Ötən gün Ağdərə rayonunda 5 məktəbin yaradılması üçün haqqında məlumat verilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.
Maraqlıdır, başqa hansı ərazilərdə məktəblər yenidən bərpa oluna bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlı Ağdərə rayonunda 5 məktəbin fəaliyyətə başlaması ilə bağlı qərarın müsbət olduğunu bildirib:
“İşğaldan azad edilmiş ərazilərimiz dirçəldikcə vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması prosesində zəruri sosial, mədəni, maarif infrastrukturları yaradılıb. Ağdərə rayonunda 5 məktəbin fəaliyyətə başlaması ilə bağlı qərarın verilməsi müsbət haldır.
Bu o deməkdir ki, doğma yurdlarına qayıdan vətəndaşlarımız, məktəblilər təhsilə cəlb olunacaqlar. Həmin məktəblər müasir tiplidir və onlar işğaldan azad edilmiş ərazilərimizə təhsilimizi, elmimizi qaytaracaqlar. İşğaldan azad olunmuş ərazilərə dair Prezident İlham Əliyevin rəhbərliyi altında konkret və aydın planlar var.
Hansı əraziyə vətəndaşlar köçürülübsə, orada məktəblər fəaliyyətə başlayıb. Bu bir daha onu göstərir ki, işlər sistemli və kompleks şəkildə aparılır”, deyə deputat fikrini yekunlaşdırıb.