Gələcəyin ixtisasları müasir dövrün tələblərinə uyğun seçilməlidir. Texnalogiyanın sürətli inkişafı yeni ixtisasların yaranamasına zəmin yaradıb. Hazırda ən yeni ixtisaslar sırasında beynəlxalq ticarət və logistika, informasiya texnologiyaları, proqram mühəndisliyi, kibertəhlükəsizlik, virtual reallıq dizayneri, yaşıl enerji, alternativ enerji mənbələri, kosmik texnologiyalar, ekologiya ilə bağlı olan ixtisaslar və s. yer alır. Bunu nəzərə alaraq dövrün tələblərinə uyğun olaraq ölkə universitetlərində gələcəyin ixtisaslarının yaradılması vacibdir. Bu sahədə dünyanın tanınmış ali təhsil müəsisələrinin təcrübəsi öyrənilməli və gecikmədən savadlı mütəxəssislərin hazırlanmasına başlanmalıdır.
Azərbaycanda bəzi univerisitetlərdə bir neçə ildir ki, gələcəyin ixtisaslarının tədris edilməsinə başlanılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov hesab edir ki, müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmaq, ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. İxtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq lazımdır:
“Bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir. Yalnız diplomlu, ali savadlı olmaq yox, eyni zamanda gələcəyin ixtisaslarına da yiyələnmək lazımdır. Hazırda informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqdan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir. Bu məqamda sözügedən sahə üzrə mütəxəssilərə ehtiyac duyulur. Dövrün ən dəbdə olan sahələrindən biri də nanatexnologiyadır. Bu yeni elm sahəsi maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Dünyada nanotexnoloji layihələrə milyardlarla sərmayə qoyulur. Bu sektor üzrə də mütəxəssislərə tələbat var. Müasir dövrün tələbi bizlərdən daha çevik olmağı, dünyaya gecikmədən inteqrasiyanı tələb edir. Gələcək inkişaf və uğurlu kariyera üçün dövrün tələblərinə cavab vermək lazımdır".
Təhsil eksperti Elçin Əfəndi deyir ki, informasiya texnologiyaları və təhlükəsizliyi, kompüter elmləri gələcəyin prioritet ixtisaslarıdır. Hazırda sözügedən ixtisaslar üzrə mütəxəssislərə həm dünyada, həm də Azərbaycanda böyük ehtiyac var. Bu mütəxəssislərə tələb ildən ilə artır. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində sadalanan ixtisaslar üzrə mütəxəssilər hazırlanır. Kompüter biliyini müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir: “Elmi yenilik sürətlə dəyişir, yeni ixtisaslar meydana çıxır, bunlara çevik reaksiya vermək milli iqtisadiyyatın perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Bir neçə il sonra aktual olacaq ixtisaslar üzrə kadrların yetişdirlməsinə xüsusi diqqət ayrılmalıdır. Bu gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə verəcək”.
Elçin Əfəndi bildirib ki, yaşıl enerji və alternativ enerji mənbələri, ekologiya ilə bağlı ixtisaslar gələcəyin ixtisasları sırasındadır:
“Hesab edirəm ki, ali təhsil müəssisələrində gələcəyin ixtisaslarının olması ixtisaslı kadrların hazırlanmasına, formalaşmasına, bu sahədə mütəxəssis ehtiyatının mövcud olmasına gətirib çıxaracaq. Eyni zamanda yeni texnoloji nailiyyətlər sahəsində ölkəmizin də uğur qazanmasına zəmin yaradacaq”.
Bakı Ali Neft Məktəbinin məzunu İsmayıl Əliyev magistratura təhsilini Ətraf Mühit Elmləri, Siyasəti və İdarəetməsi ixtisası üzrə alıb: “Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə təhsil almışam. Univerisiteti bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Magistraturaya Mərkəzi Avropa Universiteti (Avstriya), Egey Universiteti (Yunanıstan) və Mançester Universiteti (Birləşmiş Krallıq) olmaqla 3 ölkədə almışam. Bu təhsil proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus Mundus layihəsinin bir hissəsidir. Bu təhsilim mənə multidissiplinar proqram olmaqla ətraf mühit problemləri üzrə həm texniki, həm siyasi tərəfdən fundamental biliklərə yiyələnməyimə və bu sahədəki Avropa təcrübəsini öyrənməyimə kömək etdi. Mənim bir çox qrup yoldaşlarım da mənim kimi həm texniki, həm sosial-humanitar sahələrdən ətraf mühit və dayanıqlılıq sahəsinə keçid etmək üçün bu magistratura ixtisasını seçmişdilər”.
İsmayıl Əliyev hal-hazırda Londonda “Position Green” şirkətində Ətraf Mühit, Sosial və İdarəetmə (Environmental, Social, and Governance - ESG) üzrə analitik olaraq çalışır:
“Əsas vəzifə öhdəliyim biznesmenlər və investorlar üçün onların fəaliyyətinin təbiətə, iqlim dəyişmələrinə təsirlərinin araşdırılıb ölçülməsidir. Başqa sözlə buna “karbon ayaq izi” və ya “karbon mühasibatı” adları da verilir. Bu analiz onlara öz təsirlərini dərindən anlamaq, hökumət, investorlar, müştərilər, və digər maraqlı tərəflər üçün hesabatlarının hazırlanması məsələlərində kömək edir. Hazırda qlobal istiləşmə başda olmaqla ətraf mühit problemlərinin bizim həyatımıza və əksinə - bizim təbiətə təsirlərimizin gündən günə artdığı bir dövrdə yaşayırıq. Bu problemlərin həlli isə iqtisadiyyatın bütün sahələrində yaşıl iqtisadiyyata keçidi vacib edir. Yaşıl iqtisadiyyata keçid özünü istənilən sektorda - dövlət və ictimai idarəetmə, enerji, maliyyə, və kənd təsərrüfatı və s. büruzə verir. Nəticədə yeni yaşıl iş sahələrinin və eləcə də yeni bilik və bacarıqlara tələbatın yaranması qaçınılmazdır. Bu sahədə olan yeniliklər çox sürətlə baş verir. Təhsilimi başa vursam da, davamlı olaraq ətraf mühitə təsirin ölçülməsi haqqında müxtəlif beynəlxalq və yerli təlimatlar və elmi yeniliklərdən xəbərdar olmağa çalışıram. Analitik sahə olduğu üçün – rəqəmlərlə çox işlədiyimə görə riyazi və alqoritmik bacarıqlar da gündəlik işimdə önəmli rol oynayır. Azərbaycanda xüsusilə 3-4 ildə baş verən dəyişikliklər – COP29 kimi iqlim üzrə önəmli tədbirlərin baş tutması, digər tərəfdən də ölkəmizdəki ətraf mühit problemlərinin daha iqtisadi təsirlərinin nəzərəçarpan olması yaşıl iş sahələrinin inkişafını sürətləndirəcək. Məsələn, önümüzdəki illərdə Avropa İttifaqı digər ölkələrdən (Azərbaycan da daxil olmaqla) ixrac olunan bir sıra xammallara karbon vergisi tətbiq etməyə başlayacaq. Belə inkişaf edən proseslər fonunda ölkəmizin rəqabətliliyi üçün yaşıl iqtisadiyyata keçid çox böyük əhəmiyyət kəsb edir”.
Ölkənin bir sıra ali təhsil müəssisələrində gələcəyin əsas ixtisası sayılan informasiya texnologiyaları (İT) ixtisası tədris edilir. Lakin bu fakültələrdən məzun olan gənclər İT sahəsində peşəkar mütəxəssis olmaq üçün əlavə müxtəlif proqram və kurslarda biliklər əldə etməlidirlər.
İnformasiya texnologiyaları üzrə təhsil alan Hikmət Zeynalovun dediyinə görə, İT üzrə mütəxəssislər hazırlayan xarici univerisitetlərin maddi-texniki bazası daha geniş, müasir, müəllimləri İT sahəsi üzrə mütəxəssislərdir. Bu universitetlər kompüter elmləri sahəsində zəngin akademik ənənələrə malikdir. İT sahəsində innovativ tədqiqatlar və təlimlər təqdim edir. Akademik mühit və tədqiqat imkanları tələbələrə geniş imkanlar yaradır. Ən yaxşı İT təhsili verən xarici universitetlərdə təhsil almaq, azərbaycanlı tələbələr üçün geniş karyera imkanları və beynəlxalq təcrübə qazandırır. Bu universitetlərdə təhsil almaq, tələbələrin texnoloji biliklərini inkişaf etdirməklə yanaşı, qlobal əmək bazarında rəqabət qabiliyyətli olmasına kömək edir. İT sahəsində uğurlu bir karyera qurmaq üçün yüksək keyfiyyətli təhsil və davamlı öyrənmə vacibdir: “Azərbaycan universitetlərində İnformasiya texnologiyaları üzrə mütəxəssilər hazırlanır. Amma xarici universitetlərlə müqayisədə bizdə təhsil nisbətən zəifdir.Yüksək ixtisaslı mütəxəssis olmaq üçün universitet təhsili vacibdir. Bu səbəbdən də ali təhsil müəssisələri dünya standartlarına uyğun səviyyədə təhsil verməlidirlər”.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə əsasən, universitetlərin informasiya texnologiyalarını tədris edən fakültələrinin məzunları bazarın tələbatını ödəyəcək potensiala, təcrübəyə sahib olmaları üçün universitetlərdə tədrisin səviyyəsini daha da yüksəltmək lazımdır: “Universitetlərin maddi-texniki bazası standartlara uyğunlaşdırılmalı, həm də sözügedən sahə üzrə xaricdə təhsil almış müəllimlər universitetlərə cəlb olunmalıdır. Bununla yanaşı ölkədə informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlayan, onları peşəkar səviyyədə öyrədən bir qurum olmalıdır. Universitet təhsili bu sahədə mütəxəssis olmağa kifayət etmir”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır:“Nanotexnologiya kiçik ölçülü (0,1-100 nm) maddələri və bu maddələrdə baş verən fiziki, kimyəvi və bioloji dəyişiklikləri öyrənən yeni elmi-texnaloji vasitədir.
Demək olar ki, texniki qurğuların istehsalı ilə yanaşı bir çox sahələrdə nano vasitələr geniş şəkildə tətbiq olunur. Avtomobil detalları, kompyuter avadanlıqları, məişət cihazları, implant vasitələri, idman ləvazımatlarının istehsalında, hərbi sahədə və.s nano materiallardan uğurlu şəkildə istifadə olunur.
Həmçinin bina və körpülərin yüngül və dayanıqlı olması üçün nano vasitələrin tətbiq edilməsi ilə bağlı araşdırmalar uğurla davam etdirilir. Elm hər ötən gün inkişaf edir. İnkişafla birlikdə yeni problemlər də yaranır. Yeniliklərin öyrənilməsində və ortaya çıxan problemlərin həll edilməsi fonunda müasir ixtisasların yaranması labüddür”.
Hazırkı dövrdə bir ali təhsillə kifayətlənmək omümkün deyil. Bəzən bir işin görülməsi üçün bir neçə ixtisasa yiyələnmək lazımdır. Nəticədə insan iş həyatında bəzən 2-3 dəfə ixtisasını dəyişməli olur. Artıq dövr bunu tələb edir. Yeni ixtisasları zaman özü diktə edir”.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyir ki, zaman keçdikcə köhnə ixtisaslar artıq köhnəlmiş sayılır. Bir sıra ixtisaslar ümumiyyətlə, ortadan qalxır və tamamilə yeniləri meydana çıxır: “Qarşıdakı illərdə bir çox insanların ixtisasını yeniləməsinə ciddi ehtiyac olacaq: “Buna görə də yeni ixtisasların yaradılması, ixtisaslara aid təhsil proqramlarının yenilənməsi günün ən vacib və aktual tələblərindəndir. Artıq ölkə universitetləri tərəfindən də bu istiqamətdə müəyyən işlər görülür”.
Nərmin Qarazadə