“Bu gün ciddi və ağır səviyyəli davranış qaydaları bizim məktəblərdə müəyyən hallarda pozulur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.
Azərbaycanda şagird davranış qaydalarındakı yüngül pozuntu halları müzakirə olunduğundan 2 ildir bu qaydalar bütün ölkəni əhatə edə bilmir:
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları 2022-ci ilin sonlarından ictimai müzakirəyə buraxıldı. Bu qaydalarda əks olunan bəzi detallar ictimaiyyət tərəfindən bir o qədər də düzgün qarşılanmadı. Ən çox müzakirə olunan “Ev tapşırığına görə, dəhlizdə qaçmağa, eləcə də dərs zamanı pəncərədən aşağı boylanmağa görə” uşağın cəza alması kimi mexanizmlər idi.
Ümumiyyətlə şagird davranış qaydalarında qayda pozuntusu 6 səviyyəyə görə təsnifatlandırılıb.
Çox təəssüf ki, dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq, dərsi pozmaq, ev tapşırığını yerinə yetirməmək, yaxud natamam yerinə yetirmək, həmçinin çalışmaları vaxtında təhvil verməmək kimi yüngül səviyyəli pozuntular müzakirə mövzusuna çevirildi.
Məhz bu yüngül səviyyəli qayda pozuntularına görə 2 ildir şagird davranış qaydaları Azərbaycanda bütün təhsil sektorunu əhatə edə bilmədi”.
“Şagirdlərin davranış qaydaları ölkə üzrə 300 məktəbdə tətbiq olunur ki, bu da heç ümumi təhsil mühitinin 1/10 əhatə etmir”,-deyə müsahibimiz vurğulayıb:
“Yaxın vaxtlarda qaydanın tətbiq olunacağı məktəblərin sayı artırılaraq 500 olacağı gözlənilir. Fikrimcə, təxirəsalınmaz şəkildə proses bütün Azərbaycanın orta ümumi təhsil seqmentini əhatə etməlidir.
Şagird davranış qaydaları arasında tətbiqi çox absurd olan pozuntular və onların mexanizmləri yer alır. Məsələn: “Məktəbin qadağan olunmuş ərazisinə getmək, ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizam-intizamı pozmaq, dərsdən sonra məktəbdə saxlanılma prosesində iştirak etməmək” və s. Bunlar orta səviyyəli qayda pozuntularına aid edilir.
Ağır qayda pozuntularını və ona tətbiqinə şərait yaradan səbəblərin olmasını istəmərəm. Ancaq zənnimcə, məktəblərdə III-V səviyyəli ciddi və ağır qayda pozuntularının olmaması üçün şagird davranış qaydaları tətbiq edilməlidir.
Bu kateqoriyadan olan pozuntular hüquqi prosedur tələb edən və ən yaxşı halda şagirdin məktəbdən uzaqlaşdırılmasına səbəb olan normalardır.
Ən ağır davranış pozuntuları V səviyyəyə aiddir. Orada “Təhlükəsizlik qaydalarını ölümə səbəb olacaq şəkildə pozmaq, başqalarının əşyalarını və ya məktəb əmlakına qəstən zərər vurmaq, şagird yoldaşına qarşı fiziki zorakılıq halları, akademik nəticələri saxtalaşdırmaq və bu məqsədlə məktəb kollektivinə pul, hədiyyə və s. şeylər təqdim etmək, qeyri-etik məlumatları kağız və elektron halda əldə etmək və yaymaq” daxildir.
Bu gün ciddi və ağır səviyyəli davranış qaydaları bizim məktəblərdə müəyyən hallarda pozulur. Düşünürəm ki, şagird davranış qaydaları yüngül və ağır cəza mexanizmləri ilə həyata keçirilsə və bütün məktəblərdə tətbiq olunsa IV və V səviyyəli pozuntuların sayı xeyli azalacaq. Çünki bu qaydalar şagirdlərə ismarıc verir ki, “Baxın, bu qayda pozuntularına görə ağır cəzalar da ala bilərsiniz, təhsil həyatınız iflic də ola bilər”.
Bu baxımdan birmənalı şəkildə şagird davranış qaydalarının yüngüldən ağıra kimi məktəblərdə tətbiq olunmasının tərəfdarıyam”.