"Bütün ölkədə repetitor hazırlıqları kütləvi hal alıb, amma bu qədər şagirdin böyük bir hissəsi aşağı bal toplayır".
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda repetitorluq sistemi təhsilin ayrılmaz hissəsinə çevrilib:
"Valideynlər və şagirdlər məktəbdə verilən təhsilin kifayət etmədiyini düşündükləri üçün repetitor yanına getməyə məcbur olurlar. Hər il minlərlə uşaq hazırlıqlara gedir, amma nəticə? Statistikaya baxanda, 50%-dən çox şagird keçid balını belə toplaya bilmir. Bəs onda repetitorlar nəyə görə pul alır? Niyə valideynlər minlərlə manat xərcləsə də, nəticələr dəyişmir?
Repetitorlar deyir ki, “uşaq hazırlaşıb, keçibsə, bu mənim uğurumdur”. Bəs keçə bilməyənlər? Onlara da sən dərs deyirdin, pul alırdın. Hanı nəticə? Keçən uşaqları öz reklamın kimi göstərmək asandır. Bəs keçə bilməyənlərin məsuliyyətini niyə üzərinə götürmürsən? Əgər bir şagird səndən hazırlığa gedib, bir il boyunca sənin dərslərində iştirak edib və nəticə sıfırdırsa, deməli, ya düzgün öyrədə bilmirsən, ya da uşağın potensialını düzgün qiymətləndirməmisən.
Əgər bir uşaq dərsi öyrənmirsə, azad elə! Çıxart hazırlıqdan! Axı sən pul alırsan. Bir ildən çoxdur şagird sənin yanına gəlir, amma yenə nəticə vermir, niyə saxlayırsan? Çünki aylıq ödəniş gəlir, sən də “biz çalışdıq, amma özü oxumadı” bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırsan. Halbuki, əgər uşaq həqiqətən oxumursa, sənin işin bunu vaxtında görmək, valideynə bildirmək və çıxış yolu göstərməkdir.
Hazırlıqlar bu gün artıq real tədris prosesindən çox, kommersiya məqsədinə çevrilib. Uşaq dərsi mənimsəməsə də, repetitorlar onu saxlayır, çünki hər ay valideyn pul ödəyir. Əgər nəticə olmayacaqsa, niyə valideynin pullarını havaya xərclədirsən?
Bütün ölkədə repetitor hazırlıqları kütləvi hal alıb, amma bu qədər şagirdin böyük bir hissəsi aşağı bal toplayır. Problem sadəcə şagirdlərdə deyil, repetitorluq sisteminin özündədir. Məqsəd uşağa bilik vermək yox, neçə nəfər qrup yığmaq, neçə şagirdlə işləmək və nə qədər çox pul qazanmaqdır. Bu biznes modelinin içində şagirdin uğuru ikinci plana keçir".
K.Əsədov qeyd edib ki, bu gün Azərbaycanda repetitorlar təkcə universitetə hazırlaşanlara deyil, hətta 1-ci sinfə gedən uşaqlara belə dərs keçməyə başlayıb:
"Əgər repetitor həqiqətən keyfiyyətli dərs keçirsə, niyə bu qədər şagird aşağı nəticə göstərir? Əgər uşağın nəticəsi olmayacaqsa, niyə onu saxlayıb vaxtını və pulunu alırsan? Əgər hazırlığa getmək mütləqdirsə, məktəblər nə üçündür? Təhsil sistemi niyə uşaqları məktəbdə yox, pullu hazırlıqlarda öyrənməyə məcbur edir?
Repetitor deyəndə ki, “Nə demişdimsə, imtahana düşmüşdü”, bir anlıq özündən razı görünsə də, bu cümlə başqa bir problemi də açıq şəkildə göstərir – deməli, uşaq real bilik qazanmır, sadəcə imtahanda testləri tanıyır. Biz bilik yox, sual əzbərləyən nəsil yetişdiririk. Biliklə yox, şansla universitetə qəbul olunanlar çoxdur. Əgər repetitorun məqsədi uşağa düşünməyi, analiz etməyi öyrətməkdirsə, niyə onun nəticəsi təsadüf üzərində qurulur?
Bu gün Azərbaycanda repetitorlar təkcə universitetə hazırlaşanlara deyil, hətta 1-ci sinfə gedən uşaqlara belə dərs keçməyə başlayıb. Sistem o qədər iflasa uğrayıb ki, artıq məktəb heç kimə etibarlı görünmür. Bəs repetitorlar bu inamsızlığı dəyişmək üçün nə edir? Əksinə, bu sistemdən qazanmaq üçün çalışırlar. Hər ay pul ödəməyə məcbur edilən valideynlər, nəticədə övladlarının uğur qazanmamasına baxmayaraq, heç bir tələb irəli sürə bilmir.
Təhsil pul qazanmaq üçün yox, insan yetişdirmək üçündür. Əgər bir repetitor şagirdi bir il hazırlayırsa, onun nəticəsinə də cavabdeh olmalıdır. Nəticə olmayacaqsa, uşağı yükləməyin, valideynin pulunu almayın, repetitorluğu biznes kimi deyil, tədris prosesi kimi görün! Yoxsa bu sistem həmişə belə qalacaq – hamı repetitor yanına gedəcək, amma yenə də şagirdlərin yarısı imtahandan kəsiləcək".