Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində “Təhsilin azərkeşi deyil, iştirakçısı olmayıq",- deyə fikir irəli sürüb. Belə ki, günümüzdə bu gün təhsili kənardan izləməklə hər hansısa inkişafına nail olmaq qeyri-mümkündür.
Bəs, görəsən, Azərbaycanda əhalinin hər təbəqəsinə aid insanlar təhsilə gözlənilən dəstəyi verə bilirmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Fazil Mustafa qeyd edib ki, məktəbin şəffaflığını artırmaq lazımdır:
“Həqiqətən də biz təhsilin azərkeşi deyil, iştirakçısı olmalıyıq. Amma təhsilin iştirakçısı olmaq üçün də addımlar atmalıyıq. Məsələn hamımız kütləvi idmanla məşğul olmalı, idmanı inkişaf etdirməliyik, amma olimpiya kompleksinin qapısı bağlı olacaq və meydançalar bahalı olacaqdır. Onda necə idmanı inkişaf etdirə bilərsən? Məktəbdə belədir. Məktəbi əslində bilərəkdən qapalı modeldə tuturlar.
Ona görə də məktəbi açmaq lazımdır, cəmiyyətlə iç-içə etmək lazımdır. Məktəbin şəffaflığını artırmaq lazımdır. Məsələn, bir bölgə məktəb direktoru təyin edilirsə, həmin ərazilərdə yaşayan insanlara direktorun keyfiyyəti ilə bağlı məlumat verilməlidir.
Eyni zamanda müəllimlər barədə də məlumat verilməlidir ki, hansı müəllim hansı keyfiyyətə sahibdir. Bununla bağlı təqdimat olunmalıdır.
İnsanlar artıq ordan-burdan eşidərək hansısa müəllimə xüsusi bir münasibət bəsləməməlidir. Məktəbin hansısa problemləri ilə bağlı o bölgənin sakinlərinin bilgiləndirilməsi daha yaxşı olar”.
Deputat bildirib ki, müəyyən məktəblər var ki, biz onun təchizatı məsələsinə diqqət etməliyik:
“Şəhərdən uzaq bəzi məktəblərin stadionu, idmaz zalı belə yoxdur. Müəyyən məktəblər var ki, biz onun təchizatı məsələsinə diqqət etməliyik. Elə məktəb var ki, direktorun iclas keçirməyə belə zalı yoxdur.
Ona görə də məktəbin azərkeşi deyil, iştirakçısı olmaq üçün məktəb üzərində “oynanan oyunları” yığışdırıb, mətkəbi şəffaf bir müəssisəyə çevirmək lazımdır.
Hər kəsin maraqlana biləcəyi, hər kəsin fəaliyyəti ilə məşğul ola biləcəyi bir yerə çevirməliyik. Düşünürəm ki, hər hansı bir ərazidə məktəb varsa, o məktəbə müəyyən dərəcədə ətrafda olan əhalinin diqqətini artırmalıyıq. Diqqəti artırmaq bir növ məktəbin kolletivindən də asılıdır. Həmçinin məktəbdə çoxsaylı görüşlər keçirilə bilər. Bu görüşlərin olduqca xeyri olar.
Məsələn, məktəbdə 10-11- ci sinfə ədəbiyyat dərslərində niyə bir yazar daxil olub ədəbiyyat dərsi keçməsin ki? Həmçinin məktəbə yuxarı sinif şagirdlərini qaytarmaq lazımdır. Təhsil məktəbdə alınmalıdır.
Fərdi təhsil formasında müəyyən dərəcədə rəqabət mühiti olmadığına görə o qədər də geniş dünyagörüşlü uşaq hazırlamağa imkan vermir. Bu kimi məsələləri düşünmək lazımdır”.