Ümumi orta təhsil müəssisələrində tədris olunan kitablar 4 ildən bir dəyişir. Ancaq hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarına fərqli suallar salınır.
Maraqlıdır, bu halda kitablar hər il dəyişməli deyilmi?
AzEdu.az-a mövzu ilə bağlı təhsil üzrə mütəxəssis Rafiq İsmayılov açıqlama verib.
R.İsmayılov bildirib ki, şagirdin keçmədiyi əvvəlki, yaxud sonrakı variantdan imtahana sualların əlavə edilməsi mümkün deyil:
“Qəbul imtahanlarına suallar hazırlanarkən şagirdin neçənci sinifdə kitablarının dəyişdirildiyi məsələsi də əsas götürülür. Tutaq ki, şagird 9 yaxud 11-ci sinifdə oxuyur, o zaman onun 5 və ya 6-cı sinifdə istifadə etdiyi dərslik variantına uyğun imtahan sualları salınır.
Məlumdur ki, dərsliklər şagirdlərə pulsuz paylanılır. Artıq 2-3-cü ildə xarab olmuş, itirilmiş kitabların yerini doldurmaq üçün müəyyən tirajla yenidən kitablar çap olunur və məktəblərə paylanılır. Ancaq 4 ildən bir əsaslı təkmilləşdirilmə aparılır. Bu təkmilləşdirilmənin 2-ci yaxud 3-cü ildə aparılmamasının da səbəbi var. Ola bilsin ki, bir sinifdə kimdəsə əvvəlki dərslik olar, bəzilərində isə təkmilləşdirilmiş. Bu zaman şagirdlərin oxuduqları məlumatlar arasında fərqlər yarana bilər. 4 ildən bir şagird kontingentinin sayı qədər yeni kitablar nəşr olunur. Nəşr zamanı aparılan əsaslı dəyişikliklər də məhz qanuna uyğun həyata keçirilir. Təhsil inkişaf edir, 4 il ərzində hansısa müəllimlər bu kitablarda qüsurlar aşkarlayır və s. Daha sonra bu məqamlar nəşriyyata yaxud nazirliyə bildirilir. Məsələlər yenidən müzakirə olunur və bütün dəyişikliklər dərslikdə öz əksini tapır”.