Ötən gün Emin Əmrullayev İTV-yə müsahibəsində "Sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur", -deyə qeyd edib. Lakin bunun əksini düşünənlər də var . Belə ki, sinifdə şagird çoxluğu həm şagirdlərin tarazlığına yəni dərslərdə hər birinin aktivliyinə mane, həm də artıq səs-küyə səbəb olur.
Maraqlıdır, sinifdə şagird çoxluğu tədrisin təşkilinə nə dərəcədə təsir göstərir?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elnur Hacıyev bildirib ki, nazirin fikrini diqqətlə dinləyib, doğru anlamaq lazımdır:
“Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində belə bir fikir səsləndirib: “Hazırlıqlı müəllim 40 uşaqla daha uğurlu nəticə göstərir, nəinki hazırlığı olmayan müəllim 6 uşaqla”. Bu fikirdə hər hansı bir paradoks olduğunu düşünmürəm. Çünki peşəkarlığı yüksək səviyyədə olan müəllim nəinki 40 uşaqla, zərurət yarananda 100-dən artıq şagirdlə də uğurlu təlim nəticələrinə çata bilməyi bacarmalıdır”.
Ekspert qeyd edib ki, nazirin fikri yanlış deyil:
“22 illik pedaqoji təcrübəmdə bir neçə dəfə şagird sayı 100-dən çox olan müxtəlif auditoriyada fəal təlim mühiti quran, uğurlu təlim nəticələrinə çatan siniflərdə iştirak fürsətim olub. Ona görə də nazirin fikrini yanlış hesab etmirəm. Çünki burada yanlış fikrin təhrif olunub, ictimailəşdirilməsidir”.