İbtidai siniflərdə şagirdlərə təqdim olunan bəzi mövzuların onların yaş və inkişaf səviyyəsinə uyğun olmaması mövzusu tez-tez müzakirə olunur. Hətta bəzən valideynlər və müəllimlərin belə mövzuları şagirdlərə izah edərkən çətinlik çəkdikləri dilə gətirilir.
Bəs, görəsən, ibtidai siniflərdə mövzuların məzmunu necə olmalıdır ki, həm şagirdlərin yaş səviyyəsinə uyğun, həm də onların maraq və təfəkkür inkişafına töhfə versin?
Mövzu ilə bağlı AzEdu.az-a danışan ibtidai sinif müəllimi Ülviyyə Ələkbərovanın sözlərinə görə, həm valideynlər, həm də müəllimlər bəzən bu mövzuları uşaqlara izah etməkdə çətinlik çəkirlər:
"Bu, hər iki tərəf üçün düşündürücü mövzudur, çünki təhsil proqramının əsas məqsədi uşaqların həm təfəkkürünün inkişafına, həm də maraqlarına uyğun olmalıdır. Bir müəllim olaraq hesab edirəm ki, mövzular uşaqların maraq dairəsinə yaxın, onların həyat təcrübəsinə əsaslanan sadə və anlaşıqlı şəkildə təqdim olunmalıdır. Tədris prosesində oyunlar, praktik fəaliyyətlər, qrup işləri və layihələrdən istifadə etmək bu məqsədə çatmağın ən təsirli yollarındandır. Məsələn, çətin qrammatika qaydalarını öyrənmək üçün yaradıcı yanaşmalar və oyunlar tətbiq etmək uşaqların bu mövzuları daha yaxşı qavramasına kömək edəcək".
Ətraflı məlumat almaq üçün "Telegram" kanalımıza keçid edə bilərsiniz.