Təhsil müəssisəsində dərslərin iki növbədə -səhər və axşam təşkil olunması ikinövbəli təhsil sistemi adlanır. Bu sistem məktəbdə şagirdlərin sayının çox olması və ya təhsil müəssisəsinin fiziki imkanlarının məhdud olması səbəbindən tətbiq olunur. İkinövbəli təhsil, hər növbədə bir qrup şagirdin dərsə gəlməsini təmin edir, beləliklə, məktəbin tutumundan daha səmərəli istifadə olunmuş olur. Bu təhsil sistemi əsasən şəhərlərdə, böyük məktəblərdə, əhali sıxlığı yüksək olan bölgələrdə və təhsil infrastrukturunun yetərsiz olduğu yerlərdə tətbiq olunur. Ölkənin ümumtəhsil məktəblərinin əksəriyyətində dərslər ikinövbəli sistem əsasında keçilir. Bəzi məktəblərdə isə tədris hətta üçnövbəlidir. Bunun da əsas səbəbi həmin məktəblərdə şagird sayının çox olmasıdır.
Belə görünür ki, hal hazırda ikinövbəli tədris məcburi seçimdir. Məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisin tərəfdarıdır. Ancaq bir sıra əktəblərdə mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir.
Hazırda təhsil sahəsində əsas problemlərdən biri siniflərdə şagird sıxlığıdır. Bu sıxlıq daha çox Bakı və Abşeron məktəblərində müşahidə olunur. Şagird sıxlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Şagird sayının çoxalması məktəb rəhbərliyini məcbur edir ki, dərslərin bir qismi ikinci növbədə keçilsin. Bu vəziyyət daha çox Bakıda əhalinin sıx məskunlaşdığı yerlərdə müşahidə olunur. Hətta iş o yerə çatıb ki, birinci sinif, eləcə də digər aşağı siniflərdə təhsil alan şagirdlərin ikinci növbədə təhsil almasına qərar verilib.
Ekspertlərin fikrincə, səhər növbəsi bütün şagirdlər üçün keyfiyyətlitəhsil almağa daha əlverişli imkan yaradır. O baxımdan ki, səhər beyin informasiyanı qəbul etməyə daha hazırlıqlı olur. Həmin informasiyaları yadda saxlamaq üçün səhər vaxtıı daha əlverişlidir. Bu səbəbdən də şagirdlərin birinci növbədə dərsə getməsi daha məqsədəuyğun hesab edilir. Məhz buna görə də dünyanın bir çox ölkələri yalnız birnövbəli sistemə üstünlük verirlər. Günorta növbəsində oxuyanlara isə çətinliklər yaranır. Belə ki, günortadan sonra dərsə gedən şagirdlərin axşama kimi bütün enerjiləri tükənir. Nəticədə fiziki və əqli yorğunluq onlara dərs oxumağa imkan vermir. Gün yarıya bölünür və şagirdlər həm səhər vaxtından, həm də günün digər yarısından keyfiyyətli istifadə edə bilmirlər. Yəni bir gün itirilmiş olur.
İkinövbəli təhsil sistemində, xüsusilə uzun saatlar ərzində dərsə qatılan şagirdlər fiziki və zehni yorğunluqla üzləşirlər. Bu, onların bütün diqqətini dərsə yönəltməsini çətinləşdirir və təhsil keyfiyyətinə mənfi təsir göstərir. Eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin məktəb sonrasında əlavə fəaliyyətlərə -idman, musiqi, klub fəaliyyətləri və s. qatılmasını mümkünsüz edir.
Psixoloq Xatirə Namazovanın sözlərinə görə, ikinövbəli təhsil şagirdləri həm fiziki, həm də psixoloji baxımdan çox yorur. Uzun dərs saatları və qısa fasilələr şagirdlərin stresini artırır. Şagirdlər həm dərsə, həm də ev tapşırıqlarına vaxt ayıra bilmədiklərindən, bu, onların psixoloji durumuna təsir göstərir. Onlar gərgin və aqressiv olurlar: “Şagirdlər uzun dərs vaxtı ilə yanaşı saatlarla yolda olduqları üçün bu onlarda əlavə yüklənmə ilə nəticələnir. Bu kimi hallar şagirdlərdə əsəb gərginliyi, depressiya və narahatlıq kimi psixoloji problemlərə də səbəb ola bilər. İkinövbəli sistemdə təhsil alan şagirdlərin ailə üzvləri ilə normal vaxt keçirə bilmirlər. Onların istirahət etmək üçün vaxtları da qalmır. Bu hal məktəblilərin psixoloji rifahını zədələyir. Çünki istirahət və sosial əlaqələr şagirdlərin emosional sağlamlığı üçün vacibdir. İkinövbəli təhsilin gətirdiyi yorğunluq və sosial əlaqələrin azlığı şagirdlərdə emosional sabitlik problemlərinə səbəb olur. Onlar qəzəb, əsəbilik, kədər və narahatlıq kimi emosional hallar yaşaya bilərlər”.
Şagirdlərin dərs saatlarının qeyri-müəyyənliyi, valideynlərin gündəlik iş qrafikini də pozur. Burada şagirdlərin məktəb qrafiki ilə valideyinlərin iş qrafikinin uyğun gəlməməsi müəyyən çətinliklər yaradır.
Valideyin Səma Süleymanova deyir ki, övladının biri səhər, o biri günorta növbəsində təhsil alır: “Məktəb yaşadığımız ünvandan uzaqda yerləşdiyi üçün, uşaqları hər gün dərsə özüm aparıb gətirirəm. İkinövbəlilik ucbatından mən gündə 4 dəfə məktəbə gedib gəlmiş oluram. Bu da məni çox yorur. Çətindir, çox əziyyət çəkirəm. Uşağımın ikinci növbədə təhsil alması ucbatından işimdən ayrılmalı oldum. Uşaqları məktəbə aparıb-gətirmək mümükün olmadı və mən də məcbur qalıb ərizəmi yazıb işdən çıxdım. Müvafiq qurumlar nəzərə almalıdırlar ki, biz valideynlər işləyirik. Uşağın birini səhər o birini günorta növbəsinə salanda bizim bütün planlarımız pozulur”.
Digər valideyn Fikrət Babayev bildirib ki, övladı günorta növbəsində təhsil alır. Uşağını günorta məktəbə aparmaq üçün o hər gün işdən icazə almaq məcburiyyətində qalır: “Uşaq günorta saat 1- də dərsdə olmalıdır. Mən hər gün işdən icazə alıb evə gəlirəm və övladımı götürüb məktəbə aparıram. Axşam saat 6-da da dərsdən çıxır. O vaxt isə həyat yoldaşım işdən bir az tez çıxıb gəlib onu götürür. Bu qrafik bizi çox çətinə salır. Uşaq üçün də günorta növbəsində təhsil almaq çətindir. Bütün günü itir. Nə dərsdən əvvəl nə də sonra hüç nə ilə məşğul ola bilmir. Axşam dərsdən yoruğun çıxır. Gəlib evə bir az dincəlir və dərsləri ilə məşğul olmağa başlayır. Səhər isə yuxudan durub qalan dərslərini edir və məktəbə gedir. Nə asüdə vaxtı, nə də istirahət etməyə imkanı olur”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə deyib ki, məktəblərin iki növbəli olması bu günün hadisəsi deyil. Amma əvvəllər üç növbəli məktəblərə təsadüf etməmişəm. Görünür şagird sıxlığı nəticəsində bu gün məktəblərin bəziləri üç növbədə fəaliiyyət göstərirlər. Təbii ki, bu idarəçilik baxımından müəyyən çətinliklər yaradır: “Məktəbin bir növbəli olması pedaqoji cəhətdən səmərəlidir. Belə ki, məktəb tərbiyə institutudur. Burada təlim prosesi ilə yanaşı tərbiyə işləri də həyata keçirilməlidir. Məktəb birnövbəli olanda şagirdlər dərsdən sonra sinifdən xaric işlərə cəlb oluna bilirlər. İki və ya üçnövbəli məktəblərdə isə bu imkanlar məhdudlaşır. İkinövbəli məktəblərdə şagirdlərin fəaliyyəti üçün psixoloji gərginliyin olduğunu düşünmürəm. Belə ki, dərsə bir müddət gəldikdən sonra şagirdlər dərs cədvəli tələbinə uyğunlaşırlar və gərginlik yaşamadan təlim fəaliyyətinə davam edirlər. Ancaq biz bir növbəli təhsilə üstünlük veririk. Səhər tezdən məktəbə gəlib, dərslərdə iştirak etmək daha münasibdir.
Müəllimlərə gəlincə, onların çətinlikləri dərs yükünün bölünməsi və dərs cədvəlinin tərtibi ilə bağlıdır. İki və üçnövbəli məktəblərdə dərs yükü elə bölüşdürülməlidir ki, müəllim bir növbədə dərs desin. Əlbəttə, başqa variant olmayanda müəllim iki növbədə də dərs deyə bilər. Amma belə dərsin keyfiyyəti çox aşağı olar. Yaxud, dərs cədvəli elə tərtib oluna bilər ki, müəllim birinci növbənin son saatlarında, ikinci növbənin birinci saatlarında dərs keçə bilər. Dərs yükü bölünərkən və cədvəl tərtib edilərkən dərsin keyfiyyətinin təmin olunması əsas meyar kimi götürülməlidir”.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə əsasən, ikinövbəli təhsil sistemi həm dünya təcrübəsində həm də ölkəmizdə var. Ancaq bizdə daha geniş yayılıb: “Hətta bu gün üçnövbəli sistemlə çalışan məktəblərimiz də mövcuddur. Çünki orada şagird sayı həddən artıq çoxdur. Belə olduğu halda dərslər müəyyən növbələrə bölünür. Səhər növbəsi bütün şagirdlər üçün daha əlverişli hesab edilir. Səhər çağı beyin informasiyanı qəbul etməyə daha hazırlıqlı olur. Bu informasiyaları yadda saxlamaq üçün səhər vaxtı daha əlverişlidir. Buna görə də şagirdlərin səhər növbəsində dərsə getməsi daha məqsədəuyğundur. Dünyanın əksər ölkələrində birnövbəli təhsil sisteminə üstünlük verirlər. Bizim ölkədə nə üçün bunu etmək olmur? Çünki bizdə şagird sayı faktiki məktəb sayına görə çoxdur. Bəzən elə məktəblər var ki, orada şagird sayı siniflərdə 50 nəfərə yaxındır. Biz şagird sıxlığını nəzərə almalıyıq. Bir sinifdə ən az 25 nəfərin təhsil alması daha məqsədəuyğundur. Çünki orada həm dərsin keyfiyyəti daha yaxşı olur, eyni zamanda müəllimlər dərsi bərabər şəkildə hər bir şagirdə tədris edə bilərlər. Ancaq şagird sayı çox olduğu zaman müəllimlər nəinki dərs keçmək, davamiyyəti belə yoxlayıb bitirə bilmirlər. Ona görə bizdə də birnövbəli təhsil sisteminə keçilməsi daha düzgün olar. Bunun üçün yeni məktəblər tikilməli, həmçinin ərazisi böyük olan məktəblərdə əlavə sinif otaqları yaradılaraq şagird sıxlığı aradan aldırılmalıdır”.
Ekspert qeyd edib ki, son zamanlar məktəb tikintisinə başlansa da, bu, çox az saydadır:
“Biz daha çox modul tipli məktəblərin tikintisini görürük. Birçox məktəblər Abşeron rayonunda və Bakı şəhərində yerləşsə də şagird tututmu az olduğu üçün bu sıxlığı aradan qaldırmağa yetərli olmur. Digər bölgələrimizdə də bu tip problemlər mövcuddur. Həmin ərazilərdə sıxlıq nəzərə alınaraq 3-4 məktəb tikilərək bu problemi minimuma endirmək olar. Belə olan halda tədrisi birnövbəli formaya keçirmək mümkündür. Dərslərin ikinövbəli olması valideynlər üçün də bir narahatlıq yaradır. Valideynlər pərakəndə şəkildə günü idarə edirlər. Yəni onların iş saatları ilə dərs saatları toqquşur. Yaxud da ola bilər ki, bir evdən iki uşağın biri səhər növbəsi, digəri günorta növbəsidir. Onların dərsə aparılıb-gətirilməsi valideynin iş qrafikinə ciddi mənada təsir edir. Şagirdlərin dərsi qavraması isə ikinci növbədə təhsil alanlarla müqayisədə birinci növbəli şagirdlərdə daha səmərəli effekt verir. Həmçinin birinci növbədə təhsil alan şagirdlər günorta dərsdən çıxdıqları üçün ev tapşırıqlarını rahat şəkildə etmələrinə xeyli vaxtları qalır. Günorta dərsə gedənlərin isə axşama yorulurlar. Dərs oxumağa nə həvəsləri nə də enerjiləri qalır. Bu məsələdə yeganə çıxış yolu infrastrukturu genişləndirməkdir. Şagird sayının çox olduğu bölgələrdə əlavə təhsil müəssisələrinin yaradılması və mövcud məktəblərin tutumunun artırılması ilə təhsil xidmətlərinin bölgələr üzrə daha bərabər paylanması təmin edilə bilər. Ölkə üzrə məktəblərlərin sayını çoxaltmaq lazımdır. Məktəb sayını 6000- 6500 həddinə çatdırmalıyıq. Bu şəkildə sıxlığın qarşısını alıb, birnövbəli təhsil sisteminə keçidi reallaşdıra bilərik. Bu, eyni zamanda müəllim heyəti üçün də əlverişli imkan yaradır. Çünki elə müəllimlər var ki, iki növbənin ikisində də çalışırlar. Bu da keyfiyyət göstəricilərinə təsir etmiş olur. Bu tədbirlər, ikinövbəli təhsil sisteminin aradan qaldırılması və bütün şagirdlər üçün daha keyfiyyətli və əlverişli təhsil şəraitinin yaradılması məqsədinə xidmət edər. Belə görünür ki, ərazi üzrə alternativ olaraq 3-4 məktəb tikib şagird sıxlığını minimuma endirməklə tədrisi birnövbəli formata keçirmək olar”.
Nərmin Qarazadə