Məlumdur ki, orta məktəblərdə valideyn iclaslarının bir neçə vacib əhəmiyyəti vardır. Bu iclaslar yalnız təhsil müəssisələri ilə əlaqə qurmaqla kifayətlənmir, həmçinin şagirdlərin inkişafına dəstək olmaq üçün bir çox fayda təmin edir.
Maraqlıdır, hazırkı vəziyyətdə məktəblərdəki valideyn iclasları necə təşkil olunur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, təəssüflər olsun ki, valideyn iclaslarının indiki vəziyyəti ötən illərə nisbətən çox da müsbət nəticə göstərmir:
“Əvvəllər valideyn iclasları ənənəvi şəkildə, yəni valideynlərin məktəbə yaxınlaşıb övladları haqqında məlumat əldə etməsi ilə təşkil olunurdu. Lakin bu gün valideyn iclasları əsasən "WhatsApp" platforması üzərindən həyata keçirilir. Nadir hallarda valideynlər övladları haqqında məlumatı məktəbə gedərək, fərdi şəkildə alırlar. Bu vəziyyətin nəticəsi isə çox da ürəkaçan olmur.
Çünki belə qruplarda valideynlərin danışığı adətən bayram və ya başqa yığıncaqlarla əlaqədar olur. Buna görə də, hesab edirəm ki, bu iclasların və görüşlərin effektivliyinə mənfi təsir edir. Həmçinin valideyn iclaslarında analar daha çox iştirak edirlər".
Təhsil eksperti, bununla yanaşı, valideyn iclaslarında anaların doğru məlumatları atalarına çatdırmadığını da qeyd edib:
“Düşünürəm ki, analar iclasda verilən məlumatları hər zaman atalara düzgün çatdırmırlar. Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq olunan layihələr çərçivəsində müəllim və şagirdlər haqqında məlumatlar, həmçinin qiymətlər və davamiyyət məsələləri onlayn sistemə yerləşdirilir. Bu, bəzi neqativ halların aradan qalxmasına səbəb ola bilər".
Eyni zamanda ekspert valideyn iclaslarının ənənəvi qaydada, üzbəüz şəkildə olmasının vacibliyini vurğulayıb:
“Bununla belə, valideyn iclaslarının üzbəüz, ənənəvi şəkildə keçirilməsi daha effektiv olacaq. Bu görüşlərdən sonra mütləq şəkildə qərara gəlmək lazımdır ki, şagirdlərdə istədiyimiz nəticələri əldə edə bilək. Çünki toplu şəkildə keçirilən görüşlərdə valideynlərin övladları ilə münasibətləri, müəllimlərə yanaşmaları və şagirdlər arasında olan münasibətlər haqqında danışılır. Bu müzakirələr zamanı açılan problemlər valideyn iclaslarında da aradan qaldırıla bilər".