“Məktəblərdə yığılan fond pulunun necə xərcləndiyi barədə valideynlərə çox zaman məlumat verilmir, şəffaflıq təmin olunmur və bu da təhsil sisteminə inamsızlıq doğurur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib.
O qeyd edib ki, məktəblərdə şagirdlərdən marker, A4 kağızı və digər tədris ləvazimatlarının tələb olunması və fond pulu yığılması məsələsi təhsil sistemində ciddi problemlərdən birinə çevrilib:
“Təhsil konstitusiyaya əsasən dövlət tərəfindən pulsuz təmin edilməli olduğu halda, məktəblərin bu tələbləri valideynlər arasında narazılıq yaradır və sistemdəki maliyyə və idarəetmə boşluqlarını üzə çıxarır. Bu məsələ həm sosial ədalət baxımından, həm də təhsilin keyfiyyətinə olan inam baxımından narahatlıq doğurur.
Məktəblərin tədris ləvazimatları üçün şagirdlərdən tələbkar olması ilk növbədə maddi-texniki təchizatın qeyri-kafi olması ilə bağlıdır. Dövlət büdcəsindən təhsil müəssisələrinin təminatı üçün ayrılan vəsaitlərin məktəblərin real ehtiyaclarını tam şəkildə qarşılamadığı görünür. Məktəb rəhbərlikləri və müəllimlər yaranmış boşluğu doldurmaq üçün məcburiyyət qarşısında valideynlərdən maddi və ya ləvazimat yardımı istəyirlər. Bu isə valideynlərin üzərinə əlavə maliyyə yükü qoyur".
Ekspert qeyd edib ki, aşağı gəlirli ailələr üçün marker, kağız və digər xırda xərclər belə ciddi bir problemə çevrilir:
"Statistikaya görə, Azərbaycanda ailələrin orta aylıq gəliri təxminən 880 manatdır. Təhsil prosesi üçün lazım olan bu kimi ehtiyacların dövlət büdcəsindən qarşılanması tələb olunsa da, məktəblər çox zaman bu vəsaiti əldə edə bilmir və çıxış yolunu valideynlərin üzərinə əlavə yük qoymaqda görür.
Fond pulu adı altında yığılan vəsaitlər də ciddi problemlər yaradır. Bu vəsaitlərin necə xərcləndiyi barədə valideynlərə çox zaman məlumat verilmir, şəffaflıq təmin olunmur və bu da təhsil sisteminə inamsızlıq doğurur. Maddi imkanı yaxşı olan ailələr üçün bu ödənişlər əhəmiyyətli görünməsə də, aztəminatlı ailələr üçün sosial bərabərsizliyi dərinləşdirən bir amilə çevrilir.
Məktəblərdə valideynlərin üzərinə qoyulan əlavə xərclər təhsildə sosial bərabərsizliyi artırır. Maddi imkanları aşağı olan ailələr bu tələbləri ödəməkdə çətinlik çəkir və nəticədə şagirdlər özlərini fərqləndirilmiş və təzyiq altında hiss edə bilirlər. Təhsil isə bərabər imkanlar yaratmalı, sosial fərqliliyi aradan qaldırmalı və hər bir şagirdə keyfiyyətli təhsil almaq imkanı təqdim etməlidir.
Bununla yanaşı, fond pulu və digər vasitələrlə valideynlərin dəstəyinin təşkil olunması məktəblərdə şəffaf idarəçilik problemini üzə çıxarır. Toplanan vəsaitlərin hara xərcləndiyi və necə idarə olunduğu barədə valideynlərin məlumat ala bilməməsi ciddi narahatlığa səbəb olur. Təhsildə şəffaflıq və hesabatlılıq təmin olunmadıqda bu vəziyyət valideynlərin təhsil sisteminə olan inamını sarsıdır".
K.Əsədov beynəlxalq tərbüdən də söz açıb:
Dünyanın inkişaf etmiş ölkələrində məktəblərin maliyyələşdirilməsi tam şəkildə dövlət tərəfindən həyata keçirilir. Təhsil sistemi dövlətin əsas öhdəliyi kimi qəbul olunur və valideynlərə əlavə maliyyə yükü qoyulmur.
Finlandiyada məktəblərin bütün ehtiyacları dövlət tərəfindən qarşılanır. Şagirdlərin tədris materialları, hətta gündəlik qidalanmaları belə dövlət büdcəsindən maliyyələşdirilir. Almaniyada məktəblərin maliyyə xərcləri şəffaf şəkildə müəyyən olunur və valideynlərdən hər hansı əlavə ödəniş tələb olunmur. Böyük Britaniyada da valideynlərdən pul yığımı qəti şəkildə qadağandır və məktəblər ehtiyaclarını yalnız dövlət tərəfindən ayrılan vəsaitlər hesabına təmin edirlər.
Bu ölkələrdə təhsildə bərabərlik və şəffaflıq əsas prinsip kimi qəbul edilir. Məktəblərin maliyyələşdirilməsi tam şəkildə dövlətin üzərinə düşən vəzifədir və valideynlərin üzərinə heç bir maliyyə yükü qoyulmur. Azərbaycanda da bu təcrübədən yararlanaraq təhsildə bərabərlik və şəffaflıq təmin olunmalıdır".
Həmsöhbətimiz qeyd edib ki, məktəblərdə marker, kağız və digər ləvazimatların tələb olunmasının qarşısını almaq və fond pulunun yığılmasını tamamilə dayandırmaq üçün bir sıra addımlar atılmalıdır:
"Bunlar biri dövlət büdcəsindən məktəblərin maddi-texniki təminatı üçün ayrılan vəsaitlər artırılmasıdır. Tədris prosesinin keyfiyyətli şəkildə təşkil olunması üçün lazım olan ləvazimatlar dövlət tərəfindən tam şəkildə qarşılanmalıdır.
Məktəblərin maliyyə xərcləri ilə bağlı şəffaflıq təmin olunmalıdır. Hər bir məktəbin büdcəsi və xərcləri ilə bağlı ictimaiyyətə açıq hesabatlar təqdim edilməli, valideynlərin təhsil prosesinə olan inamı bərpa edilməlidir.
İctimai nəzarət mexanizmləri yaradılmalıdır. Valideynlərdən, müəllimlərdən və təhsil ekspertlərindən ibarət nəzarət komitələri yaradılaraq məktəbin ehtiyaclarının qiymətləndirilməsi və həlli istiqamətində şəffaf qərarlar qəbul edilməlidir.
Valideynlərin maarifləndirilməsi vacibdir. Valideynlər bilməlidirlər ki, fond pulu yığımı qanunsuzdur və bu cür hallarla qarşılaşdıqda Təhsil Nazirliyinə və müvafiq qurumlara şikayət edə bilərlər.
Alternativ maliyyələşmə mexanizmləri tətbiq olunmalıdır. Məktəblərin gündəlik ehtiyacları üçün ayrıca büdcə fondu yaradıla bilər və bu fondların istifadəsi tam şəffaf şəkildə həyata keçirilməlidir.
Məktəblərdə şagirdlərdən tədris ləvazimatlarının tələb olunması və fond pulu yığılması təhsil sisteminin maliyyələşməsi və idarəolunması sahəsindəki çatışmazlıqları üzə çıxarır. Təhsil dövlət tərəfindən pulsuz təmin edilməlidir və valideynlərə əlavə maliyyə yükü qoyulmamalıdır. Problemin həlli üçün məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, şəffaflıq və hesabatlılıq təmin olunmalı, qanunsuz fond yığımlarının qarşısı qəti şəkildə alınmalıdır. Təhsildə bərabər imkanlar yaradılmalı və hər bir şagirdin keyfiyyətli təhsil alması üçün dövlətin tam dəstəyi təmin olunmalıdır. Yalnız bu halda təhsil sistemi cəmiyyətin inamını doğruldar və ölkənin gələcək inkişafına töhfə verə bilər".