Azedu.az

Məktəb başlayır! - Birinciləri dərsə necə uyğunlaşdırmaq olar?

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

3 Sentyabr 2024, 12:48
Məktəb başlayır! - Birinciləri dərsə necə uyğunlaşdırmaq olar?

Yeni dərs ilinin açılmasına sayılı günlər qalıb. Bu məktəbə yeni qədəm qoyacaq  uşaqlar və valideyinləri üçün çətin bir başlanğıc olur. Uşaqların yeni mühitə uyğunlaşa bilməsi, valideyinlərindən uzaqlaşması, dərslərə adaptasiyası və.s kimi nüanslarda problem yaşanır.

 

Bəs, görəsən, uşaqların məktəbə tez adaptasiya olunması üçün valideyn və müəllimlərin üstünə düşən yük nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a pedaqoq Aysel Rəsulzadə açıqlama verib.

 

Pedaqoq bildirib ki, məktəbdə yarana biləcək istəlinən gərgin və yorğun məqamlar uşaqların sağlamlığına ciddi formada ziyan vura bilər:

 

“Məktəbə ilk dəfə qədəm qoyan birincilərin həyatlarında yeni mərhələyə addımlaması onlarda həm fiziki, həm də psixoloji baxımdan narahatlıqlar yarada bilər. Qeyd edim ki, bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedən uşaqlar bu mərhələyə daha rahat adaptasiya ola bilirlər, nəinki təlim və tədris proqramından faydalanmayan uşaqlar.

 

Ümumilikdə isə körpəlikdən valideynlərindən və sevimli oyuncaqlarından ayrı qalmayan bir uşağın birbaşa məktəb mühitinə adaptasiyası valideynlərin üzərinə vacib öhdəliklər qoyur. Günün bütün saatını rahat və qayğısız formada keçirən uşaq üçün məktəbə hazırlıqla bağlı evdə xüsusi bir proqramın işlənib tətbiq olunması yaxşı bir nəticə vermiş ola bilər. Burada ilk növbədə yuxu rejiminin düzgün qurulması qeyd olunmalıdır ki, səhər zamanında oyanıb məktəbə getmək uşaq üçün faciəyə çevrilməsin.

 

Diqqət etməli məqamlardan biri də evdə dərs mühitinə keçməklə bağlıdır. Belə ki, oyun və əyləncə ilə əhatə olunmuş bir uşaq artıq məktəbə getməli, saatlarla eyni formada oturmalı, müəllimi diqqətlə dinləməlidir. Əlbəttə ki, bunlar uşaqdan çox  böyük fiziki güc tələb edir. Hətta intellektual səviyyəsi yüksək olan uşaq belə bu narahatlıqlar ilə qarşılaşa bilər. Odur ki, günün müəyyən saatlarında evdə əyləncəli məşğələlər keçirmək artıq valideyn üçün vacib bir tapşırığa çevrilməlidir. Bu “məşğələ”yə valideyn ciddiliklə bərabər, həm də xüsusi həssaslıqla yanaşmalıdır.

 

Həmsöhbətimiz qeyd edib ki, müəllimlər uşaqlara qarşı valideyn qədər diqqətli yanaşmalıdır.

 

“Rahat ev mühitindən ciddi qaydaları olan məktəb kollektivinə düşən uşaqlar üçün ən böyük dəstəkçi müəllimdir. Odur ki, məktəbin ilk aylarında tətbiq olunacaq qayda-qanunlar belə xüsusi oyun və əyləncəli metodlarla keçirilməlidir ki, uşaq yeni şəraitə rahat uyğunlaşa, yeni tələbləri hərtərəfli qəbul edə bilsin. Bunun üçün müəllim yeni şagirdlərinin xarakterinə bələd olmalı, onları yaxından tanımalı, hər biri ilə fərdi ünsiyyət qurmalı, hər bir narahatlıqlarından xəbərdar olmalıdı.

 

Bir sözlə, birincilərin məktəbə sosial-psixoloji adaptasiyası çətin bir proses olsa da düzgün yanaşmağı bacaran valideyn və müəllim üçün bu elə də böyük narahatlıq yaratmayacaqdır”.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox