“Məktəbli çantalarının konkret ağırlıq göstəricisi olmur”
Bu sözləri AzEdu.az-a müsahibəsində Respublika Klinik Xəstəxnası Travmatologiya və ortopediya şöbəsinin müdiri Eldar Əsədli bildirib.
Travmatoloq bildirib ki, çanta seçimi edərkən onun ikiçiyinli olmasına və öz çəkisinin yüngül olmasına diqqət etmək lazımdır:
“İkiçiyinli çantalar ağırlığın bərabər şəkildə bölünməsinə yardımçı olur. Ağırlıq bərabər bölündükdə şagirdlərin belinə daha az güc düşür.
Bəzən bildirirlər ki, çantaların siniflər üzrə konkret ağırlığı müəyyən olunmalıdır. Amma nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsində siniflər üzrə ağırlıq anlayışı yoxdur, çünki 1-ci sinifdə oxuyan 35 kg-lıq uşaq da ola bilər, 50 kg-lıq da”.
“Məktəbə gedərkən uşaqların çantasını valideynlərin daşıması tövsiyə olunur”,-deyə müsahibimiz qeyd edib:
“Əgər şagirdlər çantaları daşımaqda çətinlik çəkirlərsə, onurğalarına güc düşürsə, bir müddət valideynin onlara dəstək olması məsləhətdir.
Onurğa sütununun düzgün olması üçün çantalardan əlavə parta arxasında oturma qaydası da düzgün olmalıdır. Məktəblilər parta arxasında dik, 90 dərəcə bucaq altında oturmalı, dirsəklərini partaya tam qoymalıdırlar. Bədən quruluşunun normallığını təmin etmək üçün idman dərslərindən yayınmamaları tövsiyə edilir.
Şagirdlər çalışmalıdırlar ki, dərsdən öncə idman hərəkətləri etsinlər, eyni zamanda idman dərslərində də mütləq iştirak etsinlər. Asudə vaxtlarında voleybol, basketbol və üzgüçülüklə məşğul olmaq sağlam və düzgün bədən quruluşuna dəstək olur”.