Hər il yüzlərlə abituriyent müəllimlik ixtisasını seçir. Lakin universiteti bitirənlərin bir çoxu peşəsini müxtəlif səbəblərdən davam etdirə bilmir.
Səbəb olaraq isə biri də universitetlərdə yetəri qədər bu sahə ilə bağlı bilik və bacarıqların ötürülməməsi vurğulanır.
Bəs, görəsən, ali məktəblərdə tələbələrə( müəllim olmaq istəyənlərə) pedogika necə mənimsədilməlidir? Ümumiyyətlə Azərbaycanda müəllimlərin kadr hazırlığı nə yerdədir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan Əməkdar elm xadimi, professor Şahlar Əsgərov qeyd edib ki, hazırki vəziyyətdə Azərbaycan cəmiyyəti pedaqogika elmini başa düşmür:
“Məsələn insanlar təbabət, mühəndislik və s. kimi elimləri başa düşsələr də, pedaqogikanı dərk edə bilmirlər. Azərbaycan Milli Elmlər Akademiyasında fizika, riyaziyyat, tarix, ədəbiyyat, hətta üzümçülük institutları var, amma pedaqogika üzrə bir institut yoxdur”
Həmsöhbətimiz vurğulayıb ki, yaxşı tələbə yetişdirmək üçün pedaqoji sahə üzrə institutlar olmalıdır:
“Müəllimlik ixtisasını seçən tələbələr üçün mütləqdir ki, pedaqogika üzrə institutlar fəaliyyət göstərsin. Bunun mövcud olmaması tələbələrin ali məktəbi bitirib ixtisası üzrə işləyə bilməməsinə səbəb olur. Müəllimlik tarix boyu çox şöhrətli peşələrdən biri olub. Ona görə də ali təhsil müəssisələrində müəllimlik peşəsi ciddi şəkildə tələbələrə ötürülməlidir”.