Deyirlər, müəllim bir şama bənzər, özünü əridərək başqalarına da işıq verər.
Bəs görəsən elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan şəxslərin müəllimlik həyatında nə kimi maraqlı və gülməli əhvalatlar olub?
AzEdu.az bununla bağlı gənc müəllimlərə müraciət edib:
Nuranə Abbaslı - “Müəllimlik həyatımda gülməli əhvalatlarım çox olub. Bir dəfə şagirdlərimə tənəffüs zəngi bitənə qədər dərs keçmişəm. O zaman digər ixtisas müəllim gələrək söylədi ki, artıq çıx mənim dərsimdir. Daha sonra şagirdlər “ay müəllim, niyə imkan vermədiz ki, tənəffüsə çıxaq”?! Mən isə şagirdlərimə zəngin səsini eşitmədiyimi bildirdim…”(gülür)
Aysel Səfərzadə-“Mən Şəki şəhəri baş Göynük kənd 1 saylı orta məktəbdə müəllim işləyirəm. Kənd məktəbində müəllim olaraq fəaliyyət göstərdiyimdən çoxlu maraqlı və gülməli əhvalatlarım olub. Bir dəfə sinfə daxil olub, jurnalda siyahıya baxaraq şagirdlərə söylədim ki, aralarında biri yoxdur, hardadır?! Şagirdlər isə söylədi ki, həmin şagird yerdədir. Məndə yerə əyilərək baxıram ki, şagird yoxdur. Sonra məlum oldu ki, şagirdlər həmin uşağın məktəbin həyətində olduğunu söyləyiblər.
Müəllim işlədiyim ilk vaxtlarda şagirdlərimin biri “saat” sözünü dəfələrlə təkrar edirdi. Elə bilmişəm ki, şagirdim saata baxmaq istəyib mən də söylədim ki, saatı alıb sındıracam. Daha sonra şagirdlər gülməyə başladı . Sonda məlum oldu ki, oğlan şagirdimin adı Saat imiş…”(gülür)
Aysel Alıcanova- “Tətil gününə sayılı günlər qalmışdı, şagirdlərimə söylədim ki, tətilə buraxılırsınız, gəlməyin. Şagirdimlərimdən birinin valideyni evdə övladına söyləyib ki, sabah dərsdir. Səhər dərsə gəldiyim zaman gördüm ki, tətil olmasına baxmayaraq şagirdim dərsdədir. Sonda ona məlum olub ki, tətildir”. (gülür)
Zəminə Qarayeva- “Müəllim kimi başıma gələn ən maraqlı hadisə.... Bir dəfə şagirdlərimi Şəhidlər Xiyabanına aparmışdım. Orada şeir deyib, məlumatları söyləyib, şəhidlərimizin xatirəsini yad etdik Xiyabandan qayıtdığımız zaman şagirdin biri bir sual verdi: Müəllim, bizim əsgərlərimiz vətənimizin azadlığı uğrunda canlarından keçib Şəhid adı qazanıblar... Bəs düşmənlərin əsgərləri bizim vətən uğrunda döyüşüb öləndə ona nə ad verirlər? ”Məni hələ də bu sual düşündürür”.
Araz Hacıyev- “Yardımlı rayon Dağüzü kəndində ilk müəllimlik fəaliyyətinə başlayırdım, 2012-ci il idi. Yeni ortam, kollektiv, tanımadığım insanlar sanki yeni mədəniyyət, adət-ənənə idi. Hər şey maraqlı olduğu qədər də həyəcanlı idi. İlk günlərdə həyəcanlı olduğum dərslərdən biri idi. 5-ci sinifdə “Ata yurdu” ( Azərbaycan tarixi ) dərsində idim. Gördüm şagirdlərdən biri yanında olan parta yoldaşı ilə nəsə danışır və hiss edirəm ki, məndən gizlətmək istəyirlər. Məsələyə aydınlıq gətirmək üçün ayağa qaldırıb nə baş verdiyini soruşdum. Çox utancaq biri olduğu üçün dolayı yolla nə baş verdiyini çətinliklə öyrəndim. Mən o kəndə yeni gedəndə ilk günlərdə məlum məsələ valideynlər müəllim haqda övladlarından necə olduğunu soruşublar. Uşaq evdə məni təsvir edəndə boyumun balaca olduğunu da söyləyib, atasıda deyib ki, (uşağın dilindən ) a bala müəllimin boyu balacadırsa və birdə bax gör eynək taxırsa savadlı müəllimdir. Uşaqda atasına deyib ki " ata eynəyi yoxdu amma boyu balacadı, yəqin çox da savadlı deyil ". Eynəyi olsaydı, savadlı olardı. Mən o zaman çox gülmüşdüm…”
Səltənət Quliyeva- “İlk dərs günümdə maraqlı bir hadisə baş vermişdi. İlk dərsim 4 il bundan öncə 11-ci sinifdə idi. Sinfə girdiyim zaman çox həyəcanlı idim. Şagirdlərlə tanış oldum və mənə suallar verməyə başladılar. Suallara cavab vermək istəyirdim ki, qolum çox möhkəm ağrımağa başladı. O zaman nə baş verdiyini anlamadım, uşaqlar üzümə baxır , mən isə onlar anlamasın deyə səsimi çıxara bilmirdim. Qolumu stoldan qaldırdım və arının məni sancdığını gördüm. Elə bu ağrı ilə də dərsə davam etdim. Şagirdlərimə bu barədə heç bir şey demədim. Zəng vuruldu arının iynəsini çıxartdım qolum çox şişmişdi. Ən maraqlısı isə ömrümdə ilk dəfə idi ki, məni arı sancırdı. Həm də ilk dərs günümdə…”(gülür)
Tural Topçuyev-“Mən şagirdlərim ilə hər gün gülürəm. Bir dəfə şagirdlərimizlə təcrübə olaraq vulkan maketi hazırlayıb, onu püskürtməli idik. Vulkanı püskürtmək üçün hər şey hazır idi. Lakin Aytac adlı bir şagirdim sirkəni az gətirdiyi üçün vulkan püskürmədi. Vəziyyətdən çıxmaq üçün dedim ki, uşaqlar çökmə süxur qalın olduğu üçün vulkan sönmüş çıxdı. Bu da şagirdlərdə bir təbəssüm yarandı və böyük gülüşə səbəb oldu…”(gülür)