Azedu.az

Şagirdlərin qayibi qiymətlərinə təsir etməlidir

Məktəblər

24 Sentyabr 2024, 15:57
Şagirdlərin qayibi qiymətlərinə təsir etməlidir

Məlumdur ki, istər ümumtəhsil, istərsə də ali təhsil müəssisələrində dərsə gəlməyən təhsilalanlara qayib yazılır. Ali təhsil müəssisələrində sistem elədir ki, qayib limitini dolduran tələbə dərsə buraxılmır və həmin fəndən kəsrə düşür. Lakin məktəblərdə bu belə deyil. Şagirdlər dərsə gəlmədiyi müddətdə qayibları qeyd olunur, amma həmin qayib onun heç bir dərs fəaliyyətinə təsir etmir.

 

Maraqlıdır, bu bir önəm kəsb etmirsə qayib niyə yazılır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib ki, qayib yazılması həm tələbələrin, həm də şagirdlərin dərslərdə iştirakını izləmək və təhsil prosesinin davamlılığını təmin etmək üçün tətbiq olunur:

 

“Dərsə gəlməyən şəxslərə qayib yazılması, istər ümumtəhsil, istərsə də ali təhsil müəssisələrində mövcud tədris nizamının bir hissəsidir. Lakin burada ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əhəmiyyətli fərqlər mövcuddur.

 

Bu mövzunu daha geniş təhlil etmək üçün bir neçə vacib məqamı vurğulamaq lazımdır: qanunvericilik, qayib yazılmasının səbəbləri, dünya təcrübəsi, tədris keyfiyyəti və qayib sisteminin hər iki təhsil pilləsinə təsiri bunlara aiddir.

 

Azərbaycanda ümumtəhsil və ali təhsil müəssisələrində qayib sistemi müxtəlif qanunvericilik və nizamnamələrə əsaslanır. Ümumtəhsil məktəblərində bu sistem Azərbaycan Respublikasının Ümumtəhsil Məktəblərinin Nizamnaməsinə əsasən, şagirdlərin dərslərdə davamiyyətinin izlənməsi və qayib qeydiyyatı vacibdir. Məktəblərdə qayib yazılmasının məqsədi şagirdlərin məktəbdə olmasını təmin etmək və onların dərslərdən geri qalmamasının qarşısını almaqdır. Ümumtəhsil məktəblərində qayiblar şagirdin yekun qiymətləndirilməsinə və dərsdə irəliləyişinə birbaşa təsir göstərmir. Yəni şagirdin çox sayda qayibi olsa belə, bu onun dərsdən kəsilməsi ilə nəticələnmir.

 

Ali təhsil müəssisələrində isə qayib sisteminə daha ciddi yanaşılır. Ali təhsil müəssisələrinin daxili nizamnaməsində tələbələrin dərsə davamiyyətinin vacibliyi vurğulanır və qayib limiti müəyyən edilir. Tələbə müəyyən edilmiş qayib limitini keçdikdə həmin fəndən dərsə buraxılmır və kəsir alır. Bu, tələbələrin dərslərdə davamlı şəkildə iştirakını təmin etmək və onların akademik məsuliyyətini artırmaq məqsədi daşıyır”.

 

Ekpert qayibların tələbə və şagirdlərə təsirindən söz açıb:

 

“Tələbə və ya şagird dərsə müntəzəm şəkildə gəlmədikdə, onların tədris materialını tam mənimsəməsi çətinləşir. Bu da ümumilikdə təhsil keyfiyyətinə mənfi təsir göstərir.

 

Şagirdlər dərsə gəlmədikdə qayib yazılsa da, bu onların dərsdən kəsilməsi ilə nəticələnmədiyi üçün bəzən valideynlər və şagirdlər bu qaydaya ciddi yanaşmırlar. Nəticədə şagirdlər dərsə gəlməməyi adi hal kimi qəbul edə bilərlər. Bu, onların dərslərdə zəif irəliləyişinə, məktəbdə motivasiyanın azalmasına və nəticədə təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

 

Ali təhsil müəssisələrində isə qayıb limiti tələbələrə dərslərə daha məsuliyyətli yanaşmağı öyrədir. Çünki tələbənin dərsə gəlməməsi onun akademik uğuruna birbaşa təsir göstərir. Bu qayda təhsilin keyfiyyətini qorumaq və tələbələrin dərslərə davamlı şəkildə qatılmalarını təmin etmək məqsədi daşıyır”.

 

“Qayib yazılması vacibdir, çünki bu, şagirdlərin davamiyyətini izləməyə kömək edir”,- deyə K.Əsədov qeyd edib:

 

“Ancaq qayibin şagirdin akademik fəaliyyətinə təsir etməməsi şagirdlərin dərslərdə iştirakına və ümumi tədris prosesinə zəif yanaşmasına səbəb ola bilər. Buna görə də, qayib yazılması ilə bağlı daha ciddi tədbirlər görülməsi və qayibların şagirdin yekun qiymətləndirilməsinə təsir etməsi vacibdir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox