Azedu.az

Müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb...

23 Sentyabr 2024, 16:10
Müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb...

Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib.

 

Mütəxəssis qeyd edib ki, günümüzdə müəllimlərə olan inam və güvən get-gedə azalır:

 

“İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, bugünkü günümüzdə bir vaxtlar ən müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Bu, bir sıra obyektiv və subyektiv səbəblərlə şərtlənir ki, bunların da içərisində müəllimə olan inam və güvənin azalmasını qeyd etməmək olmaz.

 

Səmimi olaraq onu da etiraf edək ki, bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır.

 

Hələ sertifikasiyanın ilkin acınacaqlı nəticələrinin ictimailəşdirilməsi də müəllim nüfuzuna heç də təsirsiz ötüşməyib. Halbuki, bu kimi nəticələrdən xidməti istifadədə yararlanmaq daha faydalı olardı, nəinki, onları ictimailəşdirmək.

 

Ən başlıca səbəb isə hesab edirəm ki, elmi-texniki tərəqqinin, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirməsidir.

 

Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbdə olmasına və bunların müştərilərinin də xeyli sayda artmasına gətirib çıxarır. Bir sözlə, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır.

 

O da təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır. Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz.

 

Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır.

 

İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin nədənsə biz çox halda, əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə konkret bir təklif verməyə”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox