Məlumdur ki, hər bir valideyn övladının yaxşı təhsil almasını istəyir. Bəzi valideynlər isə yüksək keyfiyyətdə təhsili özəl məktəb və liseylərdə görür.
Maraqlıdır ki, özəl və dövlət məktəblərinin fərqi nədir?
Mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, övladını xarici universitetlərə yönləndirmək istəyən valideynlər özəl məktəblərə üstünlük verirlər:
“Valideynlər hesab edir ki, özəl məktəblərdə xarici dillər daha yüksək səviyyədə tədris olunur. Xarici universitetlərə qəbul zamanı isə dil məsələsi vacib nüansdır. Dil səviyyəsi yüksək olanlar İELTS və ya TOEFL imtahanlarından yüksək nəticələr əldə edə bilirlər. Və xarici universitetlərə qəbul sözsüz ki, daha asan başa gəlir. Valideynlər də bu nöqteyi-nəzərdən övladının özəl məktəblərdə oxumasına üstünlük verirlər. Həmin məktəblərin tələb etdiyi məbləğləri verməkdən çəkinmirlər”.
R.Nurəliyev vurğulayıb ki, özəl və dövlət fərq etmədən, hər ikisinin şagirdləri repetitor dəstəyi ilə ali məktəbə qəbul olunur:
“Onu qeyd etmək lazımdır ki, özəl və dövlət müəssisi olmasına baxmayaraq hər iki təhsil ocağında oxuyan abituriyent Azərbaycan universitetlərinə hazırlaşırsa, mütləqdir ki, kurslar və repetitorlardan dəstək alsın. Dəstək alınmadığı təqdirdə müəyyən nəticənin göstərilməsini mümkünsüz hesab edirəm”.
Ekspert qeyd edib ki, valideynlərin övladlarını özəl liseylərdə oxutmaq məqsədlərindən biri də uşağın daha intellektual olması, dünyagörüşünün formalaşmasıdır:
“Dövlət məktəbləri ilə özəl liseylərin müqayisə edərkən görürük ki, həqiqətən də özəl liseylərdə xüsusi nəzarətin olması, əlavə məşğələlərin keçirilməsi valideynlərin diqqətindən yayınmır”.