AzEdu.az Təhsil Portalı fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb, sol ayağı topuqdan amputasiya olan Həsənəli Əlizadə ilə müsahibəsini sizlərə təqdim etmişdi.
Həsənəli 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, I cəhd magistraturaya qəbul imtahanına 1 həftə qalmış, minaya düşüb. Onunla müsahibə alanda bildirmişdi ki, o, magistraturaya hazırlaşırmış. Hətta o, Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.
Dünən magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlananda Həsənəlinin də qəbul olduğu xəbərini aldıq və 5 aydan sonra onunla yenidən əlaqə saxladıq.
- Həsənəli, 5 ay əvvəl səninlə əlaqə saxlayanda gələcək hədəflərin barədə tamam ümidsiz danışırdın. Necə oldu ki, ikinci cəhdə hazırlaşmaq qərarı verdin?
- Mən, I cəhd üçün magistraturaya qəbula 1 həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum.
- O vaxt dövlət qulluğuna da hazırlaşdığını bildirirdin. İndi yenidən cəhd edəcəksən?
- Əlbəttə. Həyat davam edir. BB4 sertifikatım var, amma inşallah avqustun 11-a BA növü üzrə yenidən imtahana daxil olacağam. Hazırda bunun üçün çalışıram.
- Əminəm ki, həmin imtahandan da uğur qazanacaqsan. Hazırlaşmağında, oxumağında ən böyük dəstəkçin kim oldu? necə qərara gəldin ki, artıq başlamağın vaxtıdır?
- Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm.
- Cavablar elan olunanda necə hiss edirdin?
- Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim.
- Gələcək hədəflərin sırasında nələr var?
- Hədəflər gəldiyin vəziyyətə və zamana görə dəyişir. Hazırda gələcək üçün ilk hədəfim avqust imtahanında BA1 sertifikatını alıb, MİHO-ların hansısa birinin aparatında işləməkdir.
- Çox gözəl. Həsənəli, sol ayağın topuqdan amputasiya olunmuşdu. Hazırda yerimək üçün hansısa vasitədən istifadə edirsən?
- Protez taxıram, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir, əziyyət çəkirəm. Buna görə də əsadan da istifadə edirəm.