Azedu.az

Səkkiz mart aktivləşən “WhatsApp” qrupları: “Neqativ hallara xidmət edir”

Məktəblər

Müəllimlər və elm adamları

5 Mart 2025, 15:17
Səkkiz mart aktivləşən “WhatsApp” qrupları: “Neqativ hallara xidmət edir”

“Valideynlərin votsap qrupları əlamətdar günlərdə neqativ hallara xidmət edir”.

 

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a açıqlamasında deyib.

156145

 

“Hər il 8 mart Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqda bir çox qanunsuzluqlar sosial şəbəkələr vasitəsi ilə “gün üzünə çıxır”. Təəssüf ki, bu çox zaman orta məktəblərlə bağlı olur. Düşünürəm ki, bu paylaşımlarda hər hansısa şişirdilmiş hallar olmur, əksinə biz baş verənlərin bir qismindən hələ də xəbərsizik. İllərdir təhsilin yerli idarəetmə qurumları məktəblərə təlimatlar, xəbərdarlıq siqnalları, tövsiyə xarakterli məlumatlar göndərsələr də, yenə də neqativ hallar yaşanır. Pisi isə odur ki, burada “Qurunun oduna yaş da yanır”. Fədakar, gözütox, valideyn və şagirddən heç bir maddi gözləntisi olmayan təhsilverənlər də 1-2 müəllimin oduna yanırlar.

 

Müəllim olsaydım mənim çalışdığım məktəblərə də bu cür təlimatların gəlməsi pis təsir edərdi. Amma bununla razılaşmalıyıq, çünki məcburuq. Bu gün doğrudan da valideynlərin votsap qrupları vasitəsi ilə öz neqativ əməllərini həyata keçirmək istəyən müəllim və məktəb rəhbərləri var. Bunun bariz nümunəsini bir neçə gün öncə işdən azad olunan direktorun timsalında gördük.

 

“Hədiyyəni bəyənməyib, geri qaytarın”,- deyən direktor bu məsələdə yeganə günahkar deyil. Digər günahkarlar  pul yığan, prosesdə iştirak edən müəllimlərdir. Heç bir halda təhsil işçisi bu cür hallara qatılmamalıdır.

 

Valideynlərin votsap qrupları əlamətdar günlərdə bir çox neqativ detallara xidmət edir. Müəllimə xoş gəlmək istəyən bir-iki valideyn övladlarının oxuduqları sinifdə ön sırada olmasını istəyirlər. Buna görə də öz aləmlərində pul yığmağa qərar verirlər. Bir sinifdə 30-a yaxın uşağın valideyni varsa, onlardan iki-üçü “ortalığa düşüb” qərar verir, sonra isə votsapa yazırlar ki, “Sabah hamı bir nəfər kimi 35-40 manat pul verməlidir”. Niyə axı? Buna kim qərar verir?”.

 

E.Nuri qeyd edib ki, mənfi halları minimuma endirmək üçün məktəbdaxilində "Valideyn davranış qaydaları” adlı tövsiyə sənədi tətbiq olunmalıdır:

 

“Bu sənəd üzərində təkcə nəzəri yox, praktiki icra mexanizmi istiqamətində işlənilməlidir. Lazım gələrsə, bu cür valideynlərə sənədə əsasən cəza da müəyyənləşdirmək olar. Həmçinin müəllimlərin etik davranış qaydaları da öz praktikliyinə görə fərqlənməlidir. Qaydalarda bu kimi detallara xüsusi toxunulmalıdır. Məktəblərdə 5 Oktyabr, 8 Mart və digər günlərdə yaşanan qeyri-qanuni hallar üçün xüsusi cəza mexanizmləri tətbiq olunmalıdır. Əks halda bu cür hadisələr təkrarlanacaq”.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox