Hər il yüzlərlə abituriyent ali məktəbə qəbul prosesində iştirak edir. Ali məktəbə qəbul oluna bilməyən abituriyentlərin bir qismi çıxış yolu kimi “Heç olmasa kollecə sənəd verib, qəbul olaram”, - deyə düşünür. Hələ də cəmiyyətdə orta ixtisas təhsili müəssisələrinə cəmiyyətdə birmənalı yanaşma yoxdur.
Maraqlıdır, bu kimi düşüncənin formalaşmasına səbəb nədir?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, buna əsas səbəb odur ki, bizim kolleclərimiz texnikum olmaqdan çıxa bilməyib:
“Nə texnikumun keyfiyyətini, nə də ki, kollecin təhsil keyfiyyətini əldə edə bilmişik. Kolleclər dünyanın inkişaf etmiş ölkələrində müxtəlif peşə sahələrinə yönəlmək üçün daha qısa yoldur. Yəni bir şəxs peşə, iş sahibi olmaq istəyirsə, kollec təhsili almaq daha əlverişlidir.
Adətən kollec təhsili almaq istəyənlər 4-5 il bakalavr təhsili almaq istəməyən və ya maddi cəhətdən imkanı olmayanların üz tutduğu təhsil sistemidir. Kolleclər təhsil almaq istəyənlərə 1-2-3 illik proqramlar təklif edilir və daha sonra burada məzun olmaq istəyənlər təhsilini davam etdirirlər.
Lakin Azərbaycanda kollec təhsilinin bir az daha gözdən kənarda qalmasına bir neçə səbəb var. Kolleclərdə kadrların yetərsizliyi, dərslərin kurikulum proqramlarına uyğun yenilənə bilməməsi, əlbəttə oranın təhsilini geri qoymuş olur”.
Həmsöhbətimiz əksər kolleclərimizin təhsil cəhətdən yaxşı səvviyədə olmadığını vurğulayıb:
“Kolleclərdə hələ də arzuolunmayan hallar mövcuddur. Lakin birmənalı şəkildə bu cür halların qarşısını almaq üçün kolleclərdə kadr təmizliyi aparmaq çətin olur.
Çünki həmin kadrı işdən ayırıb, yerinə təyin edəcəyi yeni kadra normal bir məvacib xərcləyə bilməyəcəksə, o zaman istər-istəməz arzulanmayan hallar yaşanacaq. Çünki mövcud verilən maaşla orada işləyən insanlar bu kimi mənfi hallara açıq bir vəziyyət yaradırlar.
Ona görə də düşünürəm ki, yalnız maaş siyəsəti dəyişərək, yüksək səviyyəli kadrların gəlməsi təqdirdə kolleclərdə təhsil keyfiyyəti arta bilər. Bu zaman da peşə təhsilinə dırnaqarası baxılmayacaq”.