Xəbər verdiyimiz kimi, Aparıcı Murad Əzimzadə yenidən ali təhsil almaq qərarına gəlib.
Belə ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinə qəbul olduğunu açıqlayıb.
AzEdu.az Təhsil Portalı olaraq bu münasibət ilə Murad Əzimzadə ilə əlaqə saxladıq.
O, təəssüratlarını bizimlə bölüşüb.
1989-cu ildə anadan olan müsahibimiz Gəncədə Aşıq Ələsgər adına 36 saylı orta məktəbi bitirdiyini qeyd edib:
-1-ci təhsilim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kinorejissorluq ixtisası üzrə olub. 2008-ci ildən etibarən televiziyada fəaliyyət göstərirəm. 2009-cu ildən isə sərasər efirə çıxıram. Beynəlxalq jurnalistika məktəbində təhsil alaraq bu sahə üzrə bilik və bacarıqlar əldə etdim. Bir neçə televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmişəm. Hazırda SPACE TV-dəyəm. və 1 ildir ki, artıq məhz xəbərlər formatındayam.
-Nə üçün Beynəlxalq münasibətlər ixtisası üzrə davam etmək istədiniz?
-Sözün açığı Dövlət və bələdiyyə ixtisasına qəbul olmaq istəyirdim. Sadəcə mənim ixtisasıma və çalışdığım sahəyə uyğun olaraq yəni apardığım verlişlərin formatına uyğun olaraq tövsiyə olundu ki, Siyasi idarəetmə ixtisasına yönlənsəm daha məqsədəuyğundur. Onsuz fakültənin özü siyasi idarəetmədir. Bu fakültədə təhsil almaq uzun zaman idi ki, ürəyimdən keçirdi. Yəni özümü daha çox siyasi idarəetmədə və beynəlxalq münasibətlər üzrə ixtisaslaşmada görürəm.
-Yenidən ali məktəbə qəbul olmağa necə qərara gəldiniz?
-Əslində bu haqda təxminən 4-5 ildir ki, düşünürdüm. Həmişə fikirləşirdim ki, 30 yaşdan sonra görəsən ikinci təhsilə nə ehtiyac var? Özümə deyirdim ki, “həyatda çox şeyə nail olmusan, ali təhsillisən, yaxşı bir karyeran var yəni ehtiyac var “ deyə öz-özümə sual verirdim. Lakin sonra özümdə o mənəvi gücü tapdım və qərar qəbul elədim ki, istənilən təcrübə, savad, dünyagörüşü, bacarıq təhsilə dayananda daha yaxşı olur. O nöqteyi-nəzərdən də ikinci təhsilə qərar verdim. Hesab edirəm ki, əgər efirdə siyasətdən danışıramsa, mütləq siyasi biliyimi təsdiqləyən təhsil olmalıdır. Hər bir savad, təcrübə bilgi mütləq və mütləq təhsilə dayanmalıdır. Bu mənim şəxsi fikrimdir. Ona görə də bu fikirlə yola çıxıb bu cəhdimi reallaşdırdım.
-Bəs, necə oldu ki, yolunuz jurnalistikadan keçdi?
-Sözün düzü, Gəncədə internuysda jurnalistikanın əsaslarını öyrənəndə, bu sahə ilə bağlı bilgilərimi artıranda artıq Gəncəbasar qəzetində bir neçə dəfə məqalə vermişdim. Elə o vaxtdan bu peşəyə meylim yarandı. Düşünürəm ki, görə biləcəyim ən yaxşı iş televiziya işi- teleaparıcılıqdır. Hətta fikirləşirəm ki, televiziya elə mənim öz yerimdir. Ona görə də bu işlə məşğul olmaqdan bir peşmanlığım yoxdur. Həmçinin özümü dərk edəndə də bunu hiss etmişəm və o gündən də televiziyada fəaliyyət göstərirəm.
-Mediadan söz düşmüşkən, hazırda bəzi media sahəsində səhvliklərə yol verilir. Bəs, siz ən çox hansı səhvlərlə qarşılaşırsınız?
-Təbii ki, çox səhvlər var və ən başda da qeyri-peşəkarlıq dayanır. Qeyri-peşəkar imsanların bu sahəyə hansısa yollarla gəlməsi təbii ki, zaman keçdikcə özünü büruzə verməyə başlayır və onlar “ələnir”. Zamanın tələbidə belədir. Vaxt keçdikcə yaxşılar qalır, pislər sıradan çıxır.
Düşünürəm ki, Azərbaycanın yürütdüyü stratejli və qazandığı uğurlar buna ehtiva verə bilməz ki, bizim mediamız aşağı səviyyədə olsun. Bizim mediamızda ölkəmizin, dövlətimizn qələbəsinə uyğun olmalıdır. Bizim Xankəndi kimi qələbəmiz varsa, bizim televiziyalarımız, mediamız ona layiq olmalıdır. O cür qürurla xidmət göstərməlidir.
-Sizcə, ikinci təhsil almağınız fəaliyyətinizə mane ola bilərmi?
-Qətiyyən.
-Nə üçün belə düşünürsünüz?
-Çünki Azərbaycanda ikinci təhsil qiyabi formada həyata keçirilir.
-Bəs həm iş, həm oxumaq, həm də ailənizə necə vaxt ayıra biləcəksiniz?
-Oxumaqla bağlı bir sıxıntı olacağını düşünmürəm. Amma ailə hər zaman qayğısı çəkilən bir varlıqdır. Yəni oxusanda, oxumasanda yaxşı mənada yükünü, dərdini və yaxud xoş gününü çəkməlisən. Bir tövsiyə olaraq qeyd etmək istərəm ki, ailə var deyə təhsildən uzaqlaşmaq olmaz. Ailə var deyə hər hansısa görəcəyimiz işdən uzaqlaşmaq düzgün deyil. Əgər bir qərar sizi və ailənizi uğura aparacaqa, bir qərar dövlətə və xalqa xidmətdə vacibdirsə, istər ailə, istərsə başqa bir iş olsun onu təxirə salmaq olmaz. Mütləq o arzunu arxasınca getməkdə fayda var.
-Gələcəkdə seçdiyiniz ixtisas üzrə ixtisaslaşmağı düşünürsünüzmü?
-Əlbəttə ki, artıq baza ixtisası üzrə təhsil alacam. Ondan sonra magistratura, pedaqoji fəaliyyət kimi düşünmüşlüyüm var.