“Bəzi universitet rektorları ali məktəbin əmək bazarının tələbinə uyğun lazımi islahatlar apara bilmir. Bununda nəticəsində də həmin universitet bazarın tələbinə uyğun tələbə yetişdirə bilmədiyi üçün reytinqdə geri qalır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib.
Ekspert bildirib ki, ilk növbədə ali məktəblərin rektorları "ali prinsiplərə" əsasən seçilir:
“Çünki rektorların bir qisminə nəzər yetirdikdə, həqiqətəndə müasir tələblərə cavab verə bilmədiyini görmüş oluruq. Bəzi universitet rektorları ali məktəbin əmək bazarının tələbinə uyğun lazımi islahatlar apara bilmir. Bunun nəticəsində həmin universitet bazarın tələbinə uyğun tələbə yetişdirə bilmədiyi üçün reytinqdən geri qalır.
Belə olduqda həmin universitetə xaricdən oxumağa gələn tələbələrin sayı da azalmış olur. Və beləcə tələbələr üçün universitet məcburiyyətdən getdiyi, 4 il ilin keçirildiyi bir müəssisəyə çevrilir.
Həmsöhbətimiz vurğulayıb ki, universitetlərdə bir sıra lazımi islahatlar aparılmalıdır:
"Əvvəlcə rektorlar dəyişdirilməli, daha sonra universitetlərdə islahatlar aparılmalıdır. Bu islahatlar nələrdir? Birinicisi, universitetin professor-müəllim heyəti davamlı sürətdə peşəkar inkişafa ayaq uydurmalıdır.
İkincisi, universitet müəllimlərinin seçimində beynəlxalq təcrübəyə əsaslanan təhsilverənlərə üstünlük verilməlidir. Bunun üçün isə ali məktəbdə həmin beynəlxalq səviyyəli müəllimlərin işləməyi üçün lazımi maddi-infrastruktur şəraitinin yaradılması vacibdir.
Üçüncüsü, ali təhsil müəssisələrində fiziki bazasının - laboratoriya, idman, sosial və s. kimi sahələrin inkişaf etdirilməsi mühümdür.
Dördüncüsü, universitetlərdə ingilis dilində proqramların təkminləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu da öz növbəsində xaricdən gələn tələbələrin artmasına səbəb olacaq.
Beşincisi, dərslərin məzmunu beynəlxalq təcrübəyə əsasən yenidən tənzimlənməsidir. Belə ki, mühazirə vərəqlərinin yerini müasir dərs metodlarının alması, dərslərin həm adlarının, həm də məzmununun müasir tələblərə görə yenidən dəyişdirilməsi əhəmiyyətlidir.
Əminəm ki şəffaf bir şəkildə proseslər idarə olunduğu zaman, tez bir vaxtda universitetlərimiz beynəlxalq səviyyədə inkişaf edəcək. Bundan əlavə ali məktəb elmi potensial daşıyan bir müəssisədir. Universitetlərdə tədqiqat işinin təşkil edilməsi üçün müəyyən təklif proqramları həyata keçirilməlidir. Yəni, universitetdə elmi məqalə yazan müəllimlər rəğbətləndirilməlidir. Müəllimlərə tədqiqat üçün lazımi şərait yaradılmalıdır. Universitetlərin reytinq cədvəlində yer alması üçün bu kimi işlərin aparılması çox vacibdir”.