Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də II və III ixtisas qrupları, eləcə də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçirildi.
İmtahanda, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 85 nəfər sağlamlıq imkanları məhdud abituriyentlərdir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olundu.
AzEdu.az Təhsil Portalının əməkdaşı olaraq biz də bu gün keçirilən imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.
DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhəri Xətai rayonu 55 saylı tam orta məktəbdə olduq.
Valideynlər məktəbin önündə durub, övladlarını “son şans”a yola salırdılar. Gözlərindəki həyəcanı, səslərinin titrəməsini duymaq olurdu. Bu onların son dəfə verdikləri qəbul imtahanı idi...
Namizədlər binaya daxil olduqdan sonra sənədlərini imtahan rəhbəri, üst-başlarını isə nəzarətçilər xüsusi aparat vasitəsi ilə yoxlayırdılar.
Abituriyentlərdən biri atası ilə imtahanın başlamasına son 5 dəqiqə qalmış binanın həyətinə daxil oldu. Ata təlaş içində bildirdi ki, qızının buraxılış vərəqəsi evdə qalıb, ancaq şəxsiyyət vəsiqəsi üstündədir. Xahiş etdi ki, onlara köməklik göstərilsin.
İmtahan rəhbəri əlindən gələni edəcəyini bildirdi və dərhal lazımi quruma zəng vurdu. Artıq saat 09:59-u göstərirdi… Ata məktəbin darvazasının arxasında həyəcanla nə olacağını gözləyirdi. O an zəng çaldı, abituriyentin hansı otaqda, hansı sırada olduğu barədə məlumatları rəhbərə söylədilər və onu içəri, düşdüyü otağa yönləndirdilər. Rəhbər atasına hər şeyin qaydasında olduğunu, narahat olmamasını tapşırdı.
İmtahan başladı. Polis darvazanı çöldən kilitlədi. Cəld imtahan rəhbəri Qafar Ocaqlıya yaxınlaşıb son məlumatları aldıq. O, bildirdi ki, hər şey qaydasındadır:
“Bu binada 129 qız, 39 oğlan olmaqla ümumi 168 şagirdin imtahan prosesində iştirakı nəzərdə tutulurdu. Lakin 1 qız şagird imtahana gəlməyib”,- deyə əlavə etdi.
Məktəbin foyesində tibb bacıları oturub, gözləyirdilər. Xoşbəxtlikdən imtahan bitənə kimi halı pisləşən olmadı.
Saat artıq 12:01 idi…
Şəklinin çəkilməyini istəməyən abituriyent imtahan zalından ilk çıxan namizəd olmuşdu. O, bildirdi ki, II qrup üzrə imtahan verib. Sualların səviyyəsi onun üçün asan olub.
III qrup üzrə imtahan verən Zəhra Süleymanova qeyd etdi ki, imtahan asan idi, ancaq fənlərdən tarix sualları digərlərinə nisbətən çətin olub:
"Əvvəlki imtahanlardan ümumi 460 bal toplamışam. Hədəfim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almaqdır”,-deyə o, əlavə etdi.
Saat 13:00-ı göstərirdi, imtahan bitdi.
Uşaqlar yavaş-yavaş otaqlardan çıxmağa başlayırdılar.
648,3 bal toplamış Toğrul Hüseynliyə yaxınlaşdıq. O, bildirdi ki, balının 680-dən yuxarı olmasını istədiyi üçün o, II cəhddə iştirak edir. Onun hədəfi Bakı Dövlət Univeristetində (tədris ingilis dili) hüquqşünaslıq ixtisası üzrə təhsil almaqdır.
Hülya Məmmədova qeyd etdi ki, əvvəlki imtahanlardan ümumi 537 bal toplayıb. Hazırki imtahanda ən çətin hesab etdiyi fənn sualları isə ədəbiyyatdandır. Onun hədəfi 600 balı keçib, Bakı Dövlət Universitetində hüquq təhsili almaqdır.
673,6 bal toplamış Emil Allahverdili qeyd etdi ki, budəfəki ədəbiyyat sualları I cəhddəkindən çətin olub.
O, buraxılış imtahanından 293,3 bal toplayıb. Ümumi olaraq isə 680-dən yuxarı bal toplayıb, ADA-ya yaxud Bakı Dövlət universitetinin hüquq fakültəsində təhsil almaq istəyir.
Müşahidələrimizə əsasən deyə bilərik ki, yüksək bal toplayan abituriyentlərin bir çoxu hüquqşünas olmaq istəyir.
Onlardan fərqli olaraq Murad Məmmədli qeyd etdi ki, onun balı 557-dir. Hazırkı hədəfi Polis Akademiyasına qəbul olmaqdır.
“Ən çətin hesab etdiyim fənn ədəbiyyat oldu”,- deyə cümləsini yekunlaşdırdı.
Son olaraq otaqdakı nəzarətin, eləcə də şagirdlərin vəziyyətini öyrənmək məqsədi ilə zal nəzarətçisi Vəfa Əliyevadan açıqlama aldıq.
O, bildirdi ki, imtahan prosesində heç bir qayda pozuntusu olmayıb, imtahan şəffaf formada keçirilib, abituriyentlərdən hər hansısa birinin halında problem aşkarlanmayıb”.
Müşahidəçi qismində iştirakımızdan belə qənaətə gəldik ki, imtahan tam şəffaf formada keçirilib, nəzarət güclü olub.