Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin III günündə riyaziyyat və kimya fənləri üzrə yüksək bal toplayan namizədlərin adları açıqlanıb. Belə ki, 6 namizəd yüksək nəticə göstərib.
Onlardan biri də Kimya fənni üzrə 97,5 bal toplayan Əfsanə Gözəlovadır.
O, orta məktəbi Ağdam rayonu Quzanlı kənd tam orta məktəbində alıb. Ali məktəbə 502 balla daxil olunub. 2016-cı ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsini bitirib.
AzEdu.az Təhsil Portalı olaraq Əfsanə Gözəlova ilə əlaqə saxladıq.
O, təəssüratlarını bizimlə bölüşüb:
- Əfsanə müəllim, fəaliyyətinizə nə zamandan başlamısınız?
- Bu peşə ilə 5 ildir ki,məşğulam. İlk fəaliyyətimə 2019-cu ildə Ağdam rayon 3 saylı Köçkün tam orta məktəbində başladım. Burada 2023-cu ilin avqustuna kimi çalışmışam. Əlavə olaraq müddətli müqavilə ilə İmamqulubəyli qəsəbə tam orta məktəbi və Baharlı-2 qəsəbə tam orta məktəbində işləmişəm.
Bu il yoldaşımın işə ilə əlaqədar Bakıya köçdük. Ona görə də ötən il Bakıda müddətli müqavilə ilə 54 saylı məktəbdə işlədim. İndi isə hansı məktəbə qəbul olsam, fəaliyyətimi orada davam etdirəcəm. Bu ilin fevral ayından etibarən işsizəm. 54 saylı məktəbdə sosial məzuniyyət yerində fəaliyyət göstərirdim. Daha sonra əvəz etdiyim müəllim işinə qayıtdığı üçün həmin məktəbdən ayrılmalı oldum.
- Yüksək bal toplayan müəllimlər sırasında olmaq necə bir hissdir?
- Yüksək bal toplamaq istəyən hər kəsə qismət olsun. Doğurdan da möhtəşəm bir hissdir. Kompüter ekranında 97,5 bal topladığımı gördüm. İki səhvim kurikulumdan idi. Sonda yığdığım bal mənim üçün gözlənilməz olmadı.Çünki imtahana hazırlıq mərhələsində çoxlu testlər işləyirdim. İmtahanı 1 saat 10 dəqiqəyə artıq bitirmişdim. Hər imtahanda fərqli texnikalar öyrənirdim ki, nəyi etmək lazımdır, nəyi yox. Hazırda isə ən böyük istəyim müddətsiz müqavilə ilə işə qəbul olmaqdır.
- Qeyd etdiniz ki, imtahanlarda iştirak etdikcə daha da təkmilləşdiniz. Sizcə MİQ imtahanında müəllimlər və namizədlər hansı nüanslara diqqət etməlidirlər?
- Bu illər ərzində ən çox öyrəndiyim nüans vaxtı düzgün müəyyənləşdirmək oldu. İndiyə qədər elə bir sual olmayıb ki, mən onu bilməyim. İmtahanda sualları düzgün vaxt bölgüsü ilə işləmək daha yaxşıdır. Hədəfim ixtisasım üzrə birinci olmaqdır.
- Gələcəkdə MİQ imtahanında iştirak etməyi düşünürsünüz?
- Bəli.
- Nə üçün?
- Az öncə də qeyd etdiyim kimi, məqsədim MİQ üzrə birinciliyə layiq olmaqdır. Ona görə də hər il öz üzərimdə çalışıram.
- Həmkarlarınıza bu yolda nələri tövsiyə edərdiniz?
- İlk növbədə hər kəs qarşısına məqsəd qoymalıdır. İlk sınaqda alınmaya bilər, ancaq bu o demək deyil ki, heç vaxt alınmayacaq. Yəni insan məqsədinə çatana qədər ruhdan düşməməlidir.