Müasir dövrdə uğurlu karyera qurmaq üçün gənclərin xarici dil bilmələri çox vacib amildir. Onların ən azı bir xarici dil, xüsusilə də ingiliscəni bilmələri dövrün önəmli tələbi kimi qarşıya çıxır. Bu dil dünyada əsas ünsiyyət vasitəsi olmaqla bərabər, başlıca elm- təhsil dili kimi də qəbul edilir. Ona görə də dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da orta ümumtəhsil məktəblərində şagirdlərə birinci xarici dil kimi ingilis dili tədris olunur. Özü də, əvvəllər olduğu kimi beşinci sinifdən deyil, birinci sinifdən.
Lakin 11 il müddətində ingiliscənin tədris olunmasına baxmayaraq, gənclərin çoxunun ingilis dili bilgisi və bu dildə danışıq bacarığı aşağı səviyyədə olur. Şagirdlər arasında bu dildə yazıb-oxuya bilməyənlərin sayı da az deyil. Təhsil müəssisələrində xarici dillərin lazımi səviyyədə tədris olunmaması səbəbindən təhsilalanlar məktəbi sözügedən dilləri yaxşı mənimsəməmiş bitirirlər.
Şagirdlər xarici dil üzrə bilikləri zəif, həmçinin oxuyub-anlama bacarığı tələb edən mətnlərlə bağlı çətinlikləri olduğundan buraxılış imtahanlarında aşağı nəticə göstərirlər. Statistik məlumatlar da bunu deməyə əsas verir.
2023-2024-cü tədris ilində İngilis dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 123537 şagird iştirak edib. Onlardan 934 nəfər 0 bal, 37200 şagird 0-20, 44142 nəfər 20-40 bal toplayıb. İştirakçılardan 13202 nəfər 60 və bundan bir qədər yuxarı bal yığıb. Yalnız 7943 şagird 80-100 bal arası nəticə göstərib. Buraxılış və qəbul imtahanlarında ingilis dili üzrə yüksək nəticə göstərənlərin əksər hissəsi xarici dilə yaxşı yiyələnməsi üçün repetitor və əlavə kurslara gedən şagirdlərdir. Halbuki şagirdlərin dil öyrənmək və bu dildə ünsiyyət qurmaq bacarığının kurslarda deyil, məktəbdə formalaşması daha məqsədəuyğundur.
Qeyd edək ki, orta məktəblərdən fərqli olaraq özəl liseylərdə şagirdlərə xarici dil təhsili fərqli formada tədris olunur. Bu təhsil mərkəzlərinə dili yüksək səviyyədə bilən savadlı müəllimlər cəlb edilir, həmçinin burada müasir tədris vəsaitləri və texnologiyalardan istifadə təcrübəsi geniş yayılıb.
Təhsil eksperti Elçin Əfəndinin müşahidələrinə əsasən, yuxarı sinif şagirdlərinin, demək olar, çoxu repetitora müraciət edir. Bunun da əsas səbəbi ümumtəhsil müəssisələrində keçirilən dərslərlə ali məktəbə qəbul üçün lazımi bilik əldə etməyin mümkünsüz görünməsidir:
“Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunduğundan, onlar məcburiyyət qarşısında qalaraq əlavə ingilis dili hazırlığına müraciət edirlər. Abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkirlər. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin lazımi səviyyədə tədris olunmamasıdır. Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında dinləmə və oxuyub anlama mətnləri salınsa da, şagirdlərin orta məktəblərdə bu biliyi əldə etməsində müəyyən problemlər var. Odur ki, xarici dillər üzrə repetitorlara müraciət çoxdur".
Azərbaycan Tibb Universitetinin məzunu, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Şeffild Universitetinin “İnsan və Molekulyar Genetika” ixtisası üzrə təhsil almış Nərgiz Qarayeva deyir ki, xarici universitetlərdə təhsil almaq üçün ən vacib tələblərdən biri İELTS və TOEFL kimi beynəlxalq dil imtahanlarından uğur qazanmaqdır:
“Azərbaycan Tibb Universitetində təhsil aldığım illərdə ən böyük hədəflərimdən biri nəzəri və təcrübi biliklərimi daha da artırmaq üçün növbəti təhsil pilləsini xaricdə davam etmək idi. Hədəfimə çatmaq üçün kurslar vasitəsilə ingilis dili biliklərimi artırdım. Universitetdən məzun olduqdan sonra qəbul üçün müraciət etdiyim İngiltərə Universitetlərinin əksəriyyətindən dəvət məktubu aldım və təhsilimi İngiltərədə davam etdirmək qərarına gəldim. Fərqlənmə diplomu ilə məzun olduğum universitet həm karyeramda həm də şəxsi inkişafımda inanılmaz fürsətlər yaratdı.
Bu gün orta məktəblərdə öyrədilən xarici dil bilgisinin zəif olması ölkə hüdudlarından kənarda təhsil almaq istəyən gənclərin ən çox üzləşdikləri problemlərdən biridir. Buna görə də xaricdə təhsil almaq üçün çalışan tələbələr dil biliklərini təkmilləşdirməyə məcburdurlar. Bu səbəbdən də tələb olunan beynəlxalq dil sertifikatlarını əldə etmək üçün müxtəlif tədris kurslarına və repetitorlara üz tuturlar. Qeyd edim ki, 3 aylıq intensiv hazırlıq nəticəsində IELTS kimi beynəlxalq dil imtahanında uğurlu nəticələr almaq mümkündür. Ancaq orta məktəblərdə ingilis dilinin 11 il tədrisi kifayət qədər uzun müddətdir. Fikrimcə, məktəblərdə ingilis dilinin tədris proqramında dəyişikliklər etməklə gənclərin xaricdə oxumaq arzusunu asanlaşdıra bilərik. Məsələn, beynəlxalq dil imtahanlarında dil biliklərinin qiymətləndirilməsi üçün müəyyən edilmiş bölmələrdən biri dinləmə (listening) blokudur. Bu vərdişin inkişaf etdirilməsi üçün məktəblər lazımi audio və video materiallarla təchiz olunmalıdır. Eyni zamanda dərslərdə şagirdlərə müxtəlif tip mətinlərin yazılma qaydaları öyrədilməlidir. Danışma bacarığının inkişaf etdirilməsi üçün dərs müddətində şagirdlərlə ingilis dilində müxtəlif mövzular ətrafında müzakirələr aparmaqla müsbət nəticələr əldə etmək olar. Vaxtaşırı şagirdlərin beynəlxalq dil imtahanlarının formatına bənzər sınaqlara cəlb olunmaları, onları real imtahanın strukturuna bələd olmalarına və vaxtdan düzgün istifadə etməyi öyrənmələrinə imkan yaradacaq. Həmçinin ingilis dili fənn müəllimlərinin müxtəlif treyning və seminarlarda təkmilləşmə kurslarını keçməsi üçün şəraitin yaradılması bu prosesin bir parçasıdır”.
İngilis dili buraxılış imtahanlarına daxil olan əsas fənlər arasındadır. Bu səbəbdən də məktəblərdə ingiliscənin tədrisinə daha ciddi yanaşılmalıdır. Burada müəllim faktoru çox önəmlidir. Fənni tədris edən müəllimin dil bilgisi aşağı olduğu halda o, şagirdə xarici dili lazımınca öyrədə bilməz.
Nəsimi adına Dilçilk İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyir ki, tədris prosesində müəllimin istifadə etdiyi dərslik çox önəmlidir. Çünki müəllim müxtəlif dərs vəsaitlərindən faydalanmalıdır. Dünyada əsas dillərdən sayılan ingilis dilinin tədrisindən söhbət gedirsə, bu zaman həmin dilə aid materiallar əsasında tədris aparılmalıdır. Burada həmçinin müəllimin öyrətmə üsulu da mühüm rol oynayır:
“Hər bir müəllimin özünün fərdi metodikası olmalıdır. Müəllim şagirdə dil öyrətmək istəyirsə öncə tədris etdiyi dili mükəmməl bilməlidir. Bu dildə əldə etdiyi bilik və bacarıqlar onlara çatdırmağı bacarmalıdır. Əks təqdirdə uğurlu nəticə olmayacaq”.
Ölkənin orta məktəblərində çalışan ingilis dili müəllimlərinin bir qismi bu dildə şagirdlə normal ünsiyyət qura bilmir. Müəllimlərin çox az qismi danışıq dilini normal səviyyədə bilir. Dilin tədrisində bəzən səhvlərə yol verilir. Dərs zamanı müəllimlər əsasən qramatikaya və qaydalara daha çox vaxt ayırırlar. Şagirdlərin danışıq bacarıqlarını inkişaf etdirməsi üçün müəllimlərin dərs vaxtı onlarla bu dildə ünsiyət qurması vacibdir. Əzbəryönümlü dərslərlə dili öyrənmək və mənimsəmək olmaz. İngilis dili müəllimlərinin sertifikasiya imtahanının nəticələri də yüksək deyil.
Ötənilki imtahanda iştirak edən 13 min 957 xarici dil müəllimindən 21 faizi keçid balını toplaya bilməyib. Bu faktı elm və təhsil naziri Emin Əmrullayev də təsdiqləyib. Nazir bildirib ki, xarici dil müəllimlərinin 48 faizi 30-50 bal arasında, 31 faizi isə 51 baldan yüksək nəticə göstərib.
Mütəxəssislərin fikrincə, xarici dil müəllimlərinin sertifikasiyasında müsahibə mərhələsinin müddəti artırılmalıdır. Bu müddət yarım saat təşkil etməli və onların müsahibəsi tədris etdiyi xarici dildə aparmalıdır. Bu zaman müəllimlərin tədris etdikləri dili hansı səviyyədə bildiyi məlum olacaq. Tədris etdiyi xarici dildə ünsiyyəti bacarmayan müəllimlər isə sertifikasiyadan keçirilməməlidir. Şagirdlərin dil üzrə bilik və bacarıqlarının artırılması üçün peşəkar ingilis dili müəllimlərininin tədrisə cəlb olunması vacibdir.
Təhsil eksperti Qoşqar Məhərrəmov müəllimlərin ingilis dili üzrə danışıq səviyyəsinin aşağı olmasını onların universitet təhsili ilə əlaqələndirib:
“İngilis dilini bitirən müəllimlərin çoxu 4 il təhsil almalarına baxmayaraq bu dildə normal danışa bilmir. Çünki ali məktəbdə onlara əsasən ingilis dilinin nəzəriyyəsi, qrammatika və digər qaydalar öyrədilir. Gələcəyin müəllimlərinə ingilis dilində sərbəst danışıq lazımi səviyyədə öyrədilmədiyindən onlar da orta məktəblərdə sözügedən dil üzrə tədris aparmaqda çətinlik çəkirlər. Dili universitetdə öyrəndikləri kimi fonetika, semantika ağırlığında dərs keçirlər. Bu cür tədris, təbii ki, şagirdlərə zəruri heç nə vermir".
Ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlərin də təkmilləşdirilməsinə ehtiyac var. Tədrisdə istifadə olunan dərs vəsaitləri, kitablar şagirdlərdə oxuma, yazma və danışıq bacarığını formalaşdırır. Lakin danışma, informasiyanın öyrədiciliyi çox aşağı səviyyədədir. Tədris proqramının məzmunu da dəyişdirilməli və gücləndirilməlidir. Xarici dillərin tədrisi üçün məktəbin tədris bazasının olması zəruri şərt hesab edilir. Çünki tədris zamanı müəyyən dinləyici qurğulardan istifadə olunmalıdır. Bəzi məktəblərdə bu qurğular var. Lakin bəzilərində onlar işlək vəziyyətdə deyil. Sadalanan çatışmazlıqlar sonda ciddi, çoxşaxəli problem kimi ortaya çıxır və Azərbaycanda ingilis dilinin tədrisi ilə bağlı arzuolunmaz təəssürat yaradır.
Nərmin Qarazadə