Məktəb rəhbərliklərinə 8 martla bağlı tapşırıq verilib. Demək olar ki, bu hər il təkrarlanır, amma sözü-söhbəti bitmək bilmir.
Bəs görəsən, müəllimlərə və direktorlara hədiyyə vermək artıq qəbahət sayılmalıdır, yoxsa bunu normallaşdırmalıyıq?
Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, rüşvəti "hədiyyə" adı altında təqdim etməyin özü bir cinayətdir:
“Əgər hər il 8 Mart Qadınlar Günü ərəfəsində bu kimi məsələlər yenidən müzakirəyə çıxarılırsa, deməli, dəyişən heç nə yoxdur. Elm Təhsil Nazirliyi tapşırıq və xəbərdarlıqlarla kifayətlənməməlidir. Köklü islahatlar aparılmalıdır. Rüşvəti "hədiyyə" adı altında təqdim etməyin özü bir cinayətdir. Görünür, təhsildə rüşvətin, "hörmətin" kökünün kəsilməsini istəməyən müəyyən qaranlıq qüvvələr var. Əks halda hər il bu məsələnin üzərinə yenidən geridönüş edilməzdi.
Bundan başqa, 8 Mart və digər əlavə günlərdə hədiyyə götürənlərlə yanaşı, hədiyyə verən valideynlər də günahkardır. Bu, azyaşlıların da rüşvət prosesinə qoşulmasını təşkil etməkdir ki, onun özü mənəvi bir cinayətdir. Müəllimə ən yaxşı halda gül, çiçək almaq olar. Hörməti bu cür də ifadə etmək mümkündür. Toyuq-cücə, başqa bahalı hədiyyə istəmə dövrü bitməlidir. Bu, müəllim adına yaraşan hal deyil”.