Azedu.az

XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşada davam edir

Məktəblər

25 Sentyabr 2024, 15:16
XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşada davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşa şəhərində davam edir.

AzEdu.az xəbər verir ki, sentyabrın 25-də məktəb iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyə qlobal baxış” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə Azərbaycan Respublikasının dini sahədə qanunvericiliyindən, dövlət-din münasibətlərindən, DQDK-nin əsas fəaliyyət istiqamətlərindən söz açılıb. Həmçinin ölkədəki dini müxtəliflik mühitinin qorunması üçün görülən tədbirlərdən, dini abidələrin tikintisi və bərpasına göstərilən dövlət qayğısından danışılıb.

Günel Yusifi mühazirəsində bildirib ki, Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olublar. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.

Məruzəçi bildirib ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.

Mühazirə XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Oktyabrın 1-dək davam edəcək məktəbin iştirakçıları üçün Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyalar təşkil olunacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox