Azedu.az

“Örnək müəllim”: Dərsliklər şagirdləri riyaziyyatçı kimi yetişdirməyə yönəlib

19 Fevral 2025, 11:21
“Örnək müəllim”: Dərsliklər şagirdləri riyaziyyatçı kimi yetişdirməyə yönəlib

“Digər ölkələrin dərslikləri ilə müqayisə etdikdə görürük ki, bizim dərsliklər daha çox şagirdi riyaziyyatçı kimi yetişdirməyə yönəlmişdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Riyaziyyat müəllimi, “Örnək müəllim” Murad Rəsulzadə bildirib.

 

Müəllim qeyd edib ki, riyaziyyat fənnini hər bir şagird eyni səviyyədə mənimsəyə bilmir:

 

“Bunun bir neçə səbəbi var. Əgər uşağın kiçik yaşlarından ailədə və məktəbəqədər təhsil müəssisələrində riyazi düşüncə tərzi formalaşdırılarsa, o, məktəbdə də daha yaxşı nəticələr əldə edə bilər. Bu il 5-ci sinif Riyaziyyat dərsliyi ilə bağlı fikrimi bildirmək istəyirəm. 5-ci sinif dərslikləri bu ildən yenilənib və artıq iki hissədən ibarətdir. Mövzular sistemli, ardıcıl və məzmun baxımından düzgün qurulub. İbtidai sinifdə riyazi bazası orta və ya yaxşı səviyyədə olan şagirdlər bu dərsliyi tam mənimsəyə bilərlər.

 

Düşünürəm ki, builki 5-ci sinif şagirdləri çox şanslıdırlar, çünki onlar sinifləri keçdikcə köhnə dərsliklərdən deyil, yeni iki hissədən ibarət dərslikdən faydalanacaqlar. Ümid edirəm ki, növbəti siniflərin dərslikləri də bu yanaşmanı davam etdirəcək”.

 

Ümumilikdə, riyaziyyat dərsliklərinin kifayət qədər yüklü olduğunu qeyd edən Murad Rəsulzadə bildirib:

 

“Digər ölkələrin dərslikləri ilə müqayisə etdikdə görürük ki, bizim dərsliklər daha çox şagirdi riyaziyyatçı kimi yetişdirməyə yönəlib. Halbuki biz çalışmalıyıq ki, şagirdlərə gündəlik həyatlarında tətbiq edə biləcəkləri qədər riyaziyyat öyrədək. Əgər şagird bu fənni daha dərindən mənimsəmək istəyirsə, bunu ali təhsil səviyyəsində öyrənə bilər.

 

Məsələn, 11-ci sinif dərsliyində limit, törəmə və inteqral mövzuları geniş şəkildə izah olunur. Halbuki bu bölmələri daha sadələşdirilmiş formada keçmək mümkündür. Eyni zamanda, 10-cu sinif dərsliyində yer alan kompleks ədədlər mövzusu əvvəllər çox geniş izah olunurdu. Şagirdlər bu mövzunu nə gündəlik həyatlarında, nə də gələcək fəaliyyətlərində tətbiq edə bilmədikləri üçün bu bölmə bir sıra təkliflər əsasında qısaldılıb və hazırda 11-ci sinif dərsliyində bir mövzu olaraq təqdim edilir”.

 

Həmsöhbətimiz qeyd edib ki, həndəsə bölməsində isə kürə və sfera mövzularının daha qısa formada verilməsi daha məqsədəuyğun olardı:

 

“Qeyd etmək istəyirəm ki, 5-ci sinifdən 11-ci sinfə qədər statistika və ehtimal bölməsi dərsliyin sonunda yer alır. Lakin 7-ci sinif dərsliyində bu bölmə ilk mövzu kimi təqdim olunub. Bu, şagirdlərdə çaşqınlıq yarada bilər, çünki onlar 5 və 6-cı siniflərdə bu mövzunu dərs ilinin sonunda keçdikləri halda, 7-ci sinifdə ilk bölmə kimi öyrənirlər. Bu bölmənin nisbətən asan olması nəzərə alınaraq dərsliyin sonunda yer alması daha məqsədəuyğun olardı”.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox