Təəssüf ki, bəzən dərs saatlarında məktəblilərin dərsdən qaçdığı, məktəbdən uzaqlaşıb "tüfeyli" işlərlə məşğul olduqları müşahidə edilir.
Bəs görəsən, elektron jurnala keçid və qayıba nəzarət sisteminin formalaşması şagirdlərin məktəbə qarşı məsuliyyətini artıracaqmı?
AzEdu.az Təhsil Portalına mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, elektron jurnala keçid valideyn və müəllim arasındakı ənənəvi problemləri azaldacaq:
“Elektron jurnal, valideynlərin birbaşa övladlarına nəzarət etməsi üçün rahat bir platformadır. Müəllimlər də jurnaldan düzgün və vaxtında istifadə etməlidir. Şagirdlərin dərsə davamiyyəti və qiymətləri sistemə vaxtında yerləşdirilərsə, valideyn və müəllim arasındakı problemlər azalacaq. Artıq valideynlər şikayətlərlə müəllimin üzərinə gəlib deyə bilməyəcəklər ki, "Övladım dərslərdə zəif idi və ya məktəbə gəlmirdi, mənə niyə xəbər vermirdiniz?" Bu cür halların qarşısını almaq üçün platformadan məsuliyyətlə istifadə etmək vacibdir.
IX, X, XI siniflərdə təhsil alan şagirdlərdə məktəbdən yayınma halları tez-tez baş verir. Valideyn, övladının məktəbə və hazırlığa getdiyini düşünür, amma onu nəzarət edə bilmir və nəticədə xoşagəlməz hallar yaranır.
Biz dövlət məktəblərində elektron jurnala keçid üçün bir qədər gecikmişik. Özəl məktəblərdə bu platforma uzun müddətdir tətbiq olunur. Əgər xarici ölkələrin təcrübəsindən, xüsusən də Azərbaycandakı özəl məktəblərdən tətbiq olunan layihələrdən faydalansaq, dövlət məktəblərinin səviyyəsi istədiyimiz həddə çata bilər".