Bir neçə gün öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun feysbuk hesabında “Auditoriyanı corabla gəzən müəllim” başlıqlı paylaşımına Milli Məclisin deputatı Etibar Əliyev öz şəxsi feysbuk səhifəsində maraqlı münasibət bildirib.
AzEdu.az Təhsil Portalı olaraq həmin yazını təqdim edirik.
Deputat qeyd edib ki, semestr imtahanlarında nəzarətçilər, müəllimlər tələbələrlə həssas davranmalıdır: “Hal-hazırda ali təhsil müəssisələrində semestr imtahanlarının gedişinin ən qızğın çağıdır. Bu, danılmaz həqiqətdir ki, tələbələr imtahan zamanı həmişə çox gərgin, həyəcanlı olurlar. Tələbə olan hər kəs bu təbii halı yaşayıb. Bu səbəbdən nəzarətçilər, müəllimlər tələbələrin imtahan anlarındakı gərgin və həyəcanlı durumunu başa düşməli, olduqca həssas davranmalıdırlar”.
E.Əliyev universitetdə qarşılaşdığı müsbət hadisədən bəhs edib: “Bir neçə il Bakı Ali Neft Məktəbində MBA proqramında Nikola müəllim (NiccoloHeilpern) dərs deyirdi. O, eyni zamanda məşhur MaireTecnimont (İtaliya) şirkətinin Bakı üzrə rəhbəri idi. Nikola müəllim bizdə bir neçə il dərs apardı. Çox intizamlı və bilikli, həm də həlimxasiyyət, mehriban müəllim idi. Axşam saat 19.00-da dərs başlasa da, heç zaman dərsə gecikməzdi, tələbələrdən əvvəl gələr və sinfi hazırlayar, tələbələrini isə gülər üzlə qarşılayardı.Böyük vəzifəsi olsa da, hədsiz sadəliyi ilə tələbələrin sevimlisinə çevrilmişdi.
Bir gün baş vermiş bir hadisə təkcə tələbələri yox, elə məni də heyrətləndirmişdi.Tələbələrimizdən biri mənə Nikola müəllimin imtahandan əvvəl arxa partaya keçərək, heç kimin diqqətini cəlb etmədən ayaqqabılarını səliqəli şəkildə çıxardığını və corabının üstünə özüylə əvvəlcədən gətirdiyi başqa bir corab geyinərək, nəzarət işini həyata keçirdiyini bildirdi...Bəli, məhz imtahan zamanı tələbələrin diqqətini ayaq səsləriylə yayındırmamaq üçün Nikola müəllim belə etmişdi!
Yadıma böyük türkoloq alim rəhmətlik Aydın Məmmədovun bir maraqlı söhbəti düşdü: “ Vidadi Məmmədovgilə getmişdik. Qızmar avqust günündə Vidadinin həyat yoldaşı qalın isti corab geyinmişdi. Doslarımızdan biri yarızarafatla bunun səbəbini soruşdu: “Vidadi işləyəndə polun cırıltısı ona mane olur. Onun fikrini yayındırmaq istəmirəm.”,- dedi. Vidadi müəllimin xanımı polun cırıtısının səsinin azaldılması üçün bu hərəkəti edibmiş." Yazıçı, film redaktoru, “Ulduz” jurnalının şöbə müdiri Rəhmətlik Vidadi Məmmədovu çox istedadlı və dəyərli dost kimi xatırlayırlar. Biz onu görə bilmədik...Təəsüflər olsun ki, cavan yaşında avtomobil qəzasından dünyasını dəyişdi”.