurdu. Günorta hamı bilirdi ki, yarışımız var, işlərini bitirib gəlirdilər meydançaya. Yaxud da axşamüstü futbol yarışlarımız olurdu. Bizim dağın döşündə bir meydançamız da yaranmışdı. Qumlaq deyilən meydançanın üç tərəfi dağlıq idi, bir tərəfi isə açıq idi. Top düşəndə 200-300 metr dərəyə gedirdi. Orada balaca uşaqları qoyurduq ki, top aşağı düşməsin. Ya da əlavə top aparırdıq. Həftəsonu, xüsusilə bazar günü oynamağa gedirdik. Allah tərəfindən yaradılmış meydançaydı. Azərbaycanda tələbələr həvəslə gözləyirdilər ki, yay gəlsin, qumlağa gəlib oynasınlar.
Y.Abbasov vurğulayıb ki, təhsil aldığı Kəsəmən məktəbi dağılmayıb, oradakı yaşayış evlərinin də əksəriyyəti yerindədir:
“Ermənilər orada əvvəlcə bir müddət məskunlaşıblar, amma sonra mühitə öyrəşə bilməyiblər. Orada 6-7 ay qarın içində qalırsan. Səhər duranda kürəklərimizlə yolumuzu açıb dərsə gedirdik. Ondan sonra çay vardı, o da bütün buz olurdu. Biz xizək düzəldirdik, mən də iki tərəfdən əyləc sistemi düzəltmişdim. Hər evdə ayağa keçirilən xizəklərimiz də vardı. Məktəbin özündə də o xizəklərdən var idi. Bir də görürdün, bir kilometr onunla gedib qayıdırdıq”, - deyə o qeyd edib.
Kəsəmən kənd məktəbinin direktoru Əziz Xudiyev
Əziz Xudiyev Kəsəmən kəndində 1947-ci ildə anadan olub. 1972-ci il də Kiçik Məzrə kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyət göstərmiş, 1978-1981-ci illərdə Kəsəmən kənd orta məktəbin direktoru vəzifəsində calışmışdır.
Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.
1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.
1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. "Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb. 1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.
Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirib. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülüb. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq edib. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
1977-ci ildə Moskva şəhərində Skryabin adına Baytarlıq Akademiyasında “İribuynuzlu qaramal və camışların həzm traktında mədə önlüklərində lipidlərin metobolizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru adını almışdır.
Onun elmi nəticələrini laboratoriyada tətbiq etmək üçün Prof. Qafarov Moskvadakı K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, Ümumittifaq Elmi Tədqiqat Fiziologiya və Heyvandarlıq İnstitutlarına dəvət olunmuşdur. O, dəfələrlə keçmiş SSRİ-nin Alma-Ata, Bişkək, Borovsk, Daşkənd, Moskva, Lvov, Kiyev, Kişinyov, Riqa, Sankt-Peterburq, Sofiya, Vilnüs şəhərində elmi ezamiyyətlərdə olmuş, simpozium, qurultay və konfranslarda iştirak etmişdir. Elmi məqalələri dəfələrlə “Kənd Təsərrüfatı”, “Elm və həyat”, “Kənd həyatı” və “Heyvandarlıq” jurnallarında çap olunmuşdur.
Prof. Qafarov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Əvvəlcə iki il Azərbaycan Tibb İnstitutunda fiziologiyadan mühazirələr oxumuş, daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Fiziologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Prof. Qafarov 1992-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun professoru seçilmişdir. Bu müddətdə idman fiziologiyası sahəsində “Maddələr mübadiləsi və əzələ işinin təsiri”, “Gənc idmançıların əzələ işinin bərpasında üzüm, nar şirəsinin tətbiqi”, “Daxili sekresiya vəzilərinin fiziologiyası” və s. kimi dərs vəsaitlərinin və metodiki tövsiyələrin müəllifi olmuşdur. Prof. Qafarovun rəhbərliyi altında 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin 5 diplom işi işlənmiş və müdafiə olunmuşdur.
Prof. Qafarov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Elmi Şurasının və A.İ.Qarayev adına Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvü olmuşdur. 1983-cü ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edib.
Prof. Qafarov 150-dən artıq elmi məqalənin, monoqrafiyanın, bir neçə kitab və bir ixtiranın müəllifi olmuşdur. O, “Qələbə Əmək Veteranı” medallarına, Beynəlxalq “Bilik” Cəmiyyətinin fəxri diplom və mükafatlarına layiq görülmüşdür. Prof. Qafarov uzun sürən xəstəlikdən sonra 3 iyun 1998-ci ildə dünyasını dəyişib.
Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur.
1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış, Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur.
Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 1994-1995-ci illərdə Rusiya-ABŞ müştərək "Qreen Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.
1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997-1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir.
Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur. Hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir.
Ə.Allahverdiyev Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur.
Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984).
1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir.
Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən).
1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir.
2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb.
1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" yaratmışdır.
Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Ülvi duyğularım", "Bir ölümün acığına","Ömrüm sənin eşqindi","Sənin oxşarın bənövşədi", "Ömür yolu" kitabların, eləcə də bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir. Bir çox gənc şairlərin ilk kitablarına ön söz yazıb.
Almaz Ülvinin Daşkənddə, İstanbulda, Ankarada, Bişkekdə, Tbilisidə, Şimalı Kiprdə və s. ölkələrdə dəfələrlə elmi simpozyum və elmi konfranslarda məruzələri dinlənilmişdir. İndiyədək 100-dən artıq beynəlxalq elmi konfransların iştirakçısı və məruzçisi olmuşdur.
2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılan "Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği" təşkilatina 2015-ci ilin yanvar ayında üzv seçilmişdir.
Atilla adlı jurnalın təsisçisi və baş redaktorudur.
Türkiyədə, Özbəkistanda və s. ölkələrdə nəşr olunana bir çox Beynəlxalq elmi Jurnalların Redaksiya heyətinin üzvüdür.
Tünzalə Abbasova