Bu gün ölkənin ümumtəhsil müəssisələrində orta təhsilini başa vuran 102 120 nəfər şagird üçün "Son zəng" çalınıb.
AzEdu.az Təhsil Portalı olaraq bu gün yolumuzu Akademik Zərifə Əliyeva adına liseydən saldıq.
Biz məkətəbə gəlib çatand artıq “Son zəng” üçün hazırlıq tam səviyyədə idi. Məktəb rəhbərliyi, valideynlər yerini tutub əyləşmiş, müəllimlər və məzunlar isə səhnəyə çıxmaq üçün dəqiqəqləri geri sayırdı.
Əslində, məzunların gözlərində sevinc və kədər hissini bir arada görmək o qədər də çətin olmadı. Məzunlardan biri məktəbin giriş qapısına gözünü zilləyib bir neçə dəqiqə baxdı. Bu an sanki bir daha o qapıdan şagird kimi daxil ola bilməyəcəyini, sinif yoldaşlarından ayrılacağını düşünüb, kədərlənirdi. Ondan fərqli olaraq sağında dayanan sinif yoldaşının üzündəki gülüş 11 illik əziyyətin bitdiyinə sevindiyini deməyə əsas verirdi.
Hələ valideynlər... Onların sevincdən axan göz yaşları, xeyir-duaları bütün şagirdləri əhatəsinə almışdı.
Valideynlər içərisində qızının məzun günü münasibəti ilə ailə fotosu çəkdirən Dövlət İqtisad Universitetinin Riyaziyyat müəllimi, dosent Tapdıq Quluzadə bugünkü günlə bağlı təəssüratlarını bizimlə bölüşüb:
“Övladım bu gün 11-ci sinfi bitirir. Buna görə də sevinc hislərimi ifadə etməkdə çətinlik çəkirəm. Qızım, Nurgül Quluzadə məktəb həyatında istədiyi nəticələrə nail olub. O, 2-ci qrupa hazırlaşır. Buraxılış imtahanından 287, qəbul imtahanın 1-ci mərhələsindən isə 363 olmaqla, toplam 650 bal toplayıb. Gələcək hədəfi iqtisadçı olmaqdır. Azərbaycanın yaxşı inkişaf etmiş, dünyagörüşlü iqtisadçılara böyük ehtiyacı var”.
Həmsöhbətimiz bütün məzunlara uğurlar arzulayıb:
“Övladımın timsalında bütün məzunlara öz sahələri üzrə yaxşı mütəxəssis, peşəkar olmağı arzu edirəm. Azərbaycanı hər sahədə təmsil etsinlər. Çünki Azərbaycanın böyük və parlaq gələcəyi var. Azərbaycanın gələcəyi ilə bağlı yüksək səviyyədə işlər görülür. Bütün məzunlara həm valideynlərinə, həm də vətəninə layiqli övlad olmalarını arzulayıram. Fikirləşməsinlər ki, müəyyən qədər bal topladım, ali məktəbə qəbul oldum və mənim işim bitdi. Xeyr, əsl iş bundan sonra başlayır. Onlar müstəqil həyata qədəm qoymaqla ictimaiyyətə atılacaqlar. Düşünürəm ki, gələcəkdə təhsilini davam etdirmək üçün bəzi avropa ölkərinə üz tutsunlar. Çünki təhsil elə bir sahədir ki, bir ölkənin sərhəd daxilində məhdudlaşmır. O, ölkələr aşmalıdır”,- deyə sözlərini tamamladı.
Artıq yavaş-yavaş tədbirin açılışına başlanıldı.
Çıxış üçün söz məktəbin direktoru İsayeva Fərqanəyə verildi. Direktor “Son zəng” münasibəti ilə başda bütün məzunlar olmaqla, müəllimləri və valideynləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Və budur, səhnəyə çıxış üçün məzunlara yer verildi. Onlar ardıcıl olaraq performanslarını tədqim etməyə başladılar. Valideynlərin səhnəyə çıxan övladlarını izləyərkən gözlərindəki işığı, qüruru görməmək mümkün deyildi.
Şənliyin bitməsinə çox az müddət qalmışdı. Lakin buna baxmayaraq nə müəllimlərin, nə də ki, məzunların yorulduğunu demək yalan olardı...
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun qızı Ayan Məmmədli də bu məktəbin məzunlarından biridir.
O, öz hiss və düşüncələrini bizimlə bölüşdü.
“Bu liseyi bitirmək mənə çox böyük fəxr hissi verir. Çünki liseyin çox dəyərli, qayğıkeş müəllim heyəti və atmosferi var. Bu müddət ərzində hər şey üçün üzərimdə əziyyəti olan müəllim və valideynlərimə minnətdarlığımı bildirirəm. Bu gün tələbə adını qazana bilməyim onların mənə olan dəstəyi və inamı sayəsindədir. Hər birinə təşəkkür edirəm.
Ayan Məmmədli 3-cü ixtisas qrupu üzrə hazırlaşdığını qeyd edib:
“Buraxılış imtahanından 223 bal, qəbul imtahanın 1-ci mərhələsindən isə 307 olmaqla 530 bal toplamışam. Hədəfim ADA Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmaqdır. Gələcəkdə yaxşı mütəxəssis, vətənə layiqli övlad olmaq istəyirəm.
Sinif yoldaşlarımın hər birini çox sevirəm. Onlar mənə çox doğmadır və buna görə də onlardan ayrılmağıma kədərlənirəm. Amma bu həyatdır. Hamısına gələcək həyatlarında uğurlar arzulayıram. Hansı peşə üzrə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər birinə yaxşı mütəxəssis olmağı diləyirəm”.
Və nəhayət 11-cilər üçün son dəfə “Son Zəng “çalındı...
Bir az əvvəl gülən uşaqların artıq kədərləndiyinin şahidi olduq. Bəlkə də “Son zəng”in mahiyyətini indi anlamağa başladılar... Bu gündən etibarən hər biri müstəqil həyata qədəm qoyacaq.
Sonda ənənəyə sadiq qalaraq bütün məzunlar ürək sözlərini köynəklərinin üzərinə yazmağa başladılar.
AzEdu.az Təhsil Portalı olaraq bütün məzunlara uğurlar arzulayırıq. Yolunuz açıq, uğurlarınız bol olsun Əziz Məzunlar!