"Sabahın alimləri" XIII respublika müsabiqəsinin finalına qatılan məktəblilərin Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihələr qalib olub.
İnstitutdan AzEdu.az-a bildirilib ki, kimya elmləri doktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin "Fizioloji fəal üzvi birləşmələr" laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda yerinə yetirdikləri layihə müsabiqənin (I yer) qızıl medalına layiq görülüb. Bu şagirdlər ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcəklər.
İnstitutun elmi işçiləri Könül Qəhrəmanova və Aygün Alməmmədovanın elmi rəhbərliyi altında Bakı şəhəri 6 saylı tam orta məktəbin XI sinif şagirdləri Elmira Kazımova və Aysu Mustafazadənin “Neftlə çirklənmiş torpaqların və su hövzələrinin biofitoremediasiya üsulu ilə təmizlənməsi” mövzusu üzrə yerinə yetirdikləri elmi layihə isə ( III yer) bürünc medala layiq görülüb.
Qeyd edək ki, qalib layihələr müsabiqəyə ümumilikdə təqdim olunan 652, final mərhələsinə vəsiqə qazanan 113 layihə içərisindən ekspertlərin qiymətləndirilməsi ilə seçilib.