Elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan şəxslər – müəllimlərin görməli olduğu vacib işlərdən biri də valideyn iclasını keçirməkdir.
Lakin hər birimizin həyatında - istər şagird, istər valideyn kimi - baş verən bu iclaslarda bəzən, maraqlı və xoşagəlməz hallar yaşanır. Bəzən müəllimlərlə valideynlər arasında mübahisə və fikir ayrılıqları yaranıb.
AzEdu.az bu barədə müəllimlər arasında keçirdiyi sorğunu təqdim edir:
Səltənət Quliyeva- (gənc müəllim) - “Fikrimcə, kənd müəllimlərinin əziyyəti şəhərdə çalışanlardan daha çoxdur. Hər zaman iclaslarda qeyd edirəm ki, müəllim valideynlərlə daim əlaqədə olmalı, birgə çalışmalıdır. Bu zaman effekt də güclü olur. Amma təəssüf ki, bir çox valideynə bunu izah etmək o qədər də asan olmur. Valideyn olmaq səhərdən axşama qədər çalışıb övladını maddi mənada təmin etməkdən ibarət deyil. Bəzən, düşünürəm ki, hər bir valideyn ən gec, ayda bir dəfə müəllimlərlə əlaqə saxlamalı, övladının təhsili ilə maraqlanmalıdır. İnanın ki, bəzən valideynlər olur ki, həftələrlə övladının gündəliyinə və ya tapşırıq dəftərinə baxmır. Şagirdin gündəliyi müəllimlə valideyn əlaqəsi üçün bir vasitədir. Hər bir valideyn bunu anlasa, hər gün övladı məktəbdən evə gələndə onun gündəliyinə, aldığı qiymətlərlə maraqlansa və müəllimlə əlaqə saxlasa nəticə daha yaxşı olar. Evdə valideynin, məktəbdə isə müəllimin məsuliyyətli olması hər bir şagirdin uğurlu gələcəyinə dəstək deməkdir.
Bizim cəmiyyətdə “xalxın uşağı” deyilən bir anlayış var ki, fikrimcə bu kənd yerlərində daha çox istifadə olunan bir ifadədir. Valideynlərlə fikir ayrılığım bu istiqamətdə olub.Bu ifadə ilə övladlarını psixoloji gərginliyə salmaqdansa , onlara dəstək olub inandığını ,yanında olduğunu göstərməyin doğru seçim olacağını valideynlərə bildirmək istəmişəm. Hər bir valideyn özünə inam hissini aşılamaq üçün əlindən gələni etməlidir.Bu mövzuda valideyn iclaslarında dəfələrlə mübahisələrimiz olub”.
Tural Topçuyev- (gənc müəllim): “Valideynlər iclasında valideynlərlə elə də fikir ayrılıqlarım olmur. Hər şeyin onların istəyinə uyğun olmasına çalışıram. Valideynlər övladlarına bəzən, müstəqil seçim vermirlər. Əksəriyyəti “öz istəyim necədirsə, elə də olsun” deyirlər. Bu məsələ məni çox narahat edir. İstəyim odur ki, şagirdlər özlərini harada görürlərsə, o sahəni də seçsinlər. Bəzən valideynlər də bunu qəbul etmək istəmirlər.
Vüsalə Əliyeva-“ İclaslarda mübahisəm övladı ilə maraqlanmayan valideynlərlə olub. Valideynlər heç olmasa, həftədə bir dəfə müəllimlərə zəng vurub, övladı ilə maraqlanmalıdır. İndi müasir texnologiyalara əsaslanan telefon, kompüter əksəriyyətimizdə var. Onun vasitəsilə də yazıb soruşmaq yaxşı olardı. Valideyndən nömrə götürürəm ki, onlarla əlaqə saxlayım. Çoxları şagirdin yaxşı oxumamasının səbəbini müəllimlərdə görür. Amma düzgün yanaşma deyil, çünki uşaq gündə 5-6 saat məktəbdədirsə, günün yerdəqalan saatını evdə keçirir. İndiki təhsil sistemində müəllim, valideyn, şagird əlaqə üçbucağını qoruyub saxlamaq lazımdır”.
Araz Hacıyev-“Valideynlərlə fərdi görüşməyi üstün tuturam. Düşünürəm ki, bunu bütün fənn müəllimləri tətbiq etsə, daha yaxşı olar. Çünki şagirdin hər hansı xüsusiyyəti haqqında mənfi və ya müsbət fikirləri yalnız şagirdin öz valideyninə deyilməlidir. Valideynlərlə hər hansı fikir ayrılığı və mübahisəm olmayıb. Şagirdlərin gerililiyini hiss edəndə valideynlərin onlarla məşğul olduğunu dediyi halda, amma o zaman valideynlərlə razılaşa bilmirəm”.