Bir çox hallarda ali məktəbə qəbul ola bilməyən abituriyentlər kolleclərə üz tuturlar. Kolleclərə balı çatmayanlar isə peşə məktəblərinə yönəlirlər. Maraqlısı budur ki, balı kollecə çatdığı halda peşə məktəbinə seçim edən çox az qisim var.
Mövzu ilə bağlı Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, kollecə qəbul olma şansı olanlar, peşə məktəblərini seçmirlər:
“Abituriyentlər ali məktəbə qəbul ola bilməyəndə, əsasən iqtisadiyyat və kompüter yönümlü ixtisaslar üzrə kollecə sənəd verirlər ki, gələcəkdə də subbakalavr kimi ali məktəbə qəbul şansları daha yüksək olsun. Amma sosial iş, kitabxana işi, eləcə də kargüzarlıq ixtisasları ilə universitetə demək olar ki, qəbul olmaq olmur. Ona görə də bu tipli ixtisaslar daha az seçilir.
Səriştə və bacarıqları zəif olanlar isə peşə məktəblərinə üz tuturlar. İndiyə qədər görməmişəm ki, abituriyentin balı kolləcə çatdığı halda peşəni seçsin. O bu halda mümkün olur ki, abituriyent kollecə ödənişli əsaslarla qəbul ola bilir, amma peşəyə pulsuz. Ona görə də pul ödəməmək üçün peşəyə üz tutur. Bir çox inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniyada peşənin statusu çox yüksəkdir. Əslində ölkəmizdə də peşə zəif deyil.
Avtomobil diaqnostikası sahəsini bitirənlərin qazancı bu gün çox yüksəkdir. Bazar dəyərini nəzərə alsaq, peşənin dəyəri heç də aşağı deyil. Amma ümumi mənzərə ondan ibarətdir ki, balı normal olanlar peşə məktəblərini deyil, kolleci seçirlər. Ümumiyyətlə bizdə bəzi insanlar peşədən çəkinirlər. Düzdür, Peşə Təhsili üzrə Dövlət Agentliyi son dövrlər çox işlər görüb, xeyli təbliğat-təşviqat işləri həyata keçirib, peşəni tanıdıb. Düşünürəm ki, bir neçə ildən sonra bizdə də bu məsələlər öz yolunu tutacaq”.