Hər bir valideyn övladının yüksək səviyyədə təhsil alması üçün əlindən gələni edir. Qarşılığında isə uşağının yaxşı nəticələr ilə ali məktəbə qəbul olmasını gözləyir. Valideynlərin çoxu məktəblərə güvənməyib hazırlıq kursları və repetitorlara üz tuturlar.
Şagirdlərin yaxşı nəticə göstərməsi üçün tədris prosesi necə dəyişməlidir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, məktəbdə sırf universitetə hazırlıq istiqamətində dərslər keçirilməlidir:
“Təklif edirəm ki, təhsil sistemimizdə Türkiyəyə əsaslanılsın. Türkiyədə də bizdə olduğu kimi 1-4 siniflər ibtidai təhsil olaraq qalır. Bizdə 5-9 orta ümum təhsil pilləsi hesab olunur. 9-cu sinfə qədər məcburi təhsildir. Bütün fənlər eyni tədris proqramına uyğun olaraq keçirilir və yekunlaşdırılır.
Hesab edirəm ki, 10 və 11 siniflərdə abituriyentin seçdiyi ixtisas qrupu üzrə tədris aparılsa, daha məqsədəuyğun olacaq. Univeristetə hazırlıq istiqamətində dərslər keçirilməlidir. Həmin şagirdlər üçün hər bir fənn sıfırdan başlanmalıdır. Misal olaraq: məktəblərdə I,II,III,IV qruplar üzrə ayrı-ayrılıqda dərslər keçirilməlidir. O zaman nə repetitora, nə də hazırlıq kurslarına ehtiyac olar. Ümumiyyətlə tədris planı 3 hissəyə bölünməlidir: İbtidai təhsil; icbari orta ümum təhsil; 10 və 11 sinifdə Dövlət İmtahan Mərkəzinin qəbul planına əsasən univeristetlərə hazırlıq. Bu, abituriyentlər üçün çox yaxşı üsuldur”.