Azedu.az

“Ali məktəblərdə verilən praktiki biliklər tələbələri qane etmir”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

5 Aprel 2024, 09:00
“Ali məktəblərdə verilən praktiki biliklər tələbələri qane etmir”

4-5 illik təhsilin yekununda məzunlar iş üçün bazara atılır. Ancaq bir çoxları bazarın tələblərinə cavab verə bilmədiyindən ya təcrübə üçün dağa-daşa düşür, ya da kənarda qalır.

 

Bəs, görəsən, universitetlər təcrübə cəhətdən öhtəliyini nə qədər ödəyir?

 

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, işəgötürənlərin narazılığı gənc kadrların kifayət qədər təcrübəvi biliklərə malik olmamasıdır:

 

“Hər il minlərlə tələbə Azərbaycan universitetlərindən məzun olur. Çox təbii haldır ki, məzun olanlar iş həyatına başlamaq üçün hər biri öz sahəsi üzrə müəyyən vakansiyalara müraciət edir. Statistika göstərir ki, hər il universiteti bitirənlərin 40 faizə yaxını öz ixtisası üzrə sahələrdə işləmirlər. Buna əsas səbəb universiteti bitirənlərin öz ixtisası üzrə bilik və bacarıqlarının kifayət qədər olmamasıdır. İstər dövlət qurumlarında, istərsə də özəl sektorlarda işəgötürənlər daha çox potensiallı, işinin əhli olan kadrlarla üstünlük verir. Amma çox təəssüf ki, bir çox işəgötürənin narazılığı gənc kadrların kifayət qədər təcrübəvi biliklərə malik olmamasıdır. Universitetlərdə daha çox nəzəri biliklərin mənimsənilməsi, praktiki biliklərə münasibətin zəif olması tələbələrin gələcəkdə iş həyatına atılmasına mənfi təsir göstərir. Ona görə də, universitetləri bitirənlərin əksəriyyəti təcrübəvi biliklərdən xəbərsiz qalır, yaxud da, tam mənimsəmir. Bu da bir çox gənclərin əmək bazarına olan münasibətini xeyli zədələdir. Bu əskikliyi aradan qaldırmaq üçün gənclər məcburiyyət qarşısında qalaraq təcrübəvi biliklərini inkişaf etdirmək üçün hazırlıq kurslarına və yaxud da, özəl sektorlara müraciət edirlər”.

 

R.Nurəliyev qeyd edib ki, xaricdə təhsil alanlar təcrübi biliklərin aşılanmasını ölkə universitetləri ilə müqayisə olunmayacaq dərəcədə fərqli olduğunu ifadə edirlər:

 

“Düşünürəm ki, bu gün bizim universitetlərdə praktiki biliklərin kifayət qədər mənimsənilməməsi gənclərin xarici universitetlərə üz tutmasına da müəyyən qədər səbəb olur. Əgər bizim universitetlərimiz kadr hazırlığı istiqamətində müəyyən addımlar atarsa, tələbələrin nəzəri bilikləri ilə yanaşı praktiki biliklərinin mənimsənilməsinə öz töhfəsini verərsə, bu bizim gənclərin rahat işlə təmin olunmasında xüsusi rol oynayacaqdır. Həmçinin də, bizim ali təhsil qurumları kadr hazırlığında kifayət qədər tələbəyə dəstək olarsa, bu gələcəkdə gənclərimizin əmək bazarında rahatlıqla müəyyən bir mövqe tutmasına gətirib çıxaracaqdır. Amma hal acınacaqlı olunca bu əmək bazarına, o cümlədən iş imkanlarına da ciddi təsir göstərir. Buna görə də universiteti yeni bitirən gənclər ixtisasları üzrə iş tapa bilmədikləri üçün günahı dövlət qurumlarında, işəgötürənlərdə, dövlət qulluğu komissiyasında və imtahan keçirən qurumlarda görürlər.

 

Ümumiyyətlə cəmiyyətdə belə bir fikir formalaşıb ki, vətəndaş universiteti bitirdikdən sonra dövlət onu işlə təmin etməlidir. Qəbul etməliyik ki, bu gün biz kapitalizm cəmiyyətində yaşayırıq. Kimsə gözləməsin ki, universiteti bitirdikdən sonra ona yüksək vəzifə ilə iş təklifi olunacaq. Kapitalizm cəmiyyətində bacarıqlı, ixtisasının bilicisi olanlar özü rahatlıqla işlə təmin olunur və yaxud öz işini qurur. Bu inkişaf etmiş ölkələrdə də belədir. Gəlin etiraf edək ki, ölkəmizdə dövlət və özəl sektorda iş yerləri və iş imkanları az deyil. Öz bilik və bacarığı yüksək səviyyədə olan kadrlar iş tapmaqda çətinlik cəkmirlər. Dövlət hər il dövlət qurumlarında dövlət qulluğu imtahanına uyğun vakansiyalar verir. Dövlət qulluğu imtahanında müvəffəq olanlar təmənnasız işlə təmin olunur. Eləcə də, Xüsusi Təyinatlı Akademiyaların məzunlarının təyinatlı əmək fəaliyyətinə başlaması, o cümlədən, Dövlət proqramları ilə xaricdə təhsil alan tələbələrlə bağlanılan müqaviləyə əsasən təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq işlə təmin olunmasını misal göstərmək olar. Həmçinin bir neçə nazirliklər də xüsusi imtahanlar keçirərək potensiallı kadrların işlə təmin olunması üçün müvafiq addımlar atır”

 

“Tələbə özü ixtisasına uyğun təcrübə yeri tapırsa, universitetlər buna şərait qurmalı və yaxşı yerlərdə təcrübə keçmələrinə köməklik göstərməlidir”-deyə müsahibimiz vurğulayıb:

 

“Hamımız bilirik ki, gənclərə bu bilik və bacarığı ali təhsil ocaqları verməlidir. Buna görə də, bizim ali təhsil ocaqlarında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklər yüksək səviyyədə olmalıdır. Şübhəsiz, universitetin son kurs tələbələri ixtisasına uyğun qurumlarda təcrübə keçirlər, amma bunun səviyyəsi bir çox universitetdə formal xarakter daşıyır. Düşünürəm ki, hər bir ixtisas üzrə universitetlər ən yaxşı təcrübə yerlərini müəyyən etməlidir. Təcrübə keçilən yerlər lazımi tələblərə cavab verməlidir. Həmçinin tələbələrə ciddi nəzarət olunmalıdır. Tələbələr hüquq ixtisası üzrə ən yüksək məhkəmələrdə, tibb ixtisası üzrə ən yaxşı klinikalarda, jurnalistika ixtisası məzunları ən yaxşı media mərkəzlərində, iqtisadiyyat yönümlü ixtisaslar İqtisadiyyat Nazirliyində, inkişafda olan şirkət və banklarda, mühəndislik ixtisasları istehsalat mərkəzlərində, zavod və fabriklərdə, informasiya sahəsi üzrə dövlət və özəl sektorda, pedoqoji ixtisaslar isə nəticələri yüksək olan məktəb, lisey və gimnaziyalarda təcrübə keçməlidir.

 

Tələbə özü ixtisasına uyğun təcrübə yeri tapırsa, universitetlər buna şərait qurmalı və yaxşı yerlərdə təcrübə keçmələrinə köməklik göstərməlidir. Əlbəttə bu mövzuda universitet ilə yanaşı tələbənin də istək və marağı əsasdır. Tələbə də, bu istiqamətdə gələcəyinin həll olunmasını düşünərək praktikalara ciddi yanaşmalı, mükəmməl təcrübəvi biliklərə sahib olmalıdır. Çox təəssüflər olsun ki, bizim tələbələrin bir qismi təcrübə proqramlarına ciddi yanaşmırlar. Müxtəlif yollar və bəhanələrlə təcrübə proqramlarından yayınmağa çalışırlar. Bütün bunları nəzərə alaraq təcrübə şəraiti həm universitetlərdə, həm təcrübə yerlərində məsuliyyətlə aparılmalı, tələbələr də bu proqrama aktiv yanaşmalıdır. Bu məsuliyyət müvafiq nazirliklərə, dövlət və özəl sektora maraqlı olmalıdır ki, gələn tələbələrə lazimi biliklərin öyrədilməsini təmin etsin. Buna görə də, istər əmək bazarında, istərsə də iş həyatında gənclərimizin müvəffəqiyyət əldə etməsi üçün təcrübə yerlərinin subyektləri, universitet rəhbərliyi və tələbə birgə səy göstərməlidir”.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox