Azedu.az

Genetik faktorlar uşaqların təhsilinə təsir edir? - ARAŞDIRMA

Məktəblər

Tələbə və şagird

25 Dekabr 2024, 09:24
Genetik faktorlar uşaqların təhsilinə təsir edir? - ARAŞDIRMA

Cəmiyyətdə uzun illərdir belə bir fikir mövcuddur ki, valideynlərin texniki və ya humanitar fənlərə marağı və bu sahələrdəki bacarıqları övladlarına təsir edir. Hazırda da ailələrdə belə bir tendensiya müşahidə olunur: məsələn, ata texniki fənlərə, ana isə humanitar fənlərə maraq göstərirsə, övlad ya atanın, ya da ananın maraq və bacarıqlarını genetik olaraq götürür. Və yaxud bütün nəsil texniki yönümlüdürsə, uşaq da onlara oxşayır.

 

AzEdu.az Təhsil Portalı olaraq bu məsələni araşdırdıq. Araşdırmamıza əsasən, mütəxəssislərin fikrincə, genetik irsiyyət bəzi sahələrdə bacarıq və ya meyllərin formalaşmasında rol oynayır. Məsələn:

 

Analitik düşüncə: Riyaziyyat və texniki sahələrdə müvəffəqiyyət üçün lazım olan analitik düşüncə müəyyən dərəcədə genetik olaraq ötürülə bilər.

 

Dil qabiliyyəti: Humanitar fənlərə maraq və uğur üçün vacib olan dillə bağlı bacarıqların bəzi aspektləri də genetik ola bilər.

 

Lakin genetik faktorlar uşağın təhsil həyatında yalnız bir amil olaraq qalır. Ətraf mühit, tərbiyə, valideynlərin təcrübəsi və sosial şərait də uşağın maraqları və bacarıqları üzərində böyük təsir göstərir. Məsələn, bir uşaq texniki sahələrə meyl göstərsə də, onu əhatə edən təhsil mühiti, müəllimləri və valideynlərinin dəstəyi bu meyli inkişaf etdirə bilər. Eyni şəkildə, bir uşaq humanitar fənlərə maraq göstərirsə, bu maraq həm də valideynlərin, müəllimlərin və mühitin təsiri ilə daha da güclənə bilər.

 

Bu səbəbdən, uşaqların təhsilində genetik faktorlar mühüm olsa da, onları tam olaraq müəyyən etmir. Ətraf mühit və təhsil şərtləri də əhəmiyyətli rol oynayır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu düşüncə müəyyən qədər doğru olsa da, vəziyyəti yalnız genetik faktorlarla izah etmək mümkün deyil:

152048

"Müasir təhsil yanaşmaları göstərir ki, fərdlərin maraq və bacarıqları təkcə irsi yolla deyil, həm də ətraf mühit və valideynlərin şəxsi təcrübələri ilə formalaşır. Əslində, valideynlərin maraqları və bacarıqları uşaqların inkişafına müəyyən dərəcədə təsir göstərə bilər, lakin bu təsir birbaşa genetik faktorlarla bağlı olmaya da bilər".

 

Azərbaycan dili və ədəbiyyat müəllimi, “Örnək müəllim” Kəminə Zalova AzEdu.az-a açıqlamasında bildirib ki, şagirdin potensialı burada ən önəmli amildir:

 

152047

"Genetik faktor tamamilə inkar edilə bilməz, lakin şagirdin formalaşdığı mühit, müəllimə və fənnə olan sevgisi çox əhəmiyyətlidir. Məsələn, elə riyaziyyat müəllimləri var ki, onların övladları ədəbiyyat və dillərə olan maraqları ilə humanitar sahəni seçiblər".

 

Təhsil eksperti Elçin Əfəndiyev AzEdu.az-a açıqlamasında bildirib ki, uşağın dünyaya gəlişi zamanı valideynlərdən ötürülən genetik informasiya onun inkişafına müəyyən təsir göstərir.

152046

 

"Məsələn, qız uşağına bilik və bacarıqlar daha çox ata tərəfindən, oğlan uşağına isə ana tərəfindən genetik olaraq təsir edir. Bu halda, ananın müəyyən sahələrdəki bilik və bacarıqları oğulda öz əksini tapır, qız uşağında isə atanın intellektual yanaşması və dünya görüşü əks olunur. Lakin vacib məqam ondan ibarətdir ki, abituriyentlərə sərbəst seçim imkanı verilməlidir. Bu gün valideynlərin istəyi ilə texniki və ya humanitar sahələrə deyil, əmək bazarında tələbatı olan ixtisaslara üstünlük verilməsi daha məqsədəuyğundur",

 

AzEdu.az-a danışan Riyaziyyat müəllimi Kamil Dünyamalıyev qeyd edib ki, keçmiş Sovet dövründə belə bir tendensiya var idi ki, uşaqlara ixtisası və nəyi oxuyacağını valideynləri seçirdi:

152049

"Amma son dövrlərdə şagirdlər artıq öz seçimlərini edirlər və bu işdə onlara valideynlər də dəstək olur. Lakin təəssüf ki, bir çox hallarda hələ də ata-ana seçimləri qalır. Əgər ata texniki yönümlüdürsə, övladı da o sahədə uğurlu olacağını düşünür. Eyni qayda ilə ana. Lakin bu, əksər hallarda özünü doğrultmur.

 

Genetika məsələsinə gəldikdə isə, həqiqətən də bəzi nümunələrdə bu atadan övlada irsən ötürülür və çox uğurlu nəticələr alınır. Xüsusilə humanitar sahələrdə isə qız övladlar daha çox analarını nümunə götürür və inanırlar ki, əgər anası uğurludursa, onlar da uğurlu olacaq".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox