Azedu.az

"Örnək müəllim": Məktəblərdə coğrafiyanın tədrisi üçün kabinetlər və avadanlıqlar olmalıdır

Məktəblər

Müəllimlər və elm adamları

14 Fevral 2025, 09:23
"Örnək müəllim": Məktəblərdə coğrafiyanın tədrisi üçün kabinetlər və avadanlıqlar olmalıdır

“Azərbaycan coğrafiyasının məktəb dərsliklərində əhatə dairəsi genişləndirilməlidir”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında coğrafiya müəllimi Turanə Abbasova bildirib.

154910

Müsahibimiz qeyd edib ki, dərsliklərin ən böyük üstünlüklərindən biri şagirdləri araşdırmaya təşviq etməsidir ki, bu da çox müsbət bir haldır:

 

“Fikrimcə, coğrafiya dərsliklərində xüsusi olaraq xəritə ilə işləmə bacarıqlarına daha çox vaxt ayrılmalıdır. Bu, şagirdlərin coğrafi bilikləri daha yaxşı mənimsəməsinə və praktik bacarıqlarını inkişaf etdirməsinə kömək edər. Coğrafiya fənni üçün xüsusi kabinetlər və təcrübə aparmağa imkan verən avadanlıqların olması da vacibdir: Bu, şagirdlərə nəzəri bilikləri praktik şəkildə sınamaq imkanı yaradacaq.

 

Bu il tədrisə başlayan 6-cı siniflərin yeni coğrafiya dərslikləri isə tamamilə uğurlu bir işin nümunəsidir. Müasir dövrün tələblərinə cavab verir və "Z" nəsli şagirdlərinin anlaması üçün daha əlverişlidir. Dərsliklərin ən böyük üstünlüklərindən biri şagirdləri araşdırmaya təşviq etməsidir ki, bu da sevindirici bir haldır. Kurikulum demək olar ki, tam tətbiq olunur və ehtimal ki, digər siniflər üçün də bu cür dərsliklər hazırlanacaq.

 

“Azərbaycan coğrafiyası daha dərindən öyrədilməlidir. Əvvəllər yalnız bir il ərzində Azərbaycan coğrafiyasını öyrənirdik və bu yanaşma mövzuların daha yaxşı mənimsənilməsinə kömək edirdi. Bunun kurikulum çərçivəsində necə tətbiq edilə biləcəyini düşünmək lazımdır",- deyə müəllim qeyd edib.

 

Həmsöhbətimiz dərsliklərdə bəzi hallarda Blum taksonomiyasının pozulduğunu bildirir:

 

"Normalda biliklər asandan çətinə doğru təqdim olunmalıdır. Lakin bəzi siniflərdə (məsələn, 6-7-ci siniflərdə) çətin, 8-9-cu siniflərdə isə daha asan mövzular verilir. Bu, şagirdlərin öyrənmə prosesinə mənfi təsir göstərə bilər və nəzərə alınmalıdır."

 

Həmsöhbətimiz qeyd edib ki, bəzi dərsliklərdə Günəşin düşmə bucağı ilə bağlı verilən şəkillər bir-birinə ziddir:

 

"Bu cür xırda problemlər dərsliklərin təkmilləşdirilməsi zamanı nəzərə alınmalıdır. Ümumilikdə, coğrafiya üçün xüsusi təcrübə sahələrinin yaradılması və yeni texnologiyalardan istifadə edilməsi vacibdir. Məsələn, interaktiv bir mobil tətbiq hazırlanaraq Yer kürəsinin Günəş ətrafında hərəkətini 3D formatda izləmək mümkün ola bilər. Eyni zamanda, çətin başa düşülən mövzuların vizuallaşdırılması üçün süni intellekt və animasiyalardan istifadə edilməlidir. Bu tətbiq müəllimlər və şagirdlər üçün əlçatan olarsa, coğrafiya dərslərinin daha maraqlı və effektiv olmasına töhfə verər".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox