Azedu.az

Məktəblərdə elektron jurnalların bu funksiyaları OLACAQ

Məktəblər

Tələbə və şagird

Müəllimlər və elm adamları

14 Fevral 2025, 15:26
Məktəblərdə elektron jurnalların bu funksiyaları OLACAQ

"Elektron jurnalların tərtibatı yalnız müəllim heyətinin səlahiyyətindədir, valideynlər isə bu jurnallara müdaxilə edə bilməz, yalnız onlara baxış imkanı əldə edirlər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib.

154952

 

Onun fikrincə gələcəkdə müəllim-şagird və müəllim-valideyn münasibətləri tamamilə rəqəmsallaşmalıdır:

 

"Bir çox inkişaf etmiş ölkələrdə elektron təhsil sistemləri uğurla tətbiq edilir. Bu sistemlər əsasən mobil tətbiq və veb portal şəklində təqdim olunur, heç bir proqramın kompüterə və ya mobil telefona ayrıca yüklənməsinə ehtiyac qalmır.

 

Bu platformalarda hər bir istifadəçinin öz hüquqları və səlahiyyətləri mövcuddur. İstifadəçilər yalnız onlara aid olan bölmələrə daxil ola bilərlər. Elektron jurnalların tərtibatı yalnız müəllim heyətinin səlahiyyətindədir, valideynlər isə bu jurnallara müdaxilə edə bilməz, yalnız baxış imkanı əldə edirlər.

 

Bundan əlavə, sistemdə şagirdlərin statistik göstəriciləri də əks oluna bilər. Lakin valideynlər və şagirdlər yalnız bu göstəricilərə baxa biləcək, heç bir dəyişiklik edə bilməyəcəklər. Bu statistika xüsusi alqoritmlər vasitəsilə formalaşdırılacaq və hər bir istifadəçi - şagird, valideyn, müəllim və digər əməkdaşlar öz bölməsində müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək".

 

Müsahibimiz bildirib ki, bu sistemdə inzibatçılıq hüququ istifadəçilərə verilmir, sadəcə istifadəçi səviyyəsində funksionallıq təmin olunur:

 

"Məsələn, dərsliklərin yerləşdirilməsi, həftəlik dərs cədvəlinin hazırlanması müəllimlərin səlahiyyətində olacaq. Bu sayədə valideynlər övladlarının hansı həftədə hansı dərsləri keçəcəyini, qiymətlərini, məktəb və şəhər üzrə hansı nailiyyətlərə sahib olduqlarını izləyə biləcəklər.

 

Valideyn və şagirdlərin sistemə müdaxilə etmək hüququ olmamalıdır. Necə ki, Facebook istifadəçiləri platformanın inzibatçıları tərəfindən yaradılan sistemə müdaxilə edə bilmirsə, burada da təhsil sistemi yalnız Təhsil Nazirliyi tərəfindən idarə ediləcək və bütün iştirakçılar yalnız onlara ayrılan səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək.

 

İnkişaf etmiş ölkələrdə bu sistem daha da təkmilləşdirilib. Valideynlər övladlarının dərs göstəriciləri, həftəlik dərs proqramı, iştirak edə biləcəkləri tədbirlər və digər mövzularda geniş məlumat əldə edə bilirlər. Azərbaycanda bu istiqamətdə yeni addımlar atılır və gələcəkdə müəllim-şagird, müəllim-valideyn münasibətləri tamamilə rəqəmsallaşmalıdır.

 

Məsələn, məktəb tərəfindən təşkil edilən hər hansı bir ekskursiya və ya tədbirin pullu və ya pulsuz olduğu proqram vasitəsilə rəsmi şəkildə elan edilməlidir. Eyni zamanda, məktəblərdə neqativ halların məsələn, valideynlərdən qanunsuz ödənişlərin yığılması və bu kimi digər problemlərin - rəqəmsallaşma ilə aradan qaldırılması mümkündür".

 

Ümumilikdə, belə bir sistemdə məktəblərdə İT mütəxəssisinə ehtiyac qalmır, deyə E. Abbasov bildirib:

 

"Çünki sistemin işlək mexanizmi mobil tətbiq və veb portal üzərindən təşkil olunur. Necə ki, mobil telefonlara müxtəlif proqramlar yükləyərək istifadə edirik, eyni qaydada valideynlər də bu sistem vasitəsilə övladlarına nəzarət edə biləcəklər".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox