“Məktəblərdə dərslərin 45 dəqiqədən çox olmasının tərəfdarı deyilik”.
Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) deyib.
E. Əfəndiyev bildirib ki, bir çox ölkələrdə dərs müddəti getdikcə azaldılır:
“Tam orta təhsil müəssisələrində dərs müddəti 45 dəqiqədir. Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sinifdəki uşaq sayından asılı olmayaraq ümumi təhsil müəssisələrində dərs müddəti 45 dəqiqə müəyyənləşdirilib. Bu müddət beynəlxalq standartlarda maksimum 40, bəzi yerlərdə isə 45 dəqiqədir. Bu vaxt şagirdlərin psixoloji cəhətdən mövzuları mənimsəmələri, məşğələlərin və verilən tapşırıqların icrası üçün təyin edilmiş müddətdir.
Dünyanın əksər ölkələrində bu vaxt get-gedə azaldılır. Məsələn, yaxın zamanlarda Qazaxıstanda dərs müddətinin 40 dəqiqə olması ilə bağlı qərar qəbul edildi. Amma bir çox ölkədə bu müddət 45 dəqiqədir.
Hazırda təkcə bizdə deyil, dünyanın bir çox ölkələrində vaxtla bağlı ciddi problemlər yaşanır. Bəlkə nə vaxtsa Azərbaycanda da dərs müddəti 40 dəqiqə ola bilər. Amma vaxtın çoxaldılması ilə bağlı düşünmürəm ki, qərar qəbul edilsin.
Amma qeyd etmək lazımdır ki, bir sinifdə 35- 40 şagird təhsil alırsa, müəyyən edilmiş vaxt bütün şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün yetərli deyil”.