Sabahdan etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisaslar üzrə plan yerlərinin əks olunduğu “Abituriyent 4” jurnalı nəşr olundu.
Bəs, bu il hansı ixtisaslar üzrə keçid ballarında artım olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
“Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul yerləri 60 minə qədər artırlıb. İxtisas qrupları üzrə plan yerləri ilə tanış olduqda görürük ki, müxtəlif universitetlər üzrə yerlər azalıb, amma Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Neft və Sənaye Universitetinin plan yerlərində artımlar var. Həmçinin, Qarabağ Universitetinin ilk dəfə abituriyent jurnalında görünməsi çox fəxredici məqamdır.
Abituriyentlərin ixtisas qrupları üzrə ümumi nəticələri onu göstərir ki, I və IV ixtisas qrupu üzrə ballar keçənilki ilə eyni olmayacaq. Ballar artacaq. Xüsusən də I qrupda kompüter elmləri, kompüter təhlükəsizliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları ixtisaslarında balların artımı gözlənilir. Eləcə də, IV ixtisas qrupu üzrə tibb ixtisasında keçid balı yüksələcək. Keçənilki ballarla ixtisas seçimi edən abituriyentlər ciddi səhvlərə yol verəcəklər. III ixtisas qrupu üzrə TC (tarix-coğrafiya) altqrupunda plan yerlərində artım yoxdur. Amma TC altqrupu üzrə imtahan verənlərin nəticələrində kəskin fərq var. Bu il xüsusən TC üzrə seçim edən abituriyentlər diqqətli olmalıdırlar. Çünki keçən illə müqayisədə yüksək bal toplayanların sayı artıb. Həm beynəlxalq münasibətlər, həm də regionşünaslıq ixtisaslarını seçmək istəyənlər ehtiyatlı davranmalıdırlar. Heç kim düşünməsin ki, aşağı balla regionşünaslıq ixtisasına qəbul olacaq.
Qeyd edim ki, V ixtisas qrupunda ciddi yenilik var. Belə ki, İdman Akademiyasının qəbul plan yerində dəyişiklik olacaq. Ona görə də bu qrup üzrə ixtisas seçimi edən abituriyentlər diqqətli olmalıdırlar”.