“Buraxılış imtahanlarının mart ayında keçirilməsi abituriyentlər üçün bir qədər tezdir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.
Ekspert bildirib ki, mart ayının əvvəlində buraxılış imtahanları keçirildiyi üçün şagirdlər imtahandan sonra məktəbə o qədər də meyil etmirlər:
"Bunun nəticəsində isə həm 3 aylıq tədris proqramından geri düşürlər, həm də məktəbin davamiyyəti zəifləyir. Məktəbə getmək yerinə, blok (qəbul) imtahanlarına hazırlaşmağa üstünlük verirlər. Burada Dövlət İmtahan Mərkəzinin (DİM) maraqlarına gəlincə, onlar imtahanların qrafik üzrə vaxtı-vaxtında keçirilməsinə əhəmiyyət verirlər.
DİM həm imtahanların keçirilməsinə, həm də cavab kartlarının yoxlanılmasına uzun müddət vaxt ayırır. Hətta bununla da yekunlaşmır. Nəticələr açıqlanandan sonra apellyasiyaya müraciət, şikayətlərə baxılması, qiymət verilməsi prosesi də xeyli zaman tələb edir”.
Müsahibimizin fikrincə, əgər imtahanlar may ayında təşkil olunsa, bu proses iyul ayına qədər uzanacaq. Nəticədə isə qəbul imtahanlarının keçirilməsi avqust ayına təsadüf edəcək:
"10 il əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi qəbul imtahanlarının nəticələri 3-4 gün ərzində elan olunurdu. O dövrdə buraxılış və qəbul imtahanları ayrı-ayrılıqda təşkil olunmurdu. 700 ballıq imtahan sistemi tətbiq edilirdi və yoxlama müddəti bir həftə davam edirdi. Apellyasiya və digər proseslər isə maksimum bir ay ərzində başa çatırdı. İmtahanlar əsasən iyun ayında keçirilirdi.
Lakin həmin dövrdə də imtahanlarla bağlı cəmiyyət arasında narazılıqlar mövcud idi. İsti havalarda imtahanların keçirilməsi ilə bağlı etirazlar səslənirdi. Ümumilikdə, cəmiyyət hər zaman bir səhv tapmağa meyilli olur. Buna baxmayaraq, buraxılış imtahanlarının mart ayında keçirilməsi abituriyentlər üçün bir qədər erkəndir. İmtahanların aprel ayında təşkil edilməsi daha məqsədəuyğun və effektiv ola bilər. Beynəlxalq təcrübəyə nəzər salsaq, imtahanların adətən aprel ayında keçirildiyini görmək mümkündür".