Azedu.az

“İlin gənc müəllimi”: “Şuşada olmaq arzularımın zirvəsi idi”

Məktəblər

Tələbə və şagird

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

Müəllimlər və elm adamları

Seçilmişlər

Layihələrimiz

12 Sentyabr 2024, 13:40
“İlin gənc müəllimi”: “Şuşada olmaq arzularımın zirvəsi idi”

Dünən “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. 

Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.

III yerin qalibi, Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Elmira Ağayeva Şuşa təəssüratlarını AzEdu.az-a bölüşüb:

"Bu gün yaşadığım hissləri nə dərk edə bildim, nə də onlara bir ad verə bildim. Vətən sevgisi damarlarımda axaraq, ürəyimin ən dərin yerlərində yuva salıb. Kiçik yaşlarımdan Şuşaya getməyi arzulamışam, amma təəssüf ki, hər dəfə bu arzumu gerçəkləşdirmək üçün cəsarətimi toplaya bilmirdim. Gözümün qabağına tez-tez Həmid gəlirdi, boğazımda düyünlənib qalan Qarabağ həsrəti məni susdururdu. Həmid ailəmizin fəxri, qürurudur. Bu gün ruhunun şad olmasına bir daha əmin oldum… 


AzEdu.az Təhsil Portalından “İlin gənc müəllimi” müsabiqəsinin təltifetmə mərasiminin Şuşada keçiriləcəyini öyrənəndə isə uzun müddət özümə gələ bilmədim. Bu xəbərin mənə verdiyi təsiri sözlə ifadə etmək çətindir. O torpağa, qalib bir ölkənin qalib müəllimi kimi ayaq basacağımı düşünmək, ruhumda bir inqilab yaratdı. O an mənim üçün sadəcə bir tədbir deyildi – mən oraya ayaq basmaqla tarixə toxunacaqdım.

Biz bu torpaqlara çox mənalar yükləmişik. Qarabağın hər qarışı, hər çökəyi, hər ağacı bizim üçün keçmişdən gələn səsi ilə danışır. Bəlkə də buna görədir ki, hisslərim kövrək notlar üzərində rəqs edirdi. Bilmirəm gözlərim sevincləmi, qürurla, yoxsa keçmişdə yaşanan acı xatirələrlə doldu, amma bu hisslərin qarışığı məni tamamilə əhatə etmişdi. Yola çıxdığım andan bəri gözümün önündə dağılmış və tərk edilmiş evlər, dağıdılmış yollar, güllə izləri ilə dolu qapılar və pəncərələr ürəyimi sızladırdı. Qarabağın azadlıq mübarizəsi və bu torpaqlarda yaşanmış acı hadisələr sanki bir kino lenti kimi gözlərimin önündən keçirdi. O an ürəyim bir Azərbaycan boyda idi, bütün hisslərim bir Vətən sevgisində cəmləşmişdi.


Şuşaya çatanda isə bu torpağa sarılmaq, onu qucaqlamaq istədim. Əslində sevgi bu imiş – sadəcə hiss etdiyimiz yox, qəlbimizlə qucaqlamaq istədiyimiz bir duyğu. O torpağa ayaq basmaqla qazandığım hər bir uğur, hər bir zəfər mənim üçün Vətənin zəfəri ilə eyni məna daşıyırdı. Sevdiyim işdə qazandığım qələbə, sevdiyim torpağın azadlığı ilə birləşmişdi. Həyatım boyunca bundan daha möhtəşəm bir duyğu yaşamamışdım. Bu, yalnız mənim deyil, bütün Azərbaycan xalqının zəfəri idi. Şuşada olmaq mənim üçün sadəcə bir uğur deyildi – bu, bütün arzularımın zirvəsi, bütün hisslərimin oyanışı idi.


Bu duyğuları bizə yaşadan AzEdu.az Təhsil Portalının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm!".

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox