Azedu.az

Bəzilərini ağladan, bəzilərini güldürən ilk dərs günü - REPORTAJ+FOTOLAR

Məktəblər

Tələbə və şagird

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

16 Sentyabr 2024, 12:24
Bəzilərini ağladan, bəzilərini güldürən ilk dərs günü - REPORTAJ+FOTOLAR

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

 

İlk dərs günü münasibətilə AzEdu.az olaraq yolumuzu Bakı şəhəri 53 nömrəli məktəbə saldıq. Hələ məktəbə ilk dəfə qədəmlərini atan sevimli birincilərin, eləcə də bu il məktəbə "əlvida" deməyə sayılı ayları qalan 11-cilərin sevincinə şərik olduq...

 

Məktəbin həyətinə daxil olduğumuz zaman ilk dərs gününə sevinən şagirdlərlə qarşılaşdıq. Üzlərindən həyəcanlı olduqları bəlli idi.

 

Aylar sonra sinif yoldaşları ilə yenidən bir arada olduğundan məmnun olan şagirdlər də gözümüzdən yayınmadı. Hiss olunurdu ki, söhbət etməyə çox mövzular var idi...

 

Müəllimlər də bu sevincə qoşulmuşdular. Belə ki, onların hər biri şagirdlərini bu gün münasibətiylə salamlayıb, təbrik etməyə başladılar.

 

Məktəbin həyətində təntənəli açılış mərasiminin başlamasına sayılı dəqiqələr qalmışdı. Təkcə şagirdlər və müəllimlər deyil, eləcə də bu il övladını birinci sinfə yola salan valideynlər də həyəcanlı və sevincli idilər. Övladına baxan valideynlərin gözündə həm sevinc, həm də kədər hissini eyni anda görmək, heç də çətin olmadı.

145162

Onlar içərisində qız övladını bu il birinci sinfə yola salan Elgün Bədəlov təəssüratlarını AzEdu.az-a bölüşüb:

145158

“Bu il qızım Nuru ilk dəfə birinci sinfə yola salmağa gəlmişik. Qızım ilk dəfə məktəbə qədəmlərini atır və bir valideyn kimi çox sevincliyəm. Allah bütün balaları qorusun. Arzu edirəm ki, övladımın “Son zəng”inə yığışaq. Bir ata kimi onun həm təhsil, həm də gələcək həyatında hər zaman zirvələrdə olmağını arzulayıram. Allah arzusunda olanlara belə gül balalar qismət eləsin. Bu gözəl hissi yaşasınlar”.

 

Budur, 1-cilərin ilk Dövlət Himni səsləndirildi. Çıxış üçün söz 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalovaya verildi. O, əvvəlcə hər kəsi salamlayıb nitqinə başladı.

145178

Məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor məktəbin 242 nəfər birinci sinif şagirdi olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.

145164Dərsin başlamasına təkcə sevinən deyil, ağlayan şagirdlərin olduğunu da müşahidə etdik. Hətta onlardan biri "mən evə gedəcəm, burda durmaq istəmirəm",- deyə "isyan" edən də var idi...

 

Məktəblilərin ilk zəngi çalındı. Onlar artıq sıra ilə sinfə yollanmağa başladılar.

 

Yeni tədris ilinə başlayan bütün şagirdləri təbrik edir, arzu edirik ki, Vətənə layiqli övladlardan olub, bayrağımızı hər zaman uca etsinlər. Qədəmləriniz mübarək məktəblilər!

 

Qeyd edək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox