Azedu.az

Şagirdlərin telefon bəlası: Qadağa nəticə verəcəkmi?

Məktəblər

Tələbə və şagird

8 Aprel 2025, 09:08
Şagirdlərin telefon bəlası: Qadağa nəticə verəcəkmi?

Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır. Şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub. Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq, tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

 

Bu gün ölkənin ümumtəhsil məktəblərində istər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan şagirdlərin çoxunun əlində telefon görmək mümkündür. Halbuki, hazırda da məktəblilərin təhsil müəsisəsinə telefon gətirməsinə icazə yoxdur. Yalnız bəzi məktəblərdə şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

 

Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Ancaq şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb olur, tədrisin keyfiyyətinə mənfi təsir edir.  Dərs prosesi zamanı uşağın bütün diqqəti dərsdə və müəllimdə olmalıdır. O, bu müddət ərzində müəllimin  izah etdiyi mövzuya diqqətlə qulaq asmalıdır. Ancaq əlində telefon olan şagirdin diqqəti müəllimdə yox, telefonda olur.  Dərsi dinləmək əvəzinə telefonda oyun oynayır, internetə girir, sosial şəbəkələrdən istifadə edir, müxtəlif fotolar və videolar, məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Şagirdin telefonuna zəng və ismarıcın  gəlməsi isə müəllimin, uşaqların fikrinin yayınmasına və dərs prosesinin pozulması  səbəb olur.

157854

Sosial media, oyunlar və mesajlaşma tətbiqləri şagirdləri dərsdən uzaqlaşdırır və tədris prosesinə cəlb olunmalarını çətinləşdirir. Bu da akademik performansı aşağı salır. Şagirdlərin daha çox sosial əlaqələrə və əyləncəyə fokuslanmalarına səbəb olur. Şagirdlərin telefona həddən artıq bağlılığı onlarda asılılıq yaradır və nəticədə sosial fəaliyyətlərdən və tədris prosesindən uzaqlaşırlar. Telefonlar şagirdlərin sosial əlaqələr qurma bacarıqlarını zəiflədir, onları real həyatdan uzaqlaşdırır və həmyaşıdları ilə ünsiyyətdən yayındırır.

 

Şagirdlərin diqqətinin dərsə cəmlənməsini təmin etmək və təhsil mühitindəki diqqəti yayındıran amilləri azaltmaq məqsədini bəzi dünya ölkələrinin məktəblərində şagirdlərin mobil telefondan istifadəsi qadağan olunub. Bu qadağa xüsusi hallar istisna olmaqla tətbiq edilir. Həmçinin şagirdin telefonla zəruri kontaktı lazım gəldiyində mütləq şəkildə ona bu şərait yaradılır. ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Avstraliya, İsveç, İtaliya, İspaniya, Cənubi Koreya və s. kimi ölkələrdə məktəblilərə dərs prosesi zamanı telefon qadağası vacib tədris qaydalarından birinə çevrilib. Xüsusən də Avropa ölkələrində bu qadağanı tədris prosesi zamanı diqqətin yayınması, şagirdlərin izafi informasiya axınına məruz qalması, biliklərin qiymətləndirilməsi zamanı yardımçı vəsait kimi istifadə edilməsi, o cümlədən təhlükəsizlik kimi faktorlarla əsaslandırırlar. Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində şagirdlərin telefondan istifadəsi qadağan edilib. Finlandiyada və İtaliya məktəblərində mobil telefondan istifadəyə qadağa qoyulub.  2018-ci ildən etibarən Fransa, dövlət məktəblərində şagirdlərin mobil telefonlardan istifadəsini tamamilə qadağan edib. Bu qərar, məktəblərdə texnoloji cihazların dərsə müdaxilə etməməsini və şagirdlərin sosial əlaqələrini artırmasını hədəfləyir. Şagirdlər telefonlarını məktəbdə yalnız fasilələrdə və xüsusi hallarda istifadə edə bilərlər.

 

Böyük Britaniyada xüsusilə Londondakı məktəblərdə, telefonları dərs zamanı qadağan ediblər. Telefonların yalnız təcili hallarda və məktəb rəhbərliyinin icazəsi ilə istifadə edilməsinə icazə verilir. Bu qayda, şagirdlərin dərslərə daha çox diqqət etmələrini təmin etməyə xidmət edir.

 

Çində bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağan edilib. Bu siyasət, şagirdlərin texnoloji asılılıqlarını azaltmaq və daha məhsuldar təhsil mühiti yaratmaq məqsədi daşıyır. Bəzi məktəblərdə telefonlar tamamilə qadağan edilib, bəzilərində isə yalnız dərs saatlarında qadağa tətbiq olunur.

 

Hindistanın bəzi ştatlarında məktəblərdə telefon istifadəsi qadağandır. Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilə bilər və telefonlar yalnız xüsusi icazə ilə istifadə oluna bilər.

 

Türkiyədə qanuna əsasən, mobil telefonlar, kameralar, planşetlər, kompüterlər, smart saatlar və bu kimi cihazlar məlumat vasitəsi kimi müəyyən edilir və dərs zamanı istifadəsinə icazə verilmir. Rusiya məktəblərində də mobil telefonlardan istifadə qadağan olunub.

157855

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir. Bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir. Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli vərdişlərə şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir.

 

Psixoloq deyir ki, smartfonlardan istifadə sinifdə uşaqlar arasında kiber bullingin yaranmasının ən böyük səbəblərindən biridir: "Məhz bu səbəbdən dərs müddətində uşaqların mobil telefonlardan istifadəsinə icazə verilməməlidir və hər bir valideyn bu fikrə hörmətlə yanaşmalıdır. Digər tərəfdən əgər söhbət uşağın valideynləri ilə əlaqə yaratmağından gedirsə, valideynin dərs müddəti bitdikdən sonra, tənəffüs zamanı zəng edərək övladı ilə əlaqə saxlaması daha doğru olacaq. Burada tövsiyə olunur ki, valideyn telefonların smart tipli, çoxfunksiyalı olmamasına diqqət yetirsin. Bu kimi problemləri aradan qaldırmaq üçün hər məktəbin öz növbəsində qoyduğu qaydalara həm müəllimlər, həm valideynlər həm də şagirdlər tərəfindən birmənalı şəkildə əməl olunmalıdır. Digər bir problem isə valideyn uşağa telefon vermədiyi üçün onun digər sinif yoldaşları tərəfindən alçaldılması və qınanmasıdır. Dolayısı ilə baş verən bulling şagirdin psixologiyasına tamamilə mənfi təsir edərək onun sinifdən təcrid olunmasına gətirib çıxarır. Bu isə artıq məktəbin deyil, şagirdlərin problemidir. Belə olan zaman valideynlər birbaşa özü bu problemlə maraqlanmalı, məsuliyyəti digər valideynlərlə bölüşməli, məsələni şagirdlər arasında həll etməlidirlər. Nəticə etibarilə, mobil telefonlardan istifadə məktəblərdə uyğunsuz hallara səbəb yaradan ən böyük faktordur. Burada söhbət mobil telefonun şagirdlər tərəfindən dərs zamanı istifadə olunmasının tədris prosesinə mane olmasından və şagirdlərdə deviant davranışlara rəvac verməsindən gedir”.

 

Təhsil eksperti Nadir İsrafilov deyir ki, mobil telefonlardan istifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstərir. Nəticədə dərs prosesi pozulur, şagirdlərin diqqəti yayınır:  “Bəzi dünya ölkələrində şagirdlərin məktəbdə mobil telefondan istifadəsyə qadağa qoyulub. Azərbaycanda da məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib.  Amma bu, valideynlər tərəfindən böyük narazılıqla qarşılanır. Onlar bildirdilər ki, telefon olmayanda uşaqla əlaqə saxlamaq mümkün olmur. Əvvəllər mobil telefon yox idi, valideyn uşaqla əlaqə qura bilmirdi? Əgər mobil telefon valideynə uşağı ilə əlaqə qurması üçün lazımdırsa, onda şagirdə baha qiymətə çoxfunksiyalı mobil telefon almağa ehtiyac yoxdur. Valideyn övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqətini yayındıran cihazlar alıb verməməlidir. Şagirdlər təhsil müəsisəsinə bilik əldə etmək üçün gəlir. Valideynlər də buna mane olan addımlar atmamalıdır".

 

Ekspert bildirib ki, bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyanın bir çox qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki bu məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur.  Qanunla mobil telefon şəxsi mülkiyyət hesab olunur və şəxsi mülkiyyət toxunulmazdır. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin çoxu bu əlaqə vasitəsindən daha çox internetə daxil olmaq, video çəkmək üçün istifadə edir. Şagirdlər sinifdə baş verənləri telefonla videoya çəkir və yayır. Bu daha çox dərsdə uğur qazana bilməyən, yaxşı oxumayan uşaqlar tərəfindən edilir. Belə uşaqlar bu  görüntülərlə gündəmə gəlmək istəyirlər. Baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir”.

 

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən özəl orta təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün ayrıca şkaflar mövcuddur. Şagirdlər bəzi əşyalarını, eyni zamanda mobil telefonlarını sinifə daxil olmazdan öncə bu şkaflara qoyur. Dərs bitdikdən sonra, evə gedəndə əşya və mobil telefonlarını götürür. Ancaq dövlət təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün şkaflar mövcud deyil. Bildirilir ki, bu müəssisələrdə şagird sayı çox olduğundan orada belə şkafların qoyulması mümkün deyil.

 

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, dərs zamanı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Bu gün şagirdlər dərs vaxtı telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərsin gedişatında video çəkir, oyun oynayır, sosial şəbəkələrdə paylaşımlar edirlər. Bunlar yolverilməzdir.  Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar onların müvafiq bilikləri əldə etməsinə imkan verməyəcək: “Azərbaycanın ümumtəhsil müəssisələrində təxminən 1 milyondan artıq şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs vaxtı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər”.

157853

Ekspert qeyd edib ki, bəziləri şagirdlərin məktəbdə mobil telefondan istifadəsinin qadağa qoyulmasını onların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu düzgün deyil. Çünki burada məqsəd hüquqların məhdudlaşdırılmasından daha çox şagirdin dərsə və oxumağa təşviq edilməsini nəzərdə tutur. Demirik ki, şagird gün ərzində telefondan istifadə etməsin. Sadəcə dərs zamanı telefondan uzaq qalmaq lazımdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Şagirdlər demək olar ki, dərsdə olsalar belə telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı müvafiq oyunlar oynayırlar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var”.

 

E.Əfəndinin dediyinə görə, şagirdlərin mobil telefondan istifadə etməsinin müsbət tərəfi yalnız valideyni ilə əlaqə saxlamasıdır. Amma müsbət olmayan tərəfləri çoxdur: “Qeyd etdiyim kimi dərsin gedişatında müxtəlif əyləncələr üçün işlər görürlər, məsələn video çəkirlər, oyun oynayırlar və.s. Bunlar yolverilməzdir. Onlar dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar müvafiq biliklərin əldə edilməsinə imkan verməyəcək. Azərbaycan təhsil müəssisələrində təxminən 1 milyon 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zamanı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər”.

 

Millət vəkili Azər Badamova görə, valideynlərin bəziləri məktəbdə mobil telefondan istifadə olunmaması qadağası ilə razılaşmır və bildirirlər ki, uşaqları ilə əlaqə yaratmaq istəyir, nə zaman, harada olmağı ilə bağlı məlumatlı olmağa çalışırlar. Yəni valideyn dərsdən sonra uşaqlarına nəzarəti telefon vasitəsilə həyata keçirir: “Amma bu o demək deyil ki, valideyn tədris prosesində istənilən zaman uşağına zəng edib, onunla maraqlanmalıdır. Belə olmaz və bu yolverilməzdir”.

 

Bugünün şagirdləri sanki məktəbdə macəra axtarışındadırlar və baş verən ən kiçik hadisələri dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Son zamanlarda biz tez-tez belə halların şahidi oluruq. Buna görə də şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə məhdudiyyətlər qoyulmalıdır. Şagirdlər anlamalıdırlar ki, onlar məktəbə təhsil almağa gəlir, telefonda oyunlar oynamağa, çəkiliş etməyə deyil. 

 

Müəllimin sinifdə hər şagirdə ayrı-ayrılıqda nəzarət etməsi çətindir. Bu səbəbdən də məktəbin girişində telefonlar mühafizəçilər tərəfindən yığılmalıdır. Məsələ uşaqları zərərverici kontentlərdən uzaqlaşdırmaq, şagirdlər tərəfindən məktəbə aidiyyəti olmayan kontentlərin yaradılmasının qarşısını almaqdır. Bu qadağa şagirdlərin heç bir formada texnologiyaya olan əlçatanlığının qarşısını almır. Çünki məktəblərdə informatika dərsi keçirilir. İnformatikaya çıxış əldə etmək istəyən, rəqəmsal dünya ilə əlaqəsini kəsmək istəməyən uşaq onsuz da evdə olduğu müddətdə kompüterdən istifadə edəcək.

 

Nərmin Qarazadə

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox