Xəbər verdiyimiz kimi, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. 50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib.
Vakant yerlərinin kifayət qədər çox olmasına baxmayaraq namizədlərin az hissəsi uğur qazanıb.
Maraqlıdır, müəllimlərin ilk növbədə ali məktəbdə yetişdirildiyini nəzərə alsaq, universitetlərin bu statistikada üzərinə düşən öhdəliyi nədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, MİQ-in müsahibə mərhələsi üzrə hazırlanmış sualların tərtibatında müəyyən problemlər var:
“Təbii ki, 50264 namizəd arasından 5740 nəfərin uğur qazana bilməsi acınacaqlı vəziyyətdir. Bu vəziyyətə təsir edən bir çox amillər var. İlk növbədə hesab edirəm ki, MİQ-in müsahibə mərhələsi üzrə hazırlanmış sualların tərtibatında müəyyən problemlər var. Bu gün müəllimlərə verilən suallar onların peşəsinə uyğundurmu? Kurikulum fənni üzrə keçid balının 6 olması nə dərəcədə düzgündür? Əslində bu və bu kimi suallar çoxluq təşkil edir. Ona görə də əvvəlcə sualların tərtibatına diqqət yetirmək lazımdır. Yəni bu suallarda məqsəd həqiqətəndə müəllimlərin biliyini ortaya çıxarmaq, yoxsa müəllimi imtahandan kəsməkdir?
Azərbaycan müəllimi nə istəyir? Azərbaycan müəllimi kəsilməkdən qorxmur. Yəni onlar bildirmirlər ki, “mən mütləq işlə təmin olunmalıyam”. Amma müəllimin aşağı nəticəsini qabartmaq nə dərəcədə doğrudur? Bu istiqamətdə də düşünmək lazımdır. Bundan əlavə ali məktəblərin üzərinə düşən öhdəliklər var. Ali məktəbdə kadrlar necə yetişdirilir? Universitetdə müəllim olmaq istəyən tələbələrə dərs keçən müdavimlər hansı əsasla seçilir? Bu suallara nəzərə yetirmək lazımdır”.
Ekspert qeyd edib ki, müəllimlərə tərtib olunan suallar yenidən təhlil olunmalıdır:
“Bu il belə bir hal baş verdi. Universitetlərə tələbə qəbulunda məsələn keçən il 180 müəllimlik ixtisasına tələbə qəbulu həyata keçirilirdisə, bu il onun sayı 150-140- a endirildi. Yaranan azalmanın səbəbini hazırda müəllimlərin çoxluq təşkili ilə bağlı əlaqələndirilə bilər.
Düşünürəm ki, müəllimlərə tərtib olunan sual, qaydalar yenidən təhlil olunmalı, müəyyən dəyişikliklər əlavə edilməlidir”,- deyə ekspert fikrini yekunlaşdırıb.