Məktəblərdə davamiyyət həmişə arzuolunan səviyyədə olmur. Xüsusilə yuxarı sinif şagirdləri imtahanlardan sonra dərsə gəlmək istəmirlər. Düzdür, dərsdə iştirak etmədikdə qayıb yazılır, lakin bu, yekun nəticəyə təsir etmir.
Bu isə sual doğurur: məktəblərdə də universitetlərdə olduğu kimi qayıb limiti tətbiq olunmalıdırmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məktəblərdə qayıb limiti ilə bağlı sərt qaydalar tətbiq etmək abituriyentlərin ziyanına işləyər və onları ali məktəbə daxil olmasına maneə olar:
“Bu mövzu Elm və Təhsil Nazirliyinin qurduğu sistemlə bağlıdır. Bəzən Dövlət İmtahan Mərkəzinin tələb etdiyi proqram ümumi tədris proqramı ilə üst-üstə düşmür. Məsələn, 11-ci sinif şagirdinə imtahan zamanı aşağı siniflərdə keçilmiş mövzulardan suallar düşür. Bu zaman abituriyent həmin mövzuları yenidən xatırlmaq üçün repetitor hazırlığına getməyə məcbur olur. Eyni zamanda, abituriyent 3-cü qrupa hazırlaşırsa, məktəbdə keçirilən kimya, fizika kimi dərslər ona lazımsız görünür”.
“Ümumilikdə sistem elə qurulub ki, abituriyentləri repetitor hazırlığına getməyə məcbur edir”, - deyə ekspert qeyd edib:
“Nəticədə, şagirdlər haqlı olaraq məktəb dərslərindən yayınırlar. Çünki qaydalar düzgün tərtib olunmayıb və sistemdə ciddi uyğunsuzluqlar var.
Belə bir sistem mövcud olduğu halda, məktəblərdə qayıb limiti ilə bağlı sərt qaydalar tətbiq etmək abituriyentlərin ziyanına işləyər və onları ali məktəbə daxil olmaqdan uzaqlaşdırar. Bundan əlavə, martın 2-də və 9-da buraxılış imtahanını verəcək abituriyentlər üçün artıq həmin fənlərin dərslərində də iştirak etmək maraqsız və vaxt aparan olacaq. Çünki imtahan verildikdən sonra mart, aprel və may aylarında keçirilən dərslər onlar üçün əhəmiyyətini itirir. Bu da təhsil sistemindəki uyğunsuzluğun görünən tərəfinin bir hissəsidir”.