Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.
AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.
Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr üzrə mütəxəssis Günel Rəhmanova bildirib ki, ali təhsil ocağının 5 şəhid məzunu var:
“Vətən müharibəsi şəhidləri Nicat Şükürlü, Kənan Rüstəmli, Elnur Allahverdizadə, Aprel döyüşlərinin şəhidi Vüqar Süleymanov və 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri şəhidi Cavid Mirzəyevdir”.
Qeyd edilib ki, universitetin kollektivi bütün şəhidlərimiz kimi BSU-nun şəhid məzunlarının xatirəsini həmişə əziz və uca tutur:
"Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və tanıdılması məqsədilə mütəmadi olaraq müvafiq fəaliyyətlər həyata keçirilir. Belə ki şəhid məzunların anım günlərində universitetin rəsmi səhifələrində məlumatlar paylaşılır.Universitet rəhbərliyi və kollektivi tərəfindən xüsusi günlərdə şəhidlərin məzarı ziyarət edilir, ailələri ilə görüşlər keçirilir.
Həmçinin şəhid məzunların şərəfli həyat yolu, yaradıcı fəaliyyətləri ilə bağlı müxtəlif səpkili tədbirlər, sərgilər təşkil edilir. (2022-ci ildə Bakı Slavyan Universitetində şəhid məzun Elnur Allahverdizadənin “street” janrında çəkdiyi müxtəlif maraqlı süjetə malik fotolardan ibarət fotosərgisi keçirilib)".
G.Rəhmanova bildirib ki, BSU-nun hər iki tədris binasında universitet rəhbərliyinin təşəbbüsü ilə yenilənmiş “Şəhid məzunlarımız” guşələrində şəhid məzunalrımızın xatirəsi əbədiləşdirilib:
“Eyni zamanda 2022-ci ildə Bakı Slavyan Universiteti tərəfindən Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu”, həmçinin Kənan Rüstəmlinin xatirəsinə həsr olunmuş sənədli filmlər çəkilib. Növbəti tədris illərində digər şəhid məzunlarımıza həsr olunmuş sənədli filmlərin çəkilməsi nəzərdə tutulub”.